Dünya
“Rusiya agentura şəbəkəsinin nümayəndəsi...” – "5-ci kalon"u cəsarətləndirən nədir?
"Bu adamın ictimai fikirə hər hansı bir təsiri yoxdur”.
Bu sözləri Sfera.az-a açıqlamasında "İctimai” televiziyada efirə getmiş "Qırmızı Xətt” verilişində Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədovun Qarabağın azad edilməsində Rusiyanın müstəsna rolunun olduğunu iddia etməsinə münasibət bildirərkən politoloq Nəsimi Məmmədli deyib:
"Belə bir adamların fikirlərini ictimai müzakirəyə çıxarmaqla onların cəmiyyətdə yaşamasına imkan verməyək. Abutalıb Səmədovu 30 il bundan öncədən pafoslu danışan şəxs kimi tanıyıram. Ümumiyyətlə, son dövrlər Azərbaycanda rusiyapərəst qüvvələrin fəallaşdığı hiss olunur. Bu da təbiidir. Azərbaycanın ictimai-siyasi sektorunda Rusiyaya bağlı çoxsaylı qüvvələr var.
Bu baxımdan əlbəttə ki, Rusiyanın Azərbaycan ictimai-siyasi mühitinə təsirləri mövcuddur. Təəssüf ki, son dövrlər bu meyllər bir qədər də artıb. Xüsusən də bu, Rusiyanın Qarabağda sülhyaratma missiyasında iştirakı ilə bağlıdır”.
Həmsöhbətimizə görə, şimala bağlı qüvvələrdə gözlənti yaranıb ki, Rusiya getdikcə Azərbaycanda möhkəmlənir və gələcəkdə onun siyasi mühitə təsirləri də artacaq:
"Bu baxımdan Rusiyaya özünü daha yaxın göstərən şəxslər daha aktiv olmaqla, pafoslu danışıqlarla gündəmə düşməyə cəhd edirlər. Məqsəd bu yolla gələcəkdə siyasi dividentlər əldə etməyə hesablanıb. Amma Rusiyanın bölgəmizdə mövcudluğunun xalqımıza hər hansı bir divident gətirəcəyini zənn etmirəm”.
"Moskvanı Azərbaycanın xilaskarı adlandıran şəxslərin Rusiya agentura səbəkəsinin nümayəndəsi olmasına ciddi şübhələr yaranır”.
Bunu isə açıqlamasında Müsavat Partiyasının başqanı Arif Hacılı söyləyib:
"Bu gün Azərbaycan üçün problemlər yaradan əsas ölkə Rusiyadır. Rusiya olmasaydı, ümumiyyətlə Qarabağ problemi yaranmaz, Ermənistan Azərbaycan ərazilərini işğal edə bilməzdi. Buna Ermənistanın nə cəsarəti, nə iqtisadi, hərbi potensialı çatmazdı.
Moskva müdaxilə etməsəydi, Ermənistana hədiyyə olaraq külli miqdarda silah, siyasi dəstək verməsəydi, Qarabağ müharibəsi 44 gün çəkməzdi, Azərbaycan əraziləri tam olaraq bir neçə həftəyə işğalçılardan azad edilərdi. Təkcə Azərbaycanda deyil, bütün postsovet məkanında baş verən konfliktlərin yaradıcısı, baiskarı və onların həll olunmasına imkan verməyən ölkə məhz Rusiyadır. Bu baxımdan Azərbaycanda Rusiyanı təbliğ edən ayrı-ayrı şəxslərin olması təəccüblüdür”.
A. Hacılı bildirdi ki, yalnız "5-ci kolon” nümayəndəsi, Rusiyanın xüsusi xidmət orqanlarının buradakı əməkdaşları Moskvanı təbliğ edə bilərlər:
"Dinc əhalimizin qətlə yetirilməsinə baiskar olan Qarabağdakı separatçı rejim məhz Rusiyanın himayəsi, dəstəyi altında hələ də Azərbaycan ərazisində hökmranlığını davam etdirir. Belə vəziyyətdə Moskvanı Azərbaycanın xilaskarı adlandıran kəslərin Rusiya agentura səbəkəsinin nümayəndəsi olmasına ciddi şübhələr yaranır”.