Gündəm
21:04, 28 mart 2021
59
0

DTX-nın Gəncə şəhər idarəsinin yeni inzibati binasının açılışı olub

DTX-nın Gəncə şəhər idarəsinin yeni inzibati binasının açılışı olub Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının yaranmasının 102 illiyi və peşə bayramı ərəfəsində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Gəncə şəhər idarəsinin (Şİ) yeni inzibati binasının təntənəli açılışı olub.

Xidmətdən bildirilib ki, tədbirdə DTX-nın rəisi general-polkovnik Əli Nağıyev, Xidmətin kollegiya üzvləri, İdarənin şəxsi heyəti və Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, şəhərin hüquq mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin Gəncə şəhərinin baş meydanında ucaldılmış abidəsinin önünə gül dəstələri düzüb, əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Sonra Gəncə Şİ-nin müasir üslubda və tələblərə uyğun inşa edilmiş yeni inzibati və yaşayış binalarından, eləcə də təsərrüfat təyinatlı tikililərdən ibarət kompleksin açılış mərasimi keçirilib. Tədbir iştirakçıları inzibati binanın foyesində müstəqil Azərbaycanın qurucusu və memarı ulu öndər Heydər Əliyevin unudulmaz xatirəsinə ehtiramlarını bildirərək abidəsi önünə gül dəstələri qoyublar. Həmçinin Xidmət rəisi və digər iştirakçılar Ümummilli Liderin və Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dövlətçilik fəaliyyətini və Azərbaycan təhlükəsizlik orqanlarının tarixini əks etdirən fotostendlərlə, inzibati binanın otaqları, əməliyyatçıların iş şəraiti ilə tanış olublar.

DTX-nin kollegiya üzvlərinin, Gəncə Şİ-nin və digər ərazi orqanlarının rəhbərlərinin iştirakı ilə keçirilmiş xidməti müşavirədə çıxış edən Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev bildirib ki, ulu öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə müstəqil Azərbaycan bütün sahələrdə durmadan inkişaf edir və günbəgün daha da qüdrətlənir. Bunun parlaq nümunəsi kimi 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın qətiyyətli sərkərdəliyi ilə xalqın və dövlətin sarsılmaz birliyi nəticəsində rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı düşmən işğalından azad edib, Azərbaycanın çoxəsrlik tarixinin və hərbi uğurlarının yeni şanlı və şərəfli səhifələrini yazıb.

Dövlətimizin başçısı tərəfindən xüsusi xidmət orqanlarının inkişafına daim diqqət göstərildiyini vurğulayan general-polkovnik Əli Nağıyev DTX Gəncə Şİ-nin yeni inzibati binasının istifadəyə verilməsinin də məhz bu qayğının növbəti bariz göstəricisi olduğunu qeyd edib. Xidmət rəisi Gəncə Şİ-nin əməkdaşlarının əməliyyat-xidməti fəaliyyətlərini daha səmərəli və peşəkar təşkil etmələri üçün yaradılan yüksək şəraitə, eləcə də müasir maddi-texniki təminata və təchizata görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını bildirib.

Xidməti müşavirədə DTX Gəncə Şİ-nin və ətraf rayon şöbələrinin şəxsi heyəti qarşısında konkret vəzifələr qoyulub, tələb və tövsiyələr çatdırılıb. Sonra xidmətdə fərqlənən əməkdaşların mükafatlandırılması barədə Dövlət Təhlükəsizliyi Xidməti rəisinin əmri elan olunub və həmin hərbi qulluqçulara təltiflər təqdim edilib.

Sonda general-polkovnik Əli Nağıyev Gəncə Şİ-nin əməkdaşlarını bir daha təbrik edərək onlara xidməti fəaliyyətlərində uğurlar arzulayıb.

DTX-nın Gəncə şəhər idarəsinin yeni inzibati binasının açılışı olub
DTX-nın Gəncə şəhər idarəsinin yeni inzibati binasının açılışı olub
Digər xəbərlər: