Siyasət
11:02, 03 sentyabr 2020
55
0

“Ramiz Mehdiyev oturuşmuş daşları yerindən oynadır” - deputat

“Ramiz Mehdiyev oturuşmuş daşları yerindən oynadır” - deputat
AMEA prezidenti, akademik Ramiz Mehdiyev rəhbərlik etdiyi qurumun saytında sayca 4-cü məqaləsini yazıb. Bu yazısından da görünən budur ki, R. Mehdiyev nəvəsinin toyundan sonra yaxın qohumlarının qandallanmasını bağışlaya bilmir. Budəfəki məqaləsində Ramiz Mehdiyev daha çox Azərbaycan mətbuatının durumundan bəhs edib. Mətbuatı kəskin tənqid edən Ramiz Mehdiyev yürüdülən media siyasətinin yanlış olduğunu da xüsusi vurğulayıb: “Azərbaycan mətbuatının və ictimai fikrinin ölkəmizin taleyüklü məsələlərinə nə dərəcədə həssas, obyektiv və təfəkkürlə yanaşdığını müəyyənləşdirmək üçün ”Ermənistanın hibrid müharibəsi fonunda Dövlətimizin maraqları hər şeydən üstündür" adlı sonuncu məqaləmin doğurduğu müzakirələri diqqətlə izlədiyimi bildirmək istəyirəm. Lakin təəssüflə qeyd etməliyəm ki, tanış olduğum rəylər və şərhlər məndə jurnalistlərimizin və ekspertlərimizin hələ də ölkəmizin təhlükəsizliyini, ərazi bütövlüyünü, gələcəyini təhdid edən reallıqların mahiyyətini və miqyasını dərk edə bilmədiyi təəssüratını yaratmış oldu...

20% torpaqları düşmən tapdağı altında olan, pandemiyanın doğurduğu sosial-iqtisadi çətinliklərlə mübarizə aparan bir ölkənin gündəmini Ramiz Mehdiyevin nəvəsinin məclisi ilə məşğul etməkdə maraqlı görünənlərin dövlətimizə dost olmadığı gün kimi aydındır...

Azərbaycan mətbuatının problemləri və onun inkişaf perspektivləri məni daim narahat edən məsələlərdən olub. Mən bu barədə öz fikirlərimi yazmışam və KİV redaktorları ilə görüşlərimdə də mövqeyimi dəfələrlə onlara çatdırmışam. Administrasiyanın rəhbəri olduğum dövrdə də, indi də Azərbaycan mətbuatının vəziyyəti məni əsla qane etməyib. Onu da qeyd etməliyəm ki, bəzi şəxslərin bu məsələdə zaman-zaman mənə təklif etdikləri dekorativ, aldadıcı dəyişikliklərin qəti əleyhinə olmuşam. Televiziyaların loqolarını və studiyalarını, saytların dizaynlarını dəyişməklə, köhnə aparıcıları, qonaqları yenilərilə əvəzləməklə, əsassız tənqid dozasını artırmaqla azad, mütərəqqi, cəmiyyətin problemlərinə həssas yanaşan, əqidəli mətbuat yaratmaq cəhdləri əbəsdir. Çünki sadaladıqlarım mahiyyətcə mətbuatın islahatı yox, islahatın imitasiyası deməkdir. İmitasiya isə müvəqqəti həll yoludur, onun sonu isə daha böyük məyusluqdur. Məsələnin həlli mətbuatın roluna sistemli baxışdan və ictimai iradədən keçir. Bu iki amil formalaşmadan KİV-lərdən keyfiyyət dəyişikliyi gözləyənlər özünüaldatma ilə məşğul olur, mənasız ümidlərlə yaşayırlar".

Akademik nəvəsinin toyundan sonra yaxın qohumlarının həbs olunmasını yenə də ayrı-seçkilik hesab edib: “31 avqust 2020-ci il tarixli çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bir daha hər kəsin qanun qarşısında bərabər olduğunu və kimliyindən asılı olmayaraq qanunları pozanların cəzalandırılacağını xüsusilə vurğulamışdır. Obyektivlik naminə qeyd etmək lazımdır ki, dövlət başçısı bu fikri hər zaman, xüsusilə də karantin rejiminin ilk günlərindən etibarən dəfələrlə səsləndirmişdir. Ancaq nədənsə qanunların icrasına gəldikdə məsul qurumlar və mətbuatımız pozuntulara xüsusi seçim qaydasında yanaşmağa üstünlük verirlər. Heç şübhəsiz ki, bu seçimin, bu ”diqqətin" meyarları bütün cəmiyyətimiz kimi mənim üçün də qaranlıq qalır. İnanmaq istəyirəm ki, qanun keşikçiləri və qanunun aliliyi haqqında ağızdolusu danışmaq üçün bir-birilə qızğın rəqabətə girişmiş qələm sahiblərimiz və millət vəkillərimiz ölkə başçısının çağırışlarına qulaq verəcək, özlərində qətiyyət toplayaraq bütün günahkarları ifşa edə biləcəklər. Bu, Prezidentin onların qarşısında qoyduğu vəzifə və mənəvi öhdəlikdir. Dövlət başçısının tapşırıqları isə istisnasız, vaxtlı-vaxtında icra olunmalıdır".

4-cü məqalədə də R. Mehdiyevin özünü təmizə çıxarmağa çalışdığı, ayağına yazılan pislikləri təmizləmək istədiyi, ictimai rəğbət qazanmağa çalışdığı görünür. Və iqtidar təmsilçiləri onun bu davranışına səbirlə yanaşır. Hətta hakim partiyanın deputatlarının 90 faizindən çoxu ən azından onlara yönəlik sərt tənqidlərə reaksiya vermirlər.

Deputat, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, R.Mehdiyevin məqaləsini oxuyub: “Əvvəla, mütləq qeyd etmək lazımdır ki, məsələ sadəcə media məsələsi deyil. Media cəmiyyətin intellektual institutlarından yalnız biridir. Akademik Ramiz Mehdiyevin yazılarında isə dərin, kifayət qədər ciddi və xalqımız üçün strateji əhəmiyyət kəsb edən bir çox məsələlərə kompleks şəkildə toxunulur. Ona görə də biz sadəcə media məsələsinə toxunmaqla hadisəyə epizodik münasibət bildirmiş olarıq ki, bu da yarımçıqlıq hesab edilə bilər. İndiki mürəkkəb vəziyyətdə isə belə yanaşma nəinki bəzi məsələlərin aydınlaşdırılmasına, tam əksinə, onun daha da qaranlıqlaşdırılmasına xidmət etmiş olar. Mən mürəkkəb vəziyyət deyəndə əsla ölkədaxili vəziyyəti nəzərdə tutmuram. Mürəkkəb vəziyyət bizim də daxil olduğumuz, formalaşmaqda olan yeni beynəlxalq nizam çərçivəsində baş verən kordinal dəyişikliklər və bu kontekstdə milli maraqların qorunması məsələsidir. Ona görə də heç bir hadisəyə ötəri, səbəbsiz, yaxud təsadüfi baxmaq olmaz. Ramiz Mehdiyev yazılarında tariximiz, milli ideologiyamız, milli və dini mənəviyyatımız, dövlətçiliyimiz, ziyalılıq institutlarımız, siyasi sistemimiz, hüquqi dövlətçilik ənənələrimiz və s. kimi dövləti dövlət edən təməl məsələlərə, həm də xalqı xalq edən dəyərlər sisteminə və sosial identifikasiya hadisəsinə strateji kontekstdə yanaşır. Və bu prosesdə bir çox məsələləri, hətta deyərdim ki, oturuşmuş daşları yerindən oynadır. Ona görə də milli maraqlarımız, dövlətçilik maraqlarımız baxımından elə prinsipial məsələlər var ki, onlara mütləq aydınlıq gətirmək lazımdır. Bunu isə ilk növbədə ziyalılarımız, tarixçilərimiz, dövlət adamlarımız, siyasətçilərimiz, siyasi partiya liderlərimiz, fəal vətəndaş mövqeyi olan hər bir şəxs və nəhayət, mütləq media mənsublarımız etməlidir. Təəssüf ki, bunu etmək həvəsində, yaxud məsuliyyətində olanların sayı azdır. Əgər bu problemlərə aydınlıq gətirməyə intellektual potensialı olan alim və ziyalılarımız, media mənsublarımız yoxdursa, onda, deməli, Ramiz Mehdiyevin ziyalılarımız və mediamızın ünvanına səsləndirdiyi ittihamlar lap elə yerindədir. Yox, əgər cavab vermək potensialında olub cavab vermək istəmiriksə, onda, deməli, özümüzdə vətəndaş məsuliyyəti, dövlət maraqlarını qorumaq təşəbbüskarlığı və təəssübkeşliyi hiss etmirik. Bunun hər ikisi pisdir”.

H.Babaoğlu qeyd etdi ki, medianı, əlbəttə, tənqid etmək olar və Azərbaycanda ən çox özünü tənqid edən ictimai institutların başında elə media gəlir: “Elə media siyasətini də yeri gəlsə tənqid etmək olar. Ancaq media siyasətini uzun illər bu siyasəti müəyyən edən adam tənqid edirsə, bax bu anormaldır və məsuliyyətdən yayınmaqdır. Mənim milli mediamıza çağırışım isə budur ki , gəlin sübut edək ki, media o qədər də tənqidə layiq institut deyil və heç olmasa özünü intellektual platformada müdafiə edə bilir. Yaxud onu qeyri-obyektiv tənqid edənləri ifşa etməyi bacarır. Qaldı ki, Mehdiyevin tənqidinin ikinci hədəfi olan ziyalılarımıza, ən böyük ziyalı ordusu elə Milli Elmlər Akademiyasında toplaşıb. Əgər onlar bir ziyalı kimi akademiyanın prezidentinin ziyalılar haqqında səsləndirdiyi fikirləri qəbul edirlərsə, bu onların öz işidir. Yox, qəbul etmirlərsə, deməli, onda yenə də öz işləridir deməkdən başqa çarəmiz qalmır. Axı AMEA-nın tarixində heç vaxt onun informasiya resursları ictimai-siyasi rupora çevrilməyib. Bu, nə klassik elmi ənənələr, nə də informasiya cəmiyyətinin etikasına uyğun deyil. Sonda bir şeyi tam məsuliyyətimlə vurğulamaq istəyirəm ki, hazırda kritik hadisələr ərəfəsindəyik və irəlidə bizi çox böyük tarixi uğurlar gözləyir. Kim bilir, bəlkə də daxilimizdə və xaricdə milli maraqlarımıza qarşı yönələn addımların bir qismi, lap elə ölkə daxilində ictimai diqqəti daxili problemlərə cəlbetmə cəhdləri ictimai həmrəyliyimizi pozmağa və diqqətimizi milli məqsədlərdən yanındırmağa hesablanıb? Biz bunu da mütləq nəzərə almalıyıq. Unutmaq olmaz ki, hazırda prezident İlham Əliyevin, birinci vitse-prezident Mehriban xanım Əliyevanın adı ictimai şüurumuzda Milli Dövlət adı ilə assosiasiya olunur. Hər birimiz bu tarixi mərhələdə milli dövlətimizin yanında olmalıyıq”.
Digər xəbərlər: