Cəmiyyət
“İlin sonuna qədər ən azı 3-4 sığorta şirkətini risk gözləyir” - ekspert
Pandemiya bir çox sahələrə, o cümlədən bank, maliyyə və sığorta sektoruna mənfi təsirini göstərdi. Ölkədə 4 bank bağlandı. Həmçinin hökumət maliyyə sektorunu tənzimləmək üçün bəzi addımlar atdı ki, bunlar sığorta sektorunu da əhatə etdi. Bəs görəsən, hazırda sığortanın müxtəlif sahələri ilə bağlı ölkədə son durum necədir? “Yeni Müsavat” bu mövzu ilə bağlı sığorta eksperti, hüquqşünas Xəyal Məmmədxanlı ilə müsahibəni təqdim edir.
- Pandemiyanın sığorta bazarına təsirləri necə oldu? Bir neçə bankın bağlandığını nəzərə alsaq, sığorta şirkətləri arasında da müflis olan olacaqmı?
- Elə bir sektor yoxdur ki, pandemiya oraya təsir göstərməsin. Sığorta bazarına gəlincə, ilin 4 aylıq nəticələri açıqlanıb, yanvar-aprel aylarına olan nəticələrə görə, koronavirusun sığorta bazarına təsirini hələ ki görmək mümkün deyil. Əksinə, sığorta bazarında bir qədər artım var. Bunun səbəbi odur ki, mart ayından xüsusi karantin rejimi elan olunanda, sığorta şirkətlərinin də, sığortalıların da əksəriyyəti aprel ayı ərzində pandemiyanın bitəcəyini və normal həyata qayıdacaqlarını düşünürdülər. Ona görə də demək olar ki, sığorta xərclərini azaltmayıblar. Nəzərə alsaq ki, bazarın böyük bir qismi icbari sığortaların və həyat sığortalarının payına düşür, təbii ki, onlar da mart və aprel ayında davam etdiyi üçün çox böyük təsirlər olmayıb. Ancaq may ayının nəticələri açıqlansa, o cümlədən may-iyun aylarında pandemiyanın davam edəcəyini düşünsək, bu dövrdə nəticələrdə azalma olacaq. Ancaq bunun məhz pandemiyanın təsiri olub-olmadığını demək çətindir. Azərbaycanda bir sığorta şirkəti - “Standart sığorta” bağlandı, daha ikisini nəzarətə götürüblər. Mərkəzi Bank həmin şirkətlərə müəyyən iradlar bildirib və onları aradan qaldırmaq üçün möhlət verib. Düşünürəm ki, ilin sonuna qədər ən azı 3-4 sığorta şirkətini risk gözləyir. Ona görə yox ki, hamısı əla vəziyyətdə idi və pandemiya onları vurdu. Onlar əvvəldən zəif şirkətlər idi, indi rəqabətin çətinləşdiyi, xərclərin artdığı, gəlirlərin azaldığı bir dönəmdə sağ qalmaq üçün güclü olmaq lazımdır. Ona görə də zəif şirkətlərin bazarda tab gətirməyəcəyini proqnozlaşdırıram. Ancaq ümumi rəqəmlərdə pandemiyanın sığorta bazarına mənfi təsiri barədə danışmaq hələ ki mümkün deyil.
- Sığortanın bir neçə növü üçün 2020-ci ildə böyük irəliləyiş planlaşdırılırdı, ancaq pandemiya gündəmə gəldikdən sonra arxa planda qaldı... Daşınmaz əmlak sığortası, icbari tibbi sığorta və sair...
- İcbari tibbi sığorta ilə bağlı qərar verildi ki, onun tətbiqinə 2021-ci ildə başlanılacaq. Mən illərdir deyirəm ki, Azərbaycanın sığorta modeli yanlışdır, işləməyəcək. Mexanizm də, idarəetmə də doğru deyil. Ən azı 2021-ci ili gözləməliyik, görək başlaya biləcəklər, ya yox. Daşınmaz əmlakın icbari sığortası da təəssüflər olsun ki, qeyri- müəyyən şəraitdə qalıb. Vaxtilə elektronlaşma ilə bağlı bir mesajlar verildi. Ancaq hazırda bu bazanın elektronlaşdırılması, o cümlədən sığorta növünün elektronlaşması ilə bağlı bir iş getmir hələ ki. Aqrar sığorta ilə bağlı da vəziyyət fərqli deyil. Bu icbari sığorta növü olmasa da, planlardan biri aqrar sığortanın inkişaf etdirilməsi idi. Bu ilin 4 ayı ərzində bir neçə sığorta növü üzrə yığımlarda azalma qeydə alınıb, onlardan da biri aqrar sektordur. 2020-ci ildən sığorta bazarı üçün bir irəliləyiş gözləməyə dəyməz, bu ili sağ qalmaq ili adlandırmaq olar.
- Bölgələrdə tibbi sığortanın durumu nə vəd edir?
- Rayonlarda bu layihə pilot olaraq həyata keçirilir. İcbari tibbi sığorta modelindən daha çox, vətəndaşlara tibbi xidmət necə göstərilməlidir praktikası idi. Heç kimin sığortası ödənilməmişdi. Ancaq sanki sığorta haqqı ödənilmiş kimi vətəndaşların bütün xərclərini İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ödəyirdi. Amma regionlarda hazırki məsələ hələ ki, dayanıb. Bütün səhiyyə üstünlüyü pandemiya ilə mübarizəyə verib. Mənim hiss etdiyim odur ki, tibbi sığorta məsələsində də bir fasilə yaranıb.
- TƏBİB-in yaranmasını necə dəyərləndirdiniz? İctimai rəy budur ki, pandemiya dövründə Səhiyyə Nazirliyindən daha çevik və effektiv iş görürlər.
- Bu fikirlə də razıyam. TƏBİB-ə həddindən artıq böyük yük verilib. 4000-dən çox bərbad vəziyyətdə olan xəstəxana, poliklinika, institut və sairə birdən-birə TƏBİB-də birləşdirmək və onlardan möhtəşəm tibbi xidmət gözləmək sadəlövhlük olardı. TƏBİB-in işi həddindən artıq ağırdır və ümid edək ki, öhdəsindən gələcək. Amma Səhiyyə Nazirliyinin bu işin öhdəsindən gəlməyəcəyi bəlli idi. TƏBİB isə Səhiyyə Nazirliyindən daha operativ və daha çevikdir. Qərarları da, açıqlamaları da, cəmiyyətlə kommunikasiyaları da yaxşıdır. Bu mənada TƏBİB-lə bağlı müsbət rəylər olsa da, icbari tibbi sığorta modelinin özünə yenidən baxmaq lazımdır. Bununla bağlı öncədən də rəy vermişdim və mənim təkliflərim əsasında qanunvericiliyə bəzi dəyişikliklər edildi. Təkliflərimdən biri də icbari tibbi sığorta haqlarının aşağı olması idi və sonradan noyabr ayında sığorta haqları artırıldı. Ancaq problem təkcə bu deyil. Qiymətlər, həkimlərin haqqının ödənilməsi, göndəriş sistemi, ailə həkimi institutu, tibbi xidmətlər və digər məsələlər bağlı suallar var idi. Necə olacağı üçün isə 2021-ci ili gözləməliyik.
- Sığorta sistemində bəzi problemli sahələrlə bağlı da danışmışdıq ki, bu sahələrdə bədbəxt hadisələr zamanı məsuliyyət dövlətin üzərində qalırdı, dövlət büdcəsinə yük düşürdü. Əsasən daşınmaz əmlakın, ticarət obyektlərinin sığortalanmasını nəzərdə tuturam. Bu məsələlər bir müddət aktuallaşsa da, yenə gündəmdən düşdü. Hansı irəliləyişlər var?
- Təəssüf ki, bu sahələrdə heç bir irəliləyiş yoxdur. Xüsusilə də söhbət əmlak sığortasından, təbii fəlakətlər zamanı baş verənlərdən və dövlət büdcəsi üzərinə düşən yükdən gedirsə, bu sahədə gözlə görünəcək bir irəliləyiş yoxdur. İstər daşınmaz əmlakın sığortası, istərsə də sahibkarların əmlakı ilə bağlı sığorta məsələsi olsun, burada problemli tərəf sığorta sektoru deyil. Bu məsələdə ən hazırlıqlı tərəf məhz sığorta şirkətləridir. Ancaq bu məsələdə çox ciddi şəffaf mühasibatlıq problemləri, yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi problemləri var. Bunlar kompleks həllini tapmalıdır ki, həmin obyektlər sığorta şirkətinin marağında olsun. Bu gün hətta dövlət sığorta şirkətləri üzərində “Evrohome” bazarını sığortalamaqla bağlı tələb qoysa da, heç bir sığorta şirkəti mövcud şəraitdə buna getməyəcək. Orada tədbirlər görülməlidir ki, risk sığorta riski halına gəlsin. Hazırda risk sığorta riski deyil, sadəcə olaraq, gündəlik baş verə biləcək ağır risk kateqoriyasına daxildir. Ona görə də heç bir sığorta şirkəti bunda maraqlı deyil. O mənada bu məsələlərlə bağlı bir irəliləyiş yoxdur. Bu sahədə dövlət tərəfindən bir çox işlər görülməlidir. Yanğın təhlükəsizliyindən dövriyyənin rəsmi uçotuna qədər bir çox problemlər öz əksini tapmalıdır. Mən onu da təklif etmişdim ki, Azərbaycanda ticarət mərkəzlərinin fəaliyyəti üçün konkret standartlar olmalıdır. “Binə”, “Sədərək”, “Evrohome” ticarət mərkəzləri üçün standartlar qoyulmalıdır və bu tələblərə cavab verməyənlərə müəyyən möhlət verilməlidir. Növbəti mərhələdə əməl etməyənlərin bağlanmasına gedilməlidir. Ən qorxulu məqam isə bu yanğınlarda can itkisinin olmasıdır. Son bir neçə yanğın can itkisi olmadan başa çatıb. Ancaq təhlükə qapıdadır, növbəti yanğınlarda insan itkisi də ola bilər. Bəlkə o zaman məsələnin ciddiyyətini anlaya bilərik.
- Azərbaycan cəmiyyətində sığorta mədəniyyəti hansı səviyyədədir və onun formalaşması üçün nələr etmək lazımdır?
- Sığorta mədəniyyəti ilə bağlı bir ara cəmiyyətdə irəliləyiş var idi. Hazırda isə insanların sosial vəziyyəti , əhalinin gəlirlərinin azalması, neft qiymətləri və pandemiyaya görə sosial durumun pisləşməsi Azərbaycanda onsuz da yaxşı vəziyyətdə olmayan sığorta məsələsini demək olar ki, arxa plana atdı, gündəmdən çıxartdı. İkinci məsələ odur ki, sığorta mədəniyyətinin inkişafı ilə məşğul olan qurumlar fəaliyyətsiz vəziyyətdədir. Azərbaycan Sığortaçılar Assosiasiyası, tənzimləyici, İcbari Sığorta Bürosu, eləcə də sığorta şirkətlərinin heç biri əhalinin maarifləndirilməsi və sığorta mədəniyyətinin formalaşması ilə bağlı iş aparmır. Bunun da nəticəsində sığorta bazarı zəif böyüyür. Biz 2018-ci ildə proqnozlaşdırırdıq ki, 2020-ci ildə sığorta bazarı 1 milyard manata çatmalıdır. Ancaq hələ də 4-5 ildir ki, eyni rəqəm ətrafında dayanmışıq, bazarı artıra bilmirik. Bu da həm əhalinin gəlirləri ilə bağlı, həm də sığorta mədəniyyəti ilə bağlı olan məsələdir. Ümumiyyətlə, bəzi cəmiyyətlərdə əhali gəlirləri ilə bağlı olaraq, sığortaya birinci və ya ikinci dərəcəli tələbat kimi baxırlarsa, qidadan sonra ikinci məsələdirsə, bu cəmiyyətlərdə sığorta bazarı heç nədən asılı olmayaraq inkişaf edir. Vətəndaş düşünür ki, mən necə sığortasız evdə yaşaya bilərəm, sığortası maşını sürə bilərəm... Bu mədəniyyətin oturuşduğu cəmiyyətlərdə insanlar sığortaya qida qədər əhəmiyyət verirlər. Ona görə də gəlirlərin azalması sığorta yığımlarına təsir göstərmir. İnsanlar hesab edir ki, gəlirləri nə qədər azdırsa, onu daha çox qorumaq lazımdır. Bizdə isə sığorta sonuncu yerdədir, nə vaxt artıq pulum olsa edərəm. Bizim vətəndaşlar gəlirləri azalan kimi birinci sığorta xərcini kəsirlər və ona görə də biz bu məsələdə yerimizdə saymaqdayıq.
Daha çox xəbər:
Evi olanlarla bağlı yeni qanun - Bunu etməyənlər cərimələnəcək
Bu xidmətlər icbari tibbi sığorta sisteminə daxil olmayacaq - RƏSMİ
Yanvarın 1-dən dövlət tərəfindən hər kəs üçün 90 manat ayrılacaq
Əhaliyə şad xəbər: İlk üç ay maaşınızdan pul tutulmayacaq
Uşaq, tələbə və hamilələr üçün icbari tibbi sığorta pulsuz olacaq