Cəmiyyət
Bu maşınlar kütləvi şəkildə ordu üçün müsadirə olunur - Əvəzində pul verilməlidir
Dövlət Yol Polisi tərəfindən yollarda hərəkət edən yüksək keçidli minik avtomobilləri saxlanılır. Maşınlar vətəndaşlardan müsadirə edilərək cərimə meydançasına aparılır.
BAKU.WS xəbər verir ki, bu barədə vətəndaşlar sosial şəbəkələrdə yazırlar. Kamran Məmmədov adlı vətəndaş “Facebook” səhifəsində yazıb ki, Qax yolunda DYP əməkdaşları maşınları səfərbərlik adı ilə müsadirə edirlər.
O bildirib ki, yol polisi əməkdaşları vətəndaşların şəxsi ov maşınlarını, “Gelandewagen”, “Niva” və digər yüksək keçidli minik avtomobillərini müsadirə edib. Kamran Məmmədov vurğulayıb ki, qayınatasının bağışladığı “Toyota” markalı, 99 DK 066 dövlət nömrə nişanlı yüksək keçidli minik avtomobili əlindən alınıb.
Vətəndaşların hərbdə istifadə oluna biləcək avtomobilləri alına bilər - Qanun nə deyir?
Ekspertlər isə bildirirlər ki, səfərbərlik dövründə belə avtomobillərə tələbat yüksək olduğu üçün polis onları müsadirə edə bilər.
Ərşad Hüseynov “Facebook” səhifəsində yazıb ki, müharibə dövründə təkcə döyüşə bilən hərbi vəzifəli vətəndaşların deyil, həm də nəqliyyat vasitələrinin səfərbər edilməsi qanunvericilikdə nəzərdə tutulur.
“Bu, dünyanın bütün ölkələrində, hətta nəhəng hərbi büdcəyə malik ölkələrdə də belədir. Çünki səfərbər olunan insanların və digər resurların nəqliyyat ehtiyacını ödəyəcək sayda müxtəlif təyinatlı avtomobilləri dinc dövrdə hərbi hissələrin qarajında saxlamağa ehtiyac yoxdur”, - deyə ekspert bildirib.
Ərşad Hüseynovun sözlərinə görə, ölkəmizdə bu məsələni dəqiq tənzimləyən qanunvericilik mövcuddur”:
“Azərbaycan Respublikasının 17 may 2005-ci il, № 916-IIQ Qanunu ilə təsdiq edilmiş “Hərbi-nəqliyyat vəzifəsi haqqında Əsasnamə”də və bəzi digər qanunvericilik aktlarında detallar əksini tapıb.
Nazirlər Kabinetinin 2006-cı il 16 fevral tarixli 51 nömrəli qərarı ilə vətəndaşlarda, müxtəlif dövlət və özəl təşkilatlarda olan, zərurət yarandıqda Silahlı Qüvvələrin ehtiyacları üçün səfərbər edilə bilən nəqliyyat vasitələrinin siyahısı təsdiq edilib.
Siyahıda yüksək keçidli minik avtomobilləri, xüsusi yük avtomobilləri, ümumqoşun təyinatlı xüsusi avtomobillər, sanitar avtomobilləri, sərnişin avtobusları, evakuatorlar, müxtəlif traktorlar və s. var.
Adətən xüsusi ehtiyac olan, istismarı rahat və asan olan, həm də dözümlü nəqliyyat vasitələri səfərbər olunur (məsələn, belə tələbə daha şox “UAZ”, “NİVA”, müxtəlif pikaplar, “URAL”, “Zil-131” və s. uyğun gəlir). Baha, incə davranış tələb edən ciplər bu işdə heç nəyə yaramır...”
Ekspert deyir ki, vətəndaşlar bundan heç də narahat olmamalıdır:
“Çünki qanunvericiliyə görə, təşkilatların və vətəndaşların mülkiyyətində olan nəqliyyat vasitələrinin səfərbər edilməsi ilə əlaqədar vurulmuş zərərin əvəzinin dövlət tərəfindən ödənilməsi nəzərdə tutulur.
Yəni səfərbərlik üçün cəlb edilən nəqliyyat vasitəsi sıradan çıxarsa, yararsız hala düşərsə, vətəndaşın pulu tam ödənilir.
Göstərdiyim nəqliyyat vasitələri Silahlı Qüvvələrə səfərbərlik zamanı və müharibə dövründə təqdim olunmalıdır”.
Qeyd edək ki, digər detallar da qanunvericilikdə təsbit edilib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətindən BAKU.WS-ə bildirildi ki, hələlik bu barədə məlumat yoxdur. Rəsmi məlumat olan kimi ictimaiyyətə çatdırılacaq.
Daha çox xəbər:
Vaqif Əsədov: “Bu maşınlar yollardan yığışdırılacaq”
Kamran Əliyev: “KİV əməkdaşının şəxsi avtomobili ilə işə gedib-gəlməsinə heç bir məhdudiyyət yoxdur”
Polisllər tərəfindən saxlanılan xanım sürücü: Təcili Yardımın mənim arxamca gəlməsinə ixtiyarı yoxdur - VİDEO
Səfərbərlik Xidmətində qeydə alınanların sayı açıqlandı
“Əgər evdə bu qədər nağd pul gizlədilibsə...” - ekspert danışır