Siyasət
Prezidentin Ceyhun Bayramov SEÇİMİ: Niyə məhz O? - TƏHLİL
Prezidentin onu niyə seçdiyini bilmirik, amma bildiklərimiz göstərir ki, İlham Əliyev düz edib
Prezident İlham Əliyev yenə gözlənilməz gediş etdi. Ümumiyyətlə, kadr siyasətində, atacağı addımlarda Prezidentin gedişlərini proqnozlaşdırmaq mümkünsüzdür. Bu, ona və rəhbərlik etdiyi dövlət aparatına üstünlüklər yaradır, siyasətinə və planlarına qarşı hər hansı maneçilikləri minimuma endirir.
Azərbaycan diplomatiyasının zəif bəndi olan Elmar Məmmədyarovun öz vəzifəsindən biabırçılıqla, cinayətkar damğası ilə getməsi cəmi bir neçə saatlıq mülahizə-müzakirə imkanları yaratmışdı. Sosial mediada hamı pulsuz totalizator oynayırdı: yeni nazir kim olacaq təxminləri əksər səhifələri başına götürmüşdü. Bəzi tanınmışlar da siyahılara özlərini yazdırırdı. Adları bir neçə saatlıq nazir namizədi kimi çəkildi, xoşbəxt oldular...
Yazılan çoxsaylı adlar sırasında Ceyhun Bayramovun isminə heç rast gəlinmədi. Amma Prezident öz sərəncamına onun adını yazdı.
Ceyhun Bayramov Azərbaycanın yeni Xarici işlər naziri oldu!
Prezident döyüşən diplomatiya strategiyası qəbul edib və artıq ona ələngə Məmmədyarov lazım deyil. Görünən bidur ki, cənab İlham Əliyev Dağlıq Qarabağla bağlı ciddi qərarlar verib; onların içərisində vətən müharibəsi də ola bilər; ona indi bu xəttə uyğun, milli və vətənsevən bir nazir lazımdır.
Ceyhun Bayramov o kadrdırmı? Cəmiyyətin onun haqqında bilgiləri bu suala dəqiq cavab verməkdə çətinlik yarada bilər. Məhz belə məqamlar üçün biz varıq - media.
Axtaraq, arayaq, tapaq, yazaq!
Axtardıq, aradıq və tapdıq. Yazırıq, siz də oxuyun, qərar verin.
Beləliklə, Ceyhun Bayramovun Xarici işlər naziri postunda yeni çağırışlara cavab verə biləcəyinə ümidlərnyaradan amillər bunlardır.
Birinci amil:
- Ceyhun Bayramov Azərbaycan Dövlət İqtisad İnstitutunu iqtisadçı ixtisası üzrə, Azərbaycan Universitetini isə hüquqşünas ixtisası üzrə bitirib. 1996-2000-ci illərdə Vergilər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb, 2000-2002-ci illərdə “Salans Hertzfeld & Heilbronn (Baku) Limited” şirkətində hüquqşünas, 2002-2013-cü illərdə isə “OMNİ” hüquq şirkətinin direktoru olub. Uzun illər ərzində rəhbərlik etdiyi hüquq şirkəti vasitəsilə Azərbaycanın dövlət maraqlarının beynəlxalq səviyyədə təmsil edilməsində bilavasitə iştirak edib. Cənab Bayramov şəxsən özü və komandası Azərbaycan Respublikasına qarşı bir sıra beynəlxalq arbitraj məhkəmələrində qaldırılmış əsassız iddialara qarşı dövlətin qanuni maraqlarını yüksək səviyyədə təmsil edib. Onların apardığı proseslərin nəticəsi olaraq, müstəqil arbitraj məhkəmələrinin qərarları ilə dövlətimizə qarşı qaldırılmış iddialar rədd edilib. O, həmçinin, 2005-2013-cü illərdə Azərbaycan Respublikasının tərəfdar çıxdığı bir sıra beynəlxalq sazişlərin və beynəlxalq səviyyəli əqdlərin layihə sənədlərinin hazırlanması və razılaşdırıması prosesində iştirak edib.
2004-2012-ci illərdə dünyanın aparıcı hüquq nəşrlərindən olan “Chambers Global”, “IFLR1000” və “Legal500” tərəfindən hər il Azərbaycanda vergiqoyma və mülki hüquq sahəsində aparıcı hüquqşünaslar siyahısına daxil edilib.
İkinci amil:
- Əlbəttə, nazir postu həm də yüksək idarəçilik qabiliyyəti tələb edir. Ceyhun Bayramovun bu sahədə aşağıdan yuxarıya doğru keçdiyi karyera yolu, təcrübəsi var. O, hüquq şirkətində direktorluqdan sonra 2013-cü il mayın 30-dan avqustun 12-dək Azərbaycan Respublikası Təhsil Nazirliyi aparatının rəhbəri vəzifəsində çalışıb.
Prezidentin 12 avqust 2013-cü il tarixli sərəncamı ilə təhsil nazirinin müavini, 23 aprel 2018-ci il tarixli sərəncamı ilə təhsil naziri vəzifəsinə təyin olunub.
Təhsil naziri vəzifəsində olarkən onun nə dərəcədə səliqəli bir idarəçilik mexanizmi qurması danılmazdır. Əlbəttə, təhsil spesifik sahədir, ayrı-ayrı, lokal nöqsanlar daim olub və olacaq. Ancaq danılmazdır ki, C.Bayramov Təhsil Nazirliyi kimi çoxstrukturlu sistemi səliqə-səhmanla idarə edirdi.
Digər bir məqam da odur ki, Ceyhun Bayramovun 2013-cü ildən başlayaraq təhsil nazirinin müavini vəzifəsində əsas fəaliyyət istiqamətlərindən biri nazirliyin beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi olub. Bu işin öhdəsindən uğurla gəlib. O, nazirliyin bir sıra beynəlxalq təşkilatlarda rəsmi nümayəndəsi, hökumətlərarası komissiyalarda təmsilçi olub. Bu müddət ərzində bir sıra beynəlxalq təhsil layihələrin Azərbaycana gətirilməsini təmin edib. Onlardan məktəb bazasında yaradılmış və gələcəyin peşəkar İT mütəxəssislərinin hazırlanmasına yönəlik “Rəqəmsal bacarıqlar layihəsi”, bir neçə fənnin inteqrativ şəkildə tədrisini nəzərdə tutan və dünyanın aparıcı təhsil müəssisələrində geniş tədris olunan STEAM layihəsini nümunə göstərə bilərik.
2019-cu il üçün Dünya İqtisadi Forumun Rəqabətlilik İndeksində Azərbaycan təhsil sisteminin 12 göstərici üzrə nəticələri əhəmiyyətli şəkildə yaxşılaşdığı əks olunub. Həmçinin, 2019-cu ildə PİSA - şagirdlərin nailiyyətlərinin beynəlxalq reytinqində - Azərbaycan şagirdlərinin göstəriciləri yaxşılaşıb.
O, nazir olduğu dövrdə beynəlxalq münasibətlərin kurasiyasını şəxsən özü həyata keçirib. Bu müddət ərzində bir sıra yüksək səviyyəli beynəlxalq tədbirlərdə Azərbaycanın maraqlarını təmsil edib. Bu dövr ərzində o, UNESCO-nun 40-cı Baş Konfransı, Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələri Təhsil Nazirlərinin konfransı, Çin “Bir Kəmər, Bir Yol” 2-ci Forumu və digər yüksək səviyyəli beynəlxalq tədbirlərdə Azərbaycanı təmsil edib.
Üçüncü amil:
- Koronavirus pandemiyası dövründə nəinki Azərbaycanda, bütün dünya ölkələrində qurumlar həm də bir fəaliyyət, bacarıq sınağından keçmiş oldular. Azərbaycanda pandemiya şəraitində üzüağ çıxan struktlardan biri də məhz Təhsil Nazirliyi oldu. Mart ayından başlayaraq yaranmış çətin vəziyyətə baxmayaraq çevik şəkildə ardı-arda təhsil layihələrinin ərsəyə gətirilməsi, aparıcı beynəlxalq şirkətlərlə yüksək səviyyəli əməkdaşlığın qurulması, Microsoft kimi beynəlxalq korporasiya ilə birgə layihənin uğurla icrası təmin olundu. Virtual məktəb layihəsi uğurla icra edildi.
Dördüncü amil:
- Müasir dövrün tələblərindən biri də dil bilgisidir. Ceyhun Bayramov Azərbaycan, rus və ingilis dillərində sərbəst danışır.
Azərbaycan dilini təsadüfən qeyd etmədik. Çünki sabiq nazir Elmar Məmmədyarovun timsalında bir sıra məmurların Azərbaycan dilində danışa, özünü ifadə edə, düşünə bilməməsi ciddi müzakirə və tənqid olunan məsələlərdəndir.
Ceyhun Bayramov Azərbaycan dilində tam səlis danışır, azərbaycanca düşünür.
Yeri gəlmişkən, bir müddət əvvəl Ceyhun Bayramov İTV-nin çətin suallardan ibarət “Pressinq” layihəsində jurnalistlərlə debatda olmuşdu.
Həmin debatda iştirakçılardan biri də "Yeni Müsavat" qəzetinin redaktoru idi. O debatda Ceyhun Bayramovun nə dərəcədə savadlı, təmkinli, dözümlü, çevik reaksiyalı bir şəxs olduğuna jurnalistlər də şahid olublar.
Beşinci və ən vacib amil:
- Elmar Məmmədyarovdan sonra Xarici İşlər Nazirliyinə rəhbərin tam kənardan gətirilməsi şərt kimi görünürdü. Çünki prezident İlham Əliyevin çıxışlarından, habelə XİN-də keçirilən anti-korrupsiya əməliyyatlarından aydın olur ki, ötən müddət ərzində bu qurumda şəbəkə xarakterli cinayətkar dəstələr, qruplar yuva salıb. Hətta satqınlıq, xəyanət edənlər belə aşkarlanıb. Odur ki, bu sistemin içərisində olmayan bir şəxs XİN-də tam təmizləmə apara, strukturları yeniləyə və normal kadr siyasəti həyata keçirə bilərdi.
Qeyd edilən bütün bu detalların təhlilinin sonunda baş diplomat postunun reputasiyası təmiz, sədaqətliliyi, bacarıqları, beynəlxalq əlaqələri, sərt qərarlar vermək bacarığı, çevikliyi ilə seçilən Ceyhun Bayramova tapşırılması tamamilə yerində atılmış addımdır.
Bütün hallarda biz qısa müddətdə bu təyinatın bəhrələrini görəcəyik.
“Yeni Müsavat”