Gündəm
Müxalif partiyalardan toparlanma qərarı... - AÇIQLAMA
Azərbaycan müxalifətinin bir qrupu iyunun 5-də Azərbaycan Milli İstiqlal Partiyasının qərargahına yığışacaq. Görüşdə 10-a yaxın siyasi partiyanın iştirakı gözlənilir. Bu barədə “Yeni Müsavat”a AMİP-in sədr əvəzi Arzuxan Əlizadə məlumat verib.
O, bunları deyib: “Məlum olduğu kimi, mayın 18-də AXP-nin qərargahında keçirilən son toplantıdan sonra siyasi partiyaların mütəmadi olaraq toplaşaraq müxtəlif məsələlərlə bağlı müzakirələr aparması barədə razılıq əldə olunmuş və növbəti belə toplantının AMİP qərargahında bizim təşkilatçılığımızla keçirilməsi qərara alınmışdı.
AMİP Qərargahında keçiriləcək növbəti toplantının tarixi və ilkin olaraq müzakirə ediləcək mövzu artıq toplantıda iştirak edəcək partiyalarla razılaşdırılıb.
5 iyun tarixində saat 12-də keçirilməsi nəzərdə tutulan toplantıda ”Pandemiya dövründə verilmiş qərarlar, həyata keçirilən işlər və bundan sonrakı dövr üçün atılmalı olan addımlar" mövzusunda fikir mübadiləsi aparılacaq. Partiyaların sayına gəldikdə isə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilmiş qərara müvafiq olaraq toplantıların 10 nəfərdən çox olmaması şərti ilə keçirilməsi tələbi nəzərə alınacaqdır. Lakin gələcəkdə təbii ki, ölkədə rəsmi dövlət qeydiyyatından keçmiş siyasi partiyaların iştirakı ilə daha geniş tərkibli tədbirlərin keçiriləcəyi istisna olunmur".