Cəmiyyət
Bakı Şəhəri Təhsil İdarəsində nə baş verir? - İTTİHAM
Azərbaycan təhsil sisteminin sağalmayan yarası sayılan və hal-hazırda Bakı şəhər Təhsil İdarəsində gündəlik iş prinsipinə çevrilən rüşvətxorluq və korrupsiya faktları artıq nəzarətdən çıxıb. Rəşad Tağıyevin idarəyə rəhbər təyin olunmasından sonra burada anarxiya, hərc-mərclik hökm sürür, məktəblərin yağmalanması prosesi sürətlənir. Ölkədə sərt karantin rejiminin tətbiq olunmasına baxmayaraq BŞTİ tez-tez məktəblərdə “operativ yoxlamalar” həyata keçirir və bu yoxlamalardan sonra məktəb rəhbərliyi və müəllimlər bir müddət özlərinə gələ bilmirlər.
R.Tağıyevin yağmalama siyasəti Azərbaycan təhsili üçün üz qarası, utancverici bir hadisədir. Bakı şəhər məktəblərində direktorların vəzifədən azad olunması və yenilərin vəzifəyə təyin olunması, müəllimlərin yerləşdirilməsi, birinci siniflərin komplektləşdirilməsi və digər sahələrdə rüşvətxorluq tüğyan edir. Bu gün BŞTİ sanki patyaxtın təhsil sektorunu məhv etmək üçün fəaliyyət göstərir. Zəngin ənənələri olan Bakı təhsili bir neçə nəfər rüşvətxor, korrupsioner və karyerist şəxsin əlində girova çevrilib. R.Tağıyev ətrafına topladığı şəxslərlə birlikdə paytaxtın təhsil sistemində bazar açıb.
BŞTİ-nin rəhbərliyində toplaşan şəxslər bir-birinə düşmən münasibət bəsləyən “rəqiblər”dir. İlk baxışda vahid komanda təsiri bağışlasalar da əslində bir-birini məhv etməyə hazır olan bu şəxslər mümkün olduğu qədər çox qazanmaq üçün bütün vasitələrdən istifadə edirlər. Bu gün BŞTİ intriqalar yuvasına çevrilib. Müxtəlif maraqların toqquşduğu idarədə bir neçə qruplaşma arasında amansız rəqabət və mübarizə gedir. Qarşı tərəfi sıradan çıxarmaq üçün bütün vasitələrdən istifadə edən qrupların savaşında isə Bakının təhsil sistemi sıradan çıxır. Daha çox qazanmaq uğrunda açıq rəqabət aparan bu qruplaşmaların fəaliyyəti nəticəsində Bakı məktəbləri rüşvət burulğanında məhv olmaqdadır.
BŞTİ bu yarıtmaz idarəçilik ucbatından yersiz intiriqalara meydan olub. İdarədə olan daha peşəkar, öz işinin ustası olan kadrlar əslində müxtəlif yollarla təqib olunur, fəaliyyətinə əngəllər törədilir. Xüsusilə Rəşad Tağıyev və müavini İlhamə xanım arasında olan intriqalar artıq sərhədd tanımır. İdarədə hökm sürən hərc-mərclik, intriqalar artıq o həddə çatıb ki,tərəflər bir-biri haqqında olan kompromatları mediaya sızdırır, bu yolla qarşı tərəfi susdurmağa çalışır. Rubrika.Az saytına daxil olan məlumatlara görə, belə “kompromat savaşı” BŞTİ-də artıq uzun müddətdir ki, davam edir. Verilən məlumatlara görə, mediaya sızdırılan məlumatların arxasında elə BŞTİ-nin məsul əməkdaşları-konkret olaraq idarənin hazırki rəhbəri Rəşad Tağıyev və ona yaxından köməklik göstərən “gözəgörünməz qüvvələri” idarə edənlər durur. R.Tağıyevin bu “məhsuldar” fəaliyyəti hələ Məhəbbət Vəliyevanın BŞTİ-nə rəhbərlik etdiyi dönəmdən başlayıb. Məhəbbət xanımın idarəyə rəhbərlik etdiyi vaxt mediada tirajlanan tənqidi materiallar, onun imicinə zərbə vuran qeyri-obyektiv informasiyalar məhz R.Tağıyev tərəfindən sızdırılıb. Rubrika.Az saytının xüsusi araşdırması bu idarədə əsl «köstəbəkin» kim olduğunu müəyyənləşdirib. Bu barədə növbəti yazımızda ətraflı məlumat verəcəyik. Vəzifəyə yüksək səlahiyyətlilər tərəfindən gətirilməsinə baxmayaraq daha “uzaqgörən siyasət” yürüdən R.Tağıyev BŞTİ, eləcə də paytaxt məktəbləri, direktorları barəsində kompromat xarakterli məlumatları gizli olaraq özünə yaxın adamların vasitəsilə media qurumlarına ötürüb. Eyni funksiyada müdirindən heç də geridə qalmayan BŞTİ-də rahat yuva quran qruplaşmalar bu gün də öz ampulasındadır.
BŞTİ-nin “kompromatçı üzvləri”nin fəaliyyətini dərindən analiz etsək görərik ki, onların əsas funksiyası elə BŞTİ-nin ictimaiyyətlə əlaqələrini, dövlətin kadr siyasətini obyektiv, tam şəffaf aparılmasını əngəlləməkdir. Düzdür, bu qüvvələr tutduqları postlarda özlərinə əməlli-başlı əlaqələr qurmağa müvəffəq olublar. Amma,bu əlaqələrin nə təhsilimizə , nə Təhsil Nazirliyinə, nə də dövlətimizə heç bir dəxli və xeyri yoxdur. Onlar Təhsil naziri, onun müavini M.Vəliyeva, eləcə də digər yüksək vəzifəli məmurlar barəsində, həmçinin paytaxt məktəbləri, onların direktorları haqqında kompromat tipli məlumatları mediaya sızdırmaq sahəsində “əvəzsiz mütəxəssisdirlər”. Bu sahədə mediada əməlli-başlı şəbəkə də formalaşdıra biliblər. Mediada son vaxtlar paytaxtın bir çox nüfuzlu məktəbləri barəsində verdikləri məlumatlardan çoxları istifadə edib, “çörək qazanıb”. Verdikləri məlumatların ciddiliyini nəzərə alaraq ciddi bir dövlət qurumuna rəhbərlik edən şəxslərin repartyor xidmətindən təbii ki, heç bir KİV imtina etməz.
BŞTİ-də yaranmış rüsvayçı, təhsil adına üz qarası olan vəziyyətlə bağlı bəzi suallarımızı cavablandırmaq üçün idarənin rəhbərliyinə ünvanlayırıq.
1. R.Tağıyevin BŞTİ-nə rəhbər təyin olunmasından sonra paytaxtın təhsil sistemində hökm sürən rüşvətxorluq və korrupsiya hallarının artmasının səbəbləri nədir? Bəlkə vəd etdiyiniz islahatlar paketi elə bundan ibarət olub.
2. Müxtəlif media orqanlarında R.Tağıyevin, eləcə də digər rəhbər şəxslərin ağlasığmaz sərvəti haqqında məlumatlar yayılır. Tərəfinizdən təkzib olunmayan bu məlumatlarda göstərilən sərvəti məmur maaşı ilə bir neçə yüz ilə toplamaq mümkündür. Bəlkə bu sehirli zaman yolçuluğunun sirlərini bizlərə də izah edəsiniz.
3. BŞTİ-nin rəhbərliyində hökm sürən intriqalar-R.Tağıyev-İlhamə xanım qruplaşmalarının mübarizəsi paytaxtın təhsil sistemini məhv edir. Bu mübarizənin Təhsil Naziri və müavini M.Vəliyeva tərəfindən himayə olunması barədə məlumatlar daxil olur. Bu barədə sizlərin açıqlamalarınız çox maraqlı olardı.
4. Rəhbərlik etdiyi dövlət qurumu barəsində KİV-lərə kompromat ötürmək hansı mənəviyyata və peşə əxlaqına sığır?
5.Məhəbbət Vəliyeva haqqında mediada gedən yazılarda sabiq direktordan «brilyant qaşlı saat» rüşvət alması ilə bağlı niyə təkzib verilmir?
6.Bir çox Bakı məktəblərində gizlədilən vakant müəllim yerlərinin dərs ili başladıqdan sonra, yəni təhsil sistemində verilən «oş»dan sonra göbələk kimi meydana çıxmasını nə ilə izah edə bilərsiniz?
7.Media üzərində gedən məlumatlarda Məhəbbət Vəliyevanın adamı kimi tanınan İdarənin müavini İlhamə Abdullayevanın I siniflərin qəbulu ilə bağlı bir çox məktəb direktorlarından pul yığılması haqqında məlumatlara münasibətinizi bildirəsiniz.
8.Paytaxt məktəbərində I siniflərə qəbul, eyni zamanda şagird yerdəyişmələri zamanı baş verən total rüşvətxorluq barəsində məlumatlar verilir. Belə bir həssas məqamda məktəbə ilk qədəmlərini atan körpələrin rüşvətlə qarşılanmasına nə ad vermək olar? İmkanlılar övladlarını yaxşı məktəblərdə oxudurlarsa bəs kasıblar neyləməlidir? Bəlkə paytaxt məktəblərini kateqoriyalara bölmüsünüz?
9.Paytaxt məktəbərinə işə qəbul prosesində dəhşətli saxtakarlıqlar hökm sürür. Vakant yerlərin gizlədilməsi, tapşırıqla, müxtəlif maraqlar müqabilində işə qəbul və ya yerdəyişmə prosesinin aparılması adi hal alıb. Bütün bunlar sizdən xəbərsiz baş verirmi? Xəbəriniz yoxdursa, BŞTİ necə idarə olunur, yox xəbəriniz varsa bu qanunsuzluqlara niyə göz yumursunuz?
//Rubrika.Az//