Siyasət
Sabunçunun icra başçısının supermarketə “səlib yürüşü”: Təxribat, yoxsa ağılsız səhv? - VİDEO
Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin çıxardığı oyun (və ya istəsəniz, əməl) ictimaiyyət arasında geniş rezonansa səbəb oldu. Onun özü isə, təəssüf ki, sosial şəbəkələrdə gülüş obyektinə çevrildi.
Bunu təəssüf hissi ilə söyləyirik, çünki həmin şəxs Bakının Balaxanı, Bilgəh, Kürdəxanı, Maştağa, Nardaran kimi 10 inzibati ərazi vahidini birləşdirən rayonlarından birinin İcra Hakimiyyətinə rəhbərlik edir. Yəni Sabunçu rayonunda yaşayan 230 mindən çox insanın taleyi və sosial-iqtisadi vəziyyəti müəyyən dərəcədə A.Vəliyevin qərarlarından asılıdır.
Yalnız onların deyil, həm də İH rəhbərinin iştirakı ilə olan videoya baxan, onun necə əsassız, qanunsuz olaraq şöbələrin bağlanmasını, yaxud bir sıra qeyri-ərzaq mallarının satışdan çıxarılmasını tələb etdiyini izləyənlərin də...
Hətta bəzi deputatlar və Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da hadisə ilə bağlı fikirlərini yerli media vasitəsilə bölüşdü. Onlar A.Vəliyevi qınayaraq, vəziyyətin hərtərəfli araşdırılmasına ehtiyac olduğunu söylədilər.
Yeri gəlmişkən, vəziyyət olduqca sadədir: Sabunçu rayonunun icra başçısı Adil Vəliyev, sadəcə, səriştəsizlik və bu qədər yüksək vəzifəyə sahib olan bir şəxs üçün yolverilməz sərtlik nümayiş etdirib.
A.Vəliyevin səhvi nədədir? Nəyə görə bu şəxsin hərəkəti cəmiyyət tərəfindən bu qədər mənfi şəkildə qəbul edildi?
Əvvəla, qeyd edək ki, A.Vəliyevin hərəkətlərini dövlət qurumları qiymətləndirəcək: “Megastore” supermarketinin sahibi olan şirkətin vəkilləri A.Vəliyevin hərəkətləri ilə bağlı müvafiq şikayətlə müraciət edəcəklər. Əminik ki, müraciətə ədalətli və qərəzsiz baxılacaq.
Üstəlik, Azərbaycanda bu cür məsələləri tənzimləyən qanunvericilik bazası mövcuddur. Bura 28 avqust 2013-cü il tarixli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Prezidentinin 13 iyun 2019-cu il tarixli müvafiq fərmanı əsasında bu normativ akta dəyişiklik edildi), Nazirlər Kabinetinin 13 aprel 2014-cü il tarixli “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları” qərarı və s. daxildir.
Yeri gəlmişkən, həmin Qaydaların 6-cı (“Ərzaq mallarının satış xüsusiyyətləri”), 8-ci (“Parça, xəz, trikotaj, tikiş mallarının və ayaqqabıların satışının xüsusiyyətləri”) və 9-cu (“Ətriyyat-kosmetika mallarının satış xüsusiyyətləri”) bəndlərinə baxsanız, konkret olaraq qanunu məhz kimin, necə və nə dərəcədə pozduğu barədə qənaətə gələ bilərsiniz.
Digər tərəfdən, bəli, ölkədə qanunlar və digər normativ aktlar var, ancaq nə səbəbə reydlərə məhz bölgənin rəhbəri gedir? Özü də hər hansı bir yerə yox, supermarketə.
Razılaşın ki, Bakının Sabunçu rayonunun rəhbəri Nardarandakı 8 nömrəli xəstəxananın, Sabunçu qəsəbəsindəki 3 nömrəli xəstəxanasının və ya Maştağadakı 7 nömrəli xəstəxananın stasionar şöbəsində görünsəydi, əlbəttə, şikayət olmazdı: Bu insan ölkədə epidemioloji baxımdan mürəkkəb vəziyyətdə tibb müəssisələrində pasiyentlərin müalicəsinin necə həyata keçirilməsi ilə tanış olmaq üçün gəlib.
Nəticədə, tibb mərkəzlərində nələrin çatışmadığını və onlara necə kömək edilə biləcəyini öyrənmək rayon İH başçısının birbaşa məsuliyyətindədir.
Əgər A.Vəliyev öz təşəbbüsü ilə bölgənin sahibkarları ilə onlayn (və ya offlayn, ancaq sosial məsafə qorunmaqla) görüş keçirsəydi, burada da hər kəs yalnız ona dəstək olardı. Axı rayonun həmin 10 inzibati ərazi vahidinin ərazisində 1 500-ə yaxın sənaye, tikinti, nəqliyyat, eləcə də, yüzlərlə pərakəndə satış obyekti fəaliyyət göstərir. Bu çətin günlərdə dövlət icra nümayəndəsinin sahibkarlara dəstəyi çox dəyərli olardı. Ancaq bu baş vermədi...
Nəhayət, A.Vəliyev karantin rejimini pozan hansısa balıq kafesinin gözlənilmədən başının üstünü alsaydı, onda hər şey öz qaydasında olardı və insanlar onu anlayardı. Necə ki, Ramana qəsəbəsinə reyd həyata keçirən və “Qarabağ” kafesində karantin rejiminin pozulduğunu aşkar edən Sabunçu rayon 12-ci Polis Bölməsinin əməkdaşlarını, həmçinin, analoji fəaliyyətləri Pirşağıda həyata keçirən həmin rayonun 15-ci Polis Bölməsinin əməkdaşlarını anladılar və dəstəklədilər.
Ancaq bu da baş vermədi, çünki A.Vəliyev öz səlahiyyətlərini məhz supermarketə tətbiq etmək istədi.
Bəs niyə A.Vəliyevin sərtliyindən danışırıq? Bəlkə, hər halda koronavirusla bağlı Azərbaycanda mövcud vəziyyəti və insanların karantindən yorğunluğunu nəzərə alsaq, baş verənlər ciddi səhv və səriştəsizlik kimi şərh olunmalıdır? Məgər rayon səviyyəsində olsa belə, hökuməti təmsil edən şəxs evlərində karantində saxlanılan insanları daha da qıcıqlandıran qanunsuz hərəkətlərə yol verə bilərmi? Əlbəttə ki, yox.
Deməli, əgər bu hərəkətləri bilərəkdən edirsə, bu, artıq səhv deyil, təxribatdır. Əgər A.Vəliyev, həqiqətən, səhv edibsə - bir anlıq özünü unudub və özünü kiçik yerli feodal kimi aparıbsa (yeri gəlmişkən, bu, Azərbaycanda bəzi icra başçılarına xasdır), həmin şəxsin səriştəsizliyi və onun Bakı şəhərində rayon İH rəhbərinin kürsüsündə oturması ilə uyğunsuzluğu başqa bir sual doğurur.
Daha çox xəbər:
"Onların həbsi ilə bağlı qərar veriblərsə ..." - İcra Hakimiyyətindən açıqlama
Daha iki icra başçısı vəzifədən azad ediləcək – Mənfi reputasiya...
Nazirlik icra başçısının fəaliyyətini yoxlayır
Prosesə Prezident rəhbərlik edir: Həbslər davam edəcək! - GƏLİŞMƏ
“Acgöz məmurlar xalq-iqtidar birliyini pozmağa cəhd edirlər” - Adil Əliyev