Gündəm
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində nə baş verir? - Müraciət...
"Beynəlxalq Əlillər Cəmiyyəti" İctimai Birliyinin Sədri Tahir Xudiyev Agentliyin sədri Zaur Əliyevdən Prezident İlham Əliyevə şikayət etdi…
Surəti «Təzadlar»a göndərilən müraciətdə deyilir:
«Çox hörmətli cənab Prezident!
Mən həm ictimai nəzarət, həm əlilliyi olan insanların hüquqlarını madafiə edən bir ictimai birliyin sədri və "Əlillər Dünyası" qəzetinin Baş Redaktoru ola-ola İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əlində aciz qalaraq bu müraciətlə Sizə üz tutram. Bu qurumdan əlilliyi olan və xəstə insanlar həmişə narazılıq bildirirdilər. Düşünməzdim ki, mənim özüm də bu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əlində aciz qalacam, haqqım tapdalanacaq. Mən aciz deyiləm, səhhətimlə bağlı aciz vəziyyətə düşmüşəm, hazırda da koronavirusdan müalicə alaraq xəstəxanadan təzə çıxmışam. Səhhətimdəki ciddi problemlər mənə öz hüquqlarımı müdafiə etməyə imkan vermir, məhz ona görə də onların bu riyakar hərəkətlərinin ictimailəşdirilməsi üçün öz həmkarlarıma, bacı-qardaşlarıma üz tuturam, Sizə müraciət edirəm.
Rəhbəri olduğum "Beynəlxalq Əlillər Cəmiyyəti" İB və "Əlillər Dünyası" qəzeti adından 1-ci qrup əlil, Qarabağ müharibəsi veteranı kimi xəstəliyimlə bağlı bu yaxınlarda Səhiyyə Nazirliyinə müraciət göndərilmişdir. Səhiyyə Nazirliyi rəsmi cavab məktubunda bildirdi ki, bu məsələ ilə əlaqədar İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müraciət edin, bunu qanunvericilik belə tələb edir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə etdiyim müraciət məktubunu da yazıya əlavə edirəm. Heç bir bazası olmayan və yalandan xəstə insanları aldadaraq ora-bura sürükləyən bu qurumun gördüyü iş dövlətçiliyə qarşı narazılıq yaratmaqdan, Azərbaycan səhiyyəsini gözdən salmaqdan, saxtakarlıqdan başqa bir şey deyil. 1985-ci ildən əlil ola-ola Azərbaycanın müstəqilliyi uğrunda siyasi mübarizə aparmış və ərazi bütövlüyü uğrunda gedən döyüşlərin iştirakçısı olmuşam, səhhətimdə ağırlaşmalar baş verib, sağlamlığım çox ciddi təhlükə altındadır. Bununla bağlı qardaş Türkiyə dövlətində kompleks müalicə almaq üçün müraciət etmişdim. Ölkəmizdə isə məni xaricdə müalicəyə göndərilənlər üçün olan kvota siyahısına salmadılar, burada müalicə almağı "məsləhət gördülər". 60 yaşına az qalmış, sağlamlığını bu vətən və dövlət üçün itirən insana qoyulan qiymət budurmu?!
Cənab Prezident!
Sizdən xahiş edirəm, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində baş verənlərin ciddi şəkildə araşdırılması üçün aidiyyəti üzrə tapşırıq verməyinizi xahiş edirəm.
Əvvəlcədən minnətdaram.
Hörmətlə: Tahir Xudiyev, "Beynəlxalq Əlillər Cəmiyyəti" İB-in Sədri və
"Əlillər Dünyası" qəzetinin Baş Redaktoru
«Təzadlar»dan: məsələyə aydınlıq gətirilməsi üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə dəfələrlə etdiymiz telefon zəngləri hələki cavabsız qalır. Əlavə məlumat veriləcək…
Xatırladırıq ki, Prezident İlham Əliyev İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında bir müddət əvvəl Fərman imzalayıb. Fərmana əsasən Agentliyin Nizamnaməsi təsdiq edilib. Təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi Azərbaycan Respublikasının Prezidentinə və Agentliyin özünə həvalə olunub. Agentliyin ilkin nizamnamə fondu dövlət büdcəsinin vəsaiti hesabına formalaşır və 4 milyon manat təşkil edir. Agentliyin Nizamnaməsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətinin məqsədi və istiqamətləri, vəzifələri və hüquqları, idarə olunması, nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları və digər məsələlər əksini tapıb. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxs kimi qeydiyyata alınıb və İdarə Heyətin sədri Zaur Əliyevdir.
Ümumiyyətlə, agentliyin yaradılandan bəri fəaliyyətindəki qüsurlar və problemlər, şikayətlər ətrafında geniş araşdırma yazımız olacaq.
Daha çox xəbər: