Gündəm
13:06, 07 sentyabr 2020
60
0

İnam Kərimov etimadı doğrulda bilmədi... - FAKT BUDUR...

İnam Kərimov etimadı doğrulda bilmədi... - FAKT BUDUR...
Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyinin (AXA) sədri, ixtisasca regionşünas Seymur Mövlayev nazirliyin Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədri təyin olunub.

Məlumata görə, nazir İnam Kərimovun əmri ilə, o, bu vəzifədə Mirzə Əliyevi əvəz edib.

Nazirin digər əmrilə AKİA-nın keçmiş sədri Mirzə Əliyev isə AXA-nın rəhbəri vəzifəsinə təyinat alıb.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2019-cu il 14 yanvar tarixli 467 nömrəli Fərmanı ilə aqrar sahədə göstərilən dövlət xidmətlərinin optimallaşdırılması və səmərəliliyinin artırılması, həmin dövlət xidmətlərinin daha az həcmdə resurs sərf edilməklə həyata keçirilməsi, dövlət vəsaitinə qənaət edilməklə bu sahədə inzibati idarəetmənin təkmilləşdirilməsi, xidmətlərin həyata keçirilməsində keyfiyyətə nəzarətin təşkili, şəffaflığın artırılması, innovativ həllərin tətbiqi, elektron xidmətlərə keçidin sürətləndirilməsi və vətəndaş məmnunluğunun artırılması məqsədi ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında olan Dövlət Fitosanitar Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Baş Dövlət Texniki Nəzarət Xidmətinin əsasında Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi yaradılıb.

Yəni fərmandan göründüyü kimi, müxtəlif xəstəliklərin tüğyan etdiyi bu sahə ölkə üçün olduqca vacib əhəmiyyət daşımaqla yanaşı, həm də bacarıqlı, ixtisaslı rəhbər şəxsin rəhbərliyinə ehtiyac duyur. Lakin İnam Kərimov yaradıldığı gündən bu sahəyə ixtisaslı kadr deyil, yalız və yalnız özünün gənc kadrını, özü də ixtisasca regionşünas Seymur Mövlayevə etibar edib. Maraqlı məqam budur ki, regionşünas Seymur Mövlayev bu sahənin incəliklərini indi-indi mənimsəmək üzrə olsa da, İnam Kərimov bir neçə gün əvvəl daha bir gözlənilməz gediş edərək, onu AKİA-nın başına gətirməyə qərar verib.

"Asan”dan asan yüksələn regionşünasın kənd təsərrüfatındakı sürətli yüksəlişinin sirri...

Yeri gəlmişkən, qeyd edək ki, Seymur Mövlayev AXA-ya, daha dəqiqi, 2019-cu ilin yanvar ayına qədər "Aqrolizinq” ASC-nin sədri vəzifəsində işləyib. Ondan əvvəl isə İnam Kərimovun rəhbərliyi altında 3 saylı Bakı "ASAN Xidmət" Mərkəzinin direktoru olub. Bizə görə, əlavə şərhə ehtiyac yoxdur.

Onu da qeyd edək ki, son aylar AKİA-nın səlahiyyətləri xeyli genişləndirilib. Üstəlik, bu yaxınlarda "Aqrolizinq"in də səlahiyyətinin bir qismi bu quruma verilib. Bundan əlavə, KTN sahəsinin kreditləşməsi və sair kimi gəlirli sahələr də AKİA-nın sərəncamına verilib. Bütün bunlar isə bu qurumu daha cəlbedici təşkilat kim önə çıxarıb. Görünür, İnam Kərimov da məhz bu səbəbdən AKİA-nın başına köhnə komandasıın üzvünü gətirməyi məqbul sayıb...

34 yaşlı Mirzə Əliyev isə KTN-nin kadr və digər məsələlərdə əsas rol oynayan Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbərinin müavini - İnsan resursları şöbəsinin müdiri Elvin Paşayevin baxış bucağı ilə desək, bir qədər kənar, yəni "yad kadr" sayılır.

Belə ki, M.Əliyev KTN sahəsində ilk fəaliyyətinə Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinə rəis təyinatı ilə başlayıb.

Ona qədər isə M.Əliyev müxtəlif özəl təşkilatlarda, o cümlədən "Azərbaycan Dəmir Yolları” QSC-də investisiya üzrə rəis müavini vəzifəsində çalışıb.

İxtisasça politoloq olan köməkçi 2 ilə necə nazir müavini oldu?

Bu yerdə maraq üçün qeyd edək ki, E.Paşayev KTN-də kadr təyinatarında müstəsna rol oynayan şəxslərdən biri sayılır. Onun bir neçə mərkəzin direktoru təyinatında xüsusi rol oynadığı da sirr deyil. Hətta ora qədər ki, E.Paşayevin çox yaxın qohumları da KTN-nin aparat və digər bölmələrində yüksək vəzifələrdə çalışırlar. Əlbəttə, bunların hamısının təsadüf olduğunu iddia etməyin özü gülünc olardı...

Bu və ya digər məqamlarla bağlı Mia.az-a verilən məlumata görə, ümumiyyətlə, KTN-də kadr təyinatları əsasən peşəkarlıq və ya ixtisaslara görə seçilmir. Burada kadrların seçimi qruplara, yaxud nazirə xüsusi yaxınlıqla seçilir.

Məsələn, ötən ay Kənd Təsərrüfatı nazirinin müavini vəzifəsindən azad edilən İlham Quliyevin yerinə təyin olunan nazirliyin keçmiş aparat rəhbəri, ixtisasca politoloq Sarvan Elxan oğlu Cəfərov da nazir İnam Kərimovun ən sadiq kadrlarından biridir.

Maraqlı məqamlardan biri də odur ki, S.Cəfərov da 2012-ci ildən 2018-ci ilədək Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN-XİDMƏT) sədrinin (Həmin vaxt bu xidmətin sədri İnam Kərimov olub - Mia.az) köməkçisi işləyib.

İnam Kərimov nazir təyinatından düz 9 gün sonra onu KTN-də də özünə köməkçi təyin edib. Və həmin gündən, o, KTN-də ən "kilid adamlar"dan birinə çevrilib. Sonradan o, nazirliyin aparat rəhbəri postuna qədər yüksəlib və nəhayət, 2 ilə nazir müavini kimi önəmli bir vəzifəyə sahiblənib...

Nazirin qohumu olmağın cəmi 2 ilə karyeraya təsiri

Və yaxud nazir müavini təyinatından bir neçə gün sonra, daha dəqiqi, ötən ay Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rəfail Quliyevin nazirliyin aparat rəhbəri vəzifəsinə təyinatını götürək.

Əslən Biləsuvardan olan yeni aparat rəhbəri nazir İnam Kərimovun həyat yoldaşının qohumudur.

O, 2016-2018-ci illərdə Biləsuvarda Kənd Təsərrüfatı İdarəsinin rəisi olub.

İnam Kərimov 21 aprel 2018-ci ildə KTN rəhbəri təyin olunandan cəmi 4 ay sonra bu qohumunu da rayondan birbaşa KTN-nin aparatına - Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri vəzifəsinə gətirib. Əlavə şərhə ehtyac varmı?

Deputatın bacısı qızı niyə rəhbərikdən uzaqlaşdırıldı və ya şəhərin mərkəzində baha qiymətə icarəyə bina götürmək kimin istəyi olub?

Yeri gəlmişkən, qeyd edək ki, nazirliyin əvvəlki aparat rəhbəri Aqil Quliyev bu ilin mart ayında "Aqrar Tədarük və Təchizat” ASC-də idarə Heyətinin sədri vəzifəsində qalmaqalla uzaqlaşdırılan deputat Məlahət İbrahimqızının bacısı qızı Leyla Məmmədovanın yerinə təyin olunub. L.Məmmədova isə həmin vaxtdan A.Quliyevin müavini vəzifəsinə keçirilib.

Bu ASC-də həyata keçirilən tenderlər, o cümlədən kəndlərdən alınan məhsulların qiymətlərinin artırılması kimi hallar isə mövzumuza aid olmasa da, bir məqamı qeyd etmək olar ki, Mikayıl Cabbarov İqtisadiyyat naziri təyin olunandan sonra bu qurumda bir çox məsələlərə əvvəlki "yanaşma" ciddi şəkildə dəyişib.

Xüsusiylə qeyd edək ki, hazırda bu ASC-nin nəzarətində olan və təbliğatına (roliklərin hazırlanması, müxtəlif reklam xidmətləri və s.) böyük pullar xərclənsə də, "Kənddən-Şəhər”ə layihəsi gözlənilən və ya iddia edilən uğuru qazana bilmədi. Əksinə, məsələn, 2 il əvvəl Bakının Nizami küçəsi, 154B ünvanında yerləşən və təmtəraqlı açılışı olan "Kənddən Şəhərə" mağazasının qapısı bu gün qıfıllıdır.

Hələ bu mağaza ilə bərabər, eyni ünvanda KTN-nin başqa bir mərkəzinin bahalı icarə əsası ilə fəaliyyət göstərmələri də başqa bir maraqlı mövzudur. O qədər maraqlı ki, həmin binanın KTN-nin hansı vəzifəli şəxsinin mülkü olması və onu neçəyə icarəyə verməsi, həmçinin, orada aparılan təmir xərcləri belə ciddi araşdırma tələb edir....

KTN-nin yeni subsidiya layihəsi: uğur, yoxsa...?

Bəlli olduğu kimi, bu il KTN rəhbərliyinin istəyi və layihəsi əsasənda subsidiyaların verilmə mexanizimi də dəyişib.

Bəs bu yeni mexanizm fermerlərə nə verdi və ya verəcək?

Düzdür, koronavirus və ya əkin sahələrinin suvarılmasında yaranan texniki problemləri səbəbindən, hələlik yeni subsidiya mexanizmindən sonra əldə olunan nəticələri təhlil etmək asan deyil.

Odur ki, əvvəl elə bu mexanizmin özündən başlayaq.

Məsələn, bir neçə ay əvvəl bu barədə iqtisadçı Natiq Cəfərlinin sosial şəbəkədəki hesabında yazdığı şərh bu gün də aktuallığını qoruyur.

İqtisadçı hələ o vaxt yazırdı ki, aqrar sektor, fermerlər ağır durumdadırlar, son günlər o kəsmdən çox sayda mesajlar, şikayətlər gəlir, vəziyyət ağırdır: "Karantin rejiminin gətirdiyi çətinlikliklərlə yanaşı, obtektiv və subyektiv əngəllər də yaranıb. Ən pisi odur ki, məsələnin dərinliyini analiz edən qurumlar yoxdur, qısa-orta-uzun vadəli təsirlər hesablanmır, hələ də problemlər görməzdən gəlinir".

Ekspertin sözlərinə görə, aqrar sahəyə subsidiyaların forması, nəhayət ki, keçən ildən başlayaraq dəyişdirildi, daha məntiqli yanaşma tədbiq edilməyə başladılar, amma məsələnin icrası yenə də axsayır:

"Məsələn, yeni meyvə bağları salan fermerlərə hər hektar üçün 800 manat subsidiya verilməlidir, yaxşı qərardır, çünki meyvəçilikdə illər sonra qazanca çıxırsan, ilk bir neçə il tinglərə qulluq etmək lazımdır. Regionlardan gələn xəbərlərə görə bağçılıqla məşğul olan fermerlərə indi həmin vəsaitin 25%-ni nəğd verirlər, qalan 75%-ni isə kübrə şəklində verməyi qərarlaşdırıblar. Fermerlər çətin duruma düşüb, pulun yerinə kisəsi 26 manatdan hesablayıb kübrə verirlər, hansı ki, sərbəst bazarda həmin kübrənin kisəsi 12-14 mantdır. Bağçılar aldıqları kübrənin tamamını istifadə edə bilməzlər – hamısını ağaclara vursalar tinglər həmən məhv olar, ona görə də onlara subsidiya əvəzinə verilən kisələri bazarda satıb pula çevirməyə çalışırlar, nəticədə absurd vəziyyət yaranır.

İkincisi, Rusiya bizim fermerlərin ən böyük bazarıdır, illərdir ixracatda çoxşaxəli modelə keçə bilmədik deyə iqtisadiyyatımız neftdən, aqrar ixracatımız isə Rusiyadan asılı vəziyyətə düşüb. İndi sərhədlər bağlıdır, fermerlər öz malını Rusiyaya apara bilmirlər, kartof-soğan, pomidor-xiyar, çiyələk, meyvələr ixraca getmir, fermerlər gözünü həmişə mart-aprel ayına tikib Rusiyadan qazandıqları pula güvənirdilər. İndi bazar demək olar ki, bağlıdır, ixrac xeyli düşüb . Bu fermerlər indi Rusiyadan pul qazanmasalar sonra 1 il nə ilə dolanacaqlar? Nə ilə növbəti aqrar mövsümə hazır olacaqlar? Qazanc yoxdursa nə əkib, nə becərəcəklər?

Üçüncüsü, bir çox insanlar sevincək deyirlər ki, ixrac olmasa yerli bazarda mal bolluğu olacaq, qiymətlər ucuzlaşacaq. İlk baxışdan gözə-qulağa xoş gələn məqamdır, amma bu il fermerlər tək yerli bazara mal versələr, qazancları olmayacaq, yüzminlərlə bu sahədə çalışan insan növbəti mövsümə qədər nə ilə dolanacaqlar?! Qazanc olmayacaqsa növbəti əkin-biçinə hansı maddi resurslarla hazırlaçacaqlar?! Bu o demək olacaq ki, bu il bolluq və ucuzluq olsa, gələn il əksinə qıtlıq və bahalıq olacaq.

Dördüncüsü, ölkəyə valyuta daxilolmaları kəskin düşüb, neft Badamlıdan da ucuzdur, qeyri-neft sektorunun əsas ixaracı isə aqrar sektor idi, bu il ixrac bazarları qapalı olsa, deməli ölkəyə bu sahədən də gələn valyuta azalacaq, bunun makro təsirlərini hesablayan kimsə varmı?! Sonuncusu isə, qonşu ölkələrin hamısında öz milli valyutaları dəyərdən düşüb, rubl, lirə, lari, təngə, qrivna – hamısı ucuzlaşıb, belə olan şəraitdə Azərbaycandan aqrar məhsulların ixracı mənasız və gəlirsiz olub-olacaq".

Mövzu ətrafında araşdırmalarımız olacaq.
Mənbə: MİA.az
Digər xəbərlər: