Siyasət
10:55, 05 oktyabr 2020
80
0

Prezident İlham Əliyevin yazdığı yeni tarix! - TƏHLİL

Prezident İlham Əliyevin yazdığı yeni tarix! - TƏHLİL
Deyirdilər, inanmırdım ki, sevincdən adamın ürəyi dayana bilər. İndi inanıram! Cəbhədən hər an gələn informasiya mühitinin tam ortasındayam. Bir anda elə xəbər gəlir, yerindən dik qalxırsan! Zəfərin, işğaldan azad olan ərazinin ünvanını bilirsən, amma hələlik yazmaq, yaymaq olmaz, rəsmi açıqlamanı gözləmək mütləqdir, dövlətçilik şüurunun, qanunun və hərbi vəziyyətin tələbidir.

İnformasiya rəsmi açıqlanana qədər sevinci ancaq özün özünlə bölüşürsən və hiss edirsən ki, ürəyin gerçəkdən az qalır partlasın...

İki dəqiqədən bir Prezident, Ali Baş Komandan İlham Əliyevin tvitter səhifəsinə baxırsan və budur, oxuyursan ki, Cəbrayıl şəhəri azad edilib! Qanad açıb Qarabağa uçmaq istəyirsən! Uşaq söhbətinə oxşamasın, amma gerçəkdən düşünürsən, İlahi, kaş bir anlıq quş olaydım, uçaydım gedəydim bu dəqiqə baxaydım, ayaq basaydım, daşını, qayasını öpəydim qeyrətli oğullarımızın, şanlı Ordumuzun xilas etdiyi, barıt qoxulu doğma torpaqlarımıza...

Bu düşüncələrdən votsapa gələn növbəti xoş xəbər – Cəbrayılın azad edilməsindən dərhal ermənilərin panika içərisində Xankəndini, Şuşanı, Laçını, Kəlbəcəri tərk edib Ermənistana qaçmaSI, qondarma rejimin rəhbərlərinin ailələrini, qohumlarını Dağlıq Qarabağdan çıxarmağa başlaması haqda informasiyalar ayırır...

Bir az keçir, Füzuli ilə bağlı yeni şad xəbərlər gəlməyə başlayır...

Torpaqlarımızın işğaldan təmizlənməyə başlamasından sonra hər kəs bu hissi yaşayır: Ərazilərini işğaldan azad edən, Böyük Vətən Müharibəsində qalib gələn Azərbaycanın vətəndaşı olmaq necə qürurvericidir! Özünü necə xoşbəxt hiss edirsən, bunu sözlə təbii ki, ifadə etmək mümkün deyil.

Fikir verin, bütün adamlar mühafizəçi formasında gəzir küçədə, ofislərdə, marketlərdə. Çünki artıq məğlub yox, qalib xalqın təmsilçisidir!

Bu xoşbəxtliyi, bu gözəl günləri, QALİB AZƏRBAYCANLI qürurunu bizə qismət edən Allah, sənə şükürlər olsun!

ŞƏHİDLƏRİMİZ, RUHUNUZ QARŞISINDA BAŞ ƏYİRİK!

Bu zəfərin birbaşa icraçısı, təminatçısı olan Şanlı Azərbaycan Ordusu, Müzəffər Azərbaycan Əsgəri, qarşında baş əyirik, alnından, erməniyə güllə atan əllərindən öpürük!

Bu Qələbəyə bizi aparıb çatdıran Ali Baş Komandan İlham Əliyev, Sizə sonsuz, bir ömür boyu minnətdarıq. Azərbaycan üçün tam yeni bir tarix yazırsınız Siz! Adınız Azərbaycan tarixinə qızıl hərflərlə yazılır!

Bunu əlbəttə, çox ciddi təhlil etmək gərəkir, ancaq indi döyüş gedir, dərin analizlər sonraya qalsın. Qısaca onu deyək ki, Azərbaycan dövlətinin tarixi boyunca həm diplomatik sahədə, həm siyasi arenalarda, həm də cəbhədə eyni zamanda, paralel şəkildə tam uğuru – bütün mənalarda və bütün parametrlər üzrə ilk Böyük Qələbəsidir. Bu qələbənin müəllifi İlham Əliyevdir, icraçısı şanlı Azərbaycan Ordusu, dəstəkçisi xalqımızdır!
"Yeni Müsavat"
Digər xəbərlər: