Cəmiyyət
20:53, 16 dekabr 2020
58
0

“Azərbaycanlılardan biri yaxınlaşdı, dedi sizi öldürmürük, amma 2 variantınız var...” - Erməni yaraqlısı

“Azərbaycanlılardan biri yaxınlaşdı, dedi sizi öldürmürük, amma 2 variantınız var...” - Erməni yaraqlısı
Xocavəndin Köhnə Tağlar və Çaylaqqala (əvvəllər ləğv edilmiş Hadrut inzibati rayonunun tərkibində olub) kəndlərinə, azad olunmuş Azərbaycan ərazilərinin dərinliklərinə sızaraq orada döyüş mövqeləri quran, ardınca terror hücumları həyata keçirən erməni silahlı qruplarının ləğv edilməsinin yeni təfərrüatları məlum olub.

Bu haqda Azərbaycan ordusunun həyata keçirdiyi təmizləmə əməliyyatı zamanı mühasirəyə düşən və daha sonra hərbçilərimizin humanistliyi sayəsində xilas olan erməni yaraqlılarından biri danışıb.

Bundan əvvəl erməni mənbələri Çaylaqqala və Köhnə Tağlar ətrafından 30-a yaxın erməni yaraqlısının "azərbaycanlı hərbçilərlə aparılan danışıqlar nəticəsində” mühasirədən çıxdığını bildirirdi. Həmin erməni əsgərlərindən birinin qardaşı "Sputnik Armenia” agentliyinə bildirib ki, qruplaşma təxminən noyabrın 26-da bu kəndlərə sızdırılmışdı.

(Diqqət yetirin-hərbi əməliyyatların dayandırılmasından 16 gün sonra erməni tərəfi Moskva razılaşmasının şərtlərini kobud şəkildə pozaraq azad edilmiş Azərbaycan ərazilərinin dərinliklərinə Rusiya sülhməramlılarının nəzarəti altında olan Laçın dəhlizi istiqamətindən yüzlərlə silahlıdan ibarət qrup sızdırıb!,-red.)

"Təxminən 20 gün əvvəl könüllülərdən ibarət qrupu (onların əksəriyyəti Ermənistanın Şirak bölgəsindəndir,-red.) apardılar və Qarabağın Hadrut rayonundakı "xin tager” (Köhnə Tağlar) və "htsaberd” (Çaylaqqala) kəndləri ətrafındakı postlarda yerləşdirdilər. Sırağagün Azərbaycan Silahlı Qüvvələri hücum edib və könüllülərdən biri qrupu mühasirəyə düşüb”,-o deyib.

Erməni yaraqlısının qardaşı bildirib ki, həmin döyüşdə onlardan bir neçə nəfər yaralanıb, bəzilərinin taleyi məlum deyil. Onun sözlərinə görə, dəstəni tam məhv olmaqdan həmin gün hökm sürən pis hava şəraiti-qatı duman xilas edib. Duman seyrələndə məlum olub ki, Azərbaycan əsgərlərinin çoxsaylı qruplaşması artıq kəndi nəzarət altına alıb.

"Onlardan biri bizimkilərə yaxınlaşdı, dedi ki, sayınız az olduğu üçün sizi öldürmək istəmirik. O təklif etdi ki, ya döyüşü davam etdirək, ya da erməni hərbi qulluqçularını Rusiya sülhməramlılarına təhvil veririk”,-mühasirədən xilas olan yaraqlının qardaşı bildirib.

Erməni yaraqlıları ikinci variantı seçiblər və Azərbaycan hərbçiləri onları tərksilah edərək Rusiya sülhməramlılarına təhvil veriblər. Mənbə deyib ki, sosial şəbəkələrdə bir qrup erməni əsgərinin sıraya düzülərək azərbaycanlılar tərəfindən harasa aparıldığına dair videolar düzgün yozulmur. Həmin videoda onların dəstəsi əks olunub: "Azərbaycanlılar onları əslində Rusiya sülhməramlılarına təhvil verməyə aparır”.

Qalan erməni əsgərlərinin taleyinə gəldikdə isə həmin şəxs deyib ki, onlar çox güman döyüşdə öldürülüblər və əsir götürülməyiblər.

Şirak vilayətindən olan və mühasirədən çıxan yaraqlılardan biri isə deyib ki, komandirləri Arsen Kazaryanın azərbaycanlılarla apardıqları danışıqlar sayəsində xilas olublar. "Kazaryan orada qaldı ki, dəstənin qalan üzvlərini-təxminən 60 nəfəri də azad etsin. Biz evə qayıda bildik”,-o deyib. Həmin erməni yaraqlısının versiyasına görə, Azərbaycan ordusu onlara Çaylaqqala və Köhnə Tağlardan çəkilmək üçün dekabrın 14-ü saat 05.00-a qədər vaxt vermişdi. Həmin vaxt tamam olanda döyüş başlayıb, Azərbaycan xüsusi təyinatlıları kəndləri nəzarətə götürüb.

Xankəndindəki qondarma erməni rejiminin başçısı Araik Arutyunyan isə az əvvəl açıqlayıb ki, Çaylaqqala kəndi ətrafında onlarla erməni hərbçisi "əsir götürülüb” və onların taleyi ilə bağlı danışıqlar gedir.

Virtualaz.org
Digər xəbərlər: