İqtisadiyyat
Müharibədən sonra Azərbaycan öz imkanları hesabına azad edilmiş ərazisini inkişaf etdirə biləcək - İqtisadçı
Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycan höküməti post-müharibə dövründə özünün maliyyə imkanları hesabına erməni işğalından azad edilmiş regionun yenidən canlanmasına və inkişafına nail ola biləcək.
Bunu Trend-ə iqtisadçı ekspert Eldəniz Əmirov deyib.
Onun sözlərinə görə, post-müharibə dövründə Azərbaycan höküməti tərəfindən müəyyən abadlıq-quruculuq işlərinin həyata keçirilməsi ilə yanaşı, xüsusi dövlət meqaproqramı hazırlanmalıdır. Bu meqaproqram infrastruktur, kənd təsərrüfatı, dağ-mədən sənayesi, kommunikasiya və s. kimi bir çox istiqamətləri və sahələri özündə birləşdirən ayrı-ayrı dövlət proqramlarının vəhdətindən ibarət olmalıdır.
Bunu proqramlar paketi də adlandırmağı mümkün sayan ekspert bildirib ki, məhz bu paket hazırlandıqdan sonra sözügedən regionun sosial-iqtisadi inkişafının təmin edilməsi üçün icra edilməli olan işlərin təsnifatı və istiqaməti müəyyənləşdiriləcək. Yalnız bundan sonra qarşıya qoyulmuş məqsədə çatmaq üçün multilayihələrin və adi layihələrin konsepsiyası işlənib hazırlanmalıdır.
İqtisadçı qeyd edib ki, konsepsiya hazır olduqdan sonra hədəflərə nail olmaq üçün mövcud maliyyə durumu analiz edilməli və alternativ maliyyə mənbələri araşdırılmalıdır:
"Məlumat üçün qeyd edim ki, Azərbaycanın valyuta ehtiyatları 51 milyard dolları keçib. Ermənistan üçün eyni göstərici isə çox gülünc səslənir – cəmi 1,5 milyard dollar. Biz bu məsələdə düşmən ölkəni düz 34 dəfə üstələyirik. Bu, o deməkdir ki, Azərbaycan höküməti öz imkanları hesabına postmüharibə dövründə bu regionun yenidən canlanmasına və inkişafına nail ola bilər. Lakin düşünürəm ki, hökümət bu məsələdə alternativ variantlara daha çox diqqət yetirməlidir".
E.Əmirov hesab edir ki, bu alternativlər arasında birbaşa xarici investisiyaların cəlbinə xüsusi yer ayrılmalıdır. Belə olacağı təqdirdə həm dövlət öz maliyyə resurslarına qənaət etmiş olar, həm də bu həssəs regionda stabilliyin qorunmasında maraqlı tərəflərin sayını artırmış olar:
"Belə ki, Qarabağ regionuna cəlb edilmiş birbaşa xarici investisiya iqtisadi dəyər yaratmaqdan başqa, həm də orada hərbi və siyasi stabilliyin davamlı olmasının bir növ qarantı rolunu oynayacaq. Bu zaman birbaşa xarici investisiyaların müxtəlif mənbəli olmasına çalışmaq lazımdır. Çünki investisiya yatırılmış ərazilərdə stabilliyin davamlı olmasına təkcə investorlar özləri deyil, eyni zamanda onların rezidenti olduğu ölkələr də maraqlı olurlar".
Daha çox xəbər:
Azərbaycanın zəfəri erməni faşistləri üzərində Qələbə Günü olacaq - Tarixçi
Generalın ölümü: böyük müharibə ola bilər - GƏLİŞMƏ
Prezidentin köməkçisi: "Təhsil sahəsində, xüsusilə peşə təhsili sahəsində islahatlar davam etdirilməlidir"
“Əgər evdə bu qədər nağd pul gizlədilibsə...” - ekspert danışır
Bu şəxslərin təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək