Cəmiyyət
DTX-nin həbs etdiyi nazir müavininin maaşı və real qazancı - Rəqəmlər
Dövlət Təhlükəsizliyi Xidmətinin mayın 8-də keçirdiyi əməliyyatla Mədəniyyət nazirinin müavini Rafiq Bayramov saxlanılıb...
R.Bayramovun xidməti və yaşadığı ünvanlara keçirilmiş baxış zamanı pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, ayrı-ayrı valyutalarda saxlanılan pullar, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.
R.Bayramovun avtomobilindən də xarici və yerli valyutada olan xeyli pul vəsaiti tapılıb.
Nazir müavini bu pulları haradan yığıb?
DTX-nin əməliyyatın keçirilməsi ilə bağlı yaydığı videodan görünür ki, R.Bayramov korrupsiyanın “mədəni” zirvəsini fəth edib.
R.Bayramov etiraf edir ki, regional mədəniyyət idarələrinin rəisləri qarşısında özünün korrupsiya və rüşvətxorluq sxemində faydalı iş əmsalını artırmaq üçün tapşırıqlar qoyub.
R.Bayramov bildirir ki, respublika üzrə 15 mədəniyyət idarəsindən ay ərzində təxminən 60 min manat miqdarında pul əldə edib.
Bu azmış kimi R.Bayramov respublika ərazisindəki musiqi məktəblərinin, mədəniyyət evlərinin, kitabxanaların, rəsm məktəblərinin, qalereyaların, klubların, muzeylərin və sair mədəniyyət müəssisələrinin tikintisi, cari və əsaslı təmiri işlərinə görə ayrılan dövlət vəsaitlərinin bir hissəsini də mənimsəyib.
Onun sözlərinə görə, il ərzində təmir xərclərindən 150 min manat pul qazanıb.
Bəs nazir müavininin real gəliri nə qədər olmalıdır?
R.Bayramov 2018-ci ilin 27 iyununda mədəniyyət nazirinin müavini təyin olunub. R.Bayramov qısa müddət ərzində korrupsiya mexanizmini qurmaqla daha çox qazanc əldə etmək niyyəti güdüb.
Yəqin, R.Bayramov düşünüb ki, aylıq maaşı ona kifayət etməyəcək, buna görə də alternativ mənbələrə baş vurmaq lazımdır.
Bu məqsədlə R.Bayramov mədəniyyət idarələri, musiqi məktəbləri, təmir xərclərindən qoparılan pullar hesabına korrupsiya şəbəkəsini “ətə-cana” gətirib.
Qeyd edək ki, Azərbaycanda 2018-ci ilin martın 1-dən etibarən nazir müavinlərinin maaşı 1280 manat məbləğində müəyyənləşib.
Kifayət qədər yüksək maaş alan bir məmurun korrupsiya şəbəkəsi yaratmasının arxasında dayanan maraqların ən dəqiq motivini hüquq-mühafizə orqanları istintaq zamanı daha da aydınlaşdıracaq.
Xatırladaq ki, R.Bayramov Prezident İlham Əliyevin mayın 9-da imzaladığı sərəncamla vəzifəsindən azad edilib.(oxu.az)
Daha çox xəbər:
Dövlətdən oğurlanmış pullar “mədəni oğlanlar”ın evindən çıxdı - GƏLİŞMƏ
DTX-dan icra başçısı ilə bağlı RƏSMİ AÇIQLAMA - "Pulları evində alırmış"
DTX-nin həbs etdiyi yüksək vəzifəli məmurun rüşvət etirafları - VİDEO
DTX Mədəniyyət nazirinin müavinini saxladı
Məhkəmə sabiq icra başçısı barədə QƏRAR VERDİ