Sosial
"Rayonlararası avtobusların fəaliyyəti ilə bağlı icazə gözləniləndir" - AÇIQLAMA
Sentyabrın 8-dən Azərbaycanda ölkə daxilində rayonlara gediş-gəlişin bərpası üçün olan məhduddiyyətlər aradan götürülür. Amma ölkə daxilində hərəkətdən ancaq fərdi nəqliyyat vasitə sahibləri və taksi xidmətindən istifadə etmək imkanına malik vətəndaşlar faydalana biləcəklər. Bəs avtomobili və taksi pulu olmayan vətəndaşların rayonlara necə getsin və bu yumşalma yoluxma sayına nə qədər təsir edəcək?..
"Avtobuslarn fəaliyyətinə qoyulan qadağa operativ qərargaha aid olan məsələdir. Dövlət Yol Polisinin rəsmilərindən Oerativ Qərargahda hər hansı bir nümayəndə yoxdur. Ona görə də nə qərar verilsə biz sadəcə o qərarla icra edirik", bunu Anews.az –a açıqlamasında Dövlət Yol Polisinin mətbuat xidmətinin rəhbəri Kamran Əliyev bildirib.
"Düşünürəm ki, iritutumlu avtobuslarda sərnişinlər arasında sosial məsafəni təmin etmək çətindir. 35-40 nəfər sərnişin 6-8 saat bir yerdə eyni yolu getməyə məcbur olur və bu zaman yoluxma riski artır. Taksilərdə isə maksimum 4 nəfər bir yerdə ola bilər. Yəqin buna görə hələlik iritutumlu avtobuslara qoyulan qadağa məhdudiyyəti hələ də aradan qaldırılmayıb”, -deyə Əliyev bildirdi.
Kamran Əliyev onu da əlavə etdi ki, karantin rejiminin yumşalması ilə əlaqədar inzibati ərazilərdə giriş-çıxışa qoyulan qadağalar aradan götürüldüyündən bu gecədən mövcud postların fəaliyyəti dayandırılacaq.
"Karantin postlarındakı müəyyən avadanlıqlar və qurğular hələlik qalacaq. Çünki yoluxma sayının bundan sonra necə olacağı və buna uyğun hansı qərarın veriləcəyi məlum deyil".
Avtobuslarla qanunsuz sərnişin daşınması məsələsinə gəlincə isə Əliyev dedi ki, yol polisinin rayonlararası yollarda kifayət qədər stasionar postları var.
"Şərt deyil ki, konkret karantin postunda sərnişindaşımaya nəzarət olunsun. Bildiyiniz kimi sərnişin nəqliyyatının, yəni avtobus və mikroavtobusların hərəkətinə yalnız avtovağzallarda icazə verilir. Hər bir avtovağzal da hansısa rayon, yaxud şəhərin daxilindədir, onlara da nəzarət bilavasitə daxildə edilməlidir. Amma ola bilsin ki, hansısa sürücünün ətraf qəsəbələrdən, yaxud ayrı-ayrı məhəllələrdən sərnişin götürüb qeyri-qanunu daşıma ilə məşğul olduğu aşkarlanarsa, həmin şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunacaqlar", deyə yol polisi rəsmisi vurğuladı.
"Vətəndaşlar taksilərin fəaliyyətindən istifadə edə bilərlər. Giriş-çıxışa tətbiq edilən məhdudiyyət bu gecə qüvvədən düşən kimi sərbəst gediş-gəlişə icazə veriləcək. Qeydiyyat yerindən asılı olmayaraq hər kəs Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu daxil olmaqla, ölkədaxili istənilən şəhər və rayona gedib gələ bilər. Aydın məsələdir ki, hamının fərdi maşını yoxdur və belə adamlar 200-300 kilometr məsafəni piyada gedə bilməz. Ona görə bu günə ancaq taksi xidmətindən istifadəyə icazə verilib. Avtobusların hərəkəti ilə bağlı isə ola bilər ki, yaxın vaxtlarda bu məsələyə yenidən baxılsın və ölkədəki sanitar-epidemioloji vəziyyətdən asılı olaraq Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müvafiq qərar qəbul edilsin. Hər halda hər şey vətəndaşlarımızın pandemiya dövründə infeksiyanın yayılmasının qarşısının alınması üçün tələb edilən qaydalara, yəni tibbi maskaların istifadə, ara məsafəsinin qorunması kimi çətin olmayan, lakin çox vacib prosedurları nə dərəcədə yerinə yetirilməsindən asılıdır. Hər kəs ən azından özünü qoruya bilsə, yoluxmanın sayı azalar və qüvvədə olan digər məhdudiyyətlər də tezliklə götürülər."
Ekspert Elməddin Muradlı avtobuslarıla rayonlara gediş gəlişin tərəfdarı olduğunu deyir.
"İctimai nəqliyyat bu gün bizdə arzuolunan vəziyyətdə deyil. Bütün hallarda avtovağzallardan avtovağzallara hərəkət edən avtobusların işləməsinə şərait yaratmaq daha yaxşı olardı. Düşünürəm ki, 30-40 taksiyə karantin qaydalarını bir-bir izah etməkdənsə bir avtobus sürücüsündən qaydaları tələb etmək daha doğru olardı. Əslində sahibkarlar avtobusların fəlaiyyətinin bərpasını gözləyirdi. Çünki artıq dərslər başlayır, qaynar iş sezonu açılır və buna görə Bakıya , eləcə də rayonlara axın çox olacaq. Təbii bunun fəsadları da olacaq. Yəqin ki, yaxın zamanda Operativ Qərargah avtobusların fəaliyyətinə icazə verəcək", - deyə ekspert bildirdi.
Tibb elmləri doktoru, professor Adil Qeybulla rayonlara gediş-gəliş bərpa olunmasının tərəfdarıdır.
"İnsanların ölkədaxilində miqrasiyası müəyyən təlimatla həyata keçirilməlidir. Qzıdırması, koronavirusa şübhəsi olanlar arayış əsasənda getməlidirlər və COVİD-19 testi verməlidirlər. Rayonlara gedərkən restoranlarda, müxtəlif əyləncə mərkəzlərində, istirahət yerlərində və digər qapalı məkanlarda mümkün qədər az olmalı və ən əsası qapalı məkanlarda olduqda karantin qaydalarına mütləq şəkildə əməl edilməlidir. Bu işin də məsuliyyəti həmin obyekt sahiblərinin üzərinə düşür".
Daha çox xəbər:
Postlarda problem sərnişinlərlə bağlıdır- DYP-dən AÇIQLAMA
Rayonlara gediş-gəlişin bərpa oluna biləcəyi tarix açıqlandı - RƏSMİ
Bakıdan rayonlara getmək istəyən 620 sürücü geri qaytarıldı
Tibb işçiləri ictimai nəqliyyatın olmadığı həftə sonları işə necə gəlməlidir? - RƏSMİ AÇIQLAMA
Kamran Əliyev: “KİV əməkdaşının şəxsi avtomobili ilə işə gedib-gəlməsinə heç bir məhdudiyyət yoxdur”