Cəmiyyət
DİN əməliyyat keçirdi - Saxlanılanlar var
Baş Narkotiklərlə Mübarizə İdarəsi narkotik alverçilərinə qarşı növbəti əməliyyatlar keçirib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Day.Az-a verilən məlumata görə, idarənin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş K.Kazımov Qaradağ rayonu ərazisində saxlanılıb. Şəxsi axtarış zamanı ondan metamfetamin və heroin aşkar edilib.
Davam etdirilən tədbirlərlə onun idarə etdiyi "Mercedes" markalı avtomobilə baxış zamanı oradan 1 kiloqram 529 qrama yaxın heroin və 241 qramdan artıq metamfetamin götürülüb.
İdarə əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri digər əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş E.Hüseynov Suraxanı rayonu ərazisində saxlanılıb. Şəxsi axtarış zamanı ondan 1 kiloqramdan artıq heroin, 495 qram metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.
İdarə əməkdaşlarının daha bir əməliyyatı nəticəsində isə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakinləri O.İsabəyliyev və əvvəllər məhkum olunmuş V.Əliyev Sabunçu rayonu ərazisində saxlanılıb. Şəxsi axtarış zamanı onlardan ümumilikdə 5 kiloqram 510 qram heroin aşkar edilərək götürülüb.