Sosial
Nazirlik Səbinə Kətanovaya "190 manat" verənləri yox, alanı günahlandırır
Özünü vayner kimi təqdim edən Səbinə Kətanovanın 190 manatlıq birdəfəlik ödəmə üçün müraciət etməsi və istəyinə nail olması cəmiyyətdə birmənalı qarşılanmayıb.
Sosial şəbəkələrdə bahalı həyat tərzi ilə diqqətləri öz üzərinə çəkməyə çalışan Kətanova buna görə onu qınayanları sərt şəkildə cavab verib, hətta təhqiramiz ifadələr işlədib.
Səbinənin rəsmi olaraq işsizlik və digər meyarlara görə bu hüququndan istifadə etməsində qeyri-adi heç nə yoxdur. Cəmiyyətdə qıcıq yaradan onun 190 manat təyin olunduqdan sonra etdiyi davranışlardır.
Belə ki, o, 40-50 min manat civarında olan lüks avtomobilində çəkdirdiyi şəkli paylaşarkən "190 manat alanda mən" yazıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sözçüsü Fazil Talıbov imkanlı şəxsə 190 manat müavinatın verilməsinə münasibət bildirərək Facbook səhifəsində yazıb ki, müraciətlərə baxılması müxtəlif dövlət orqanlarına məxsus e-informasiya sistemləri üzərindən həyata keçirilib. Müraciət edənlərin birdəfəlik ödəmə almaq hüququna baxılarkən, yalnız bu bazalardakı məlumatlara istinad edilib, onların maddi-məişət şəraitinin əyani müayinəsi aparılmayıb.
Onun sözlərinə görə, Səbinə Kətanovanın birdəfəlik ödəmə ilə bağlı müraciətinə baxılarkən də e-bazalarda onun adında heç bir əmlak, avtomobil və s. olduğu müəyyən edilməyib.
Nazirlik rəsmi həmçinin deyib ki, ödəmə alanların Siyahısının Nazirlik tərəfindən açıqlanması ictimai aşkarlığa önəm verilməsi məqsədi daşıyır və bununla nazirlik bu müavinata layiq olmayanları ictimai qınağa çəkmək istəyir.
Sonda nazirlik sözçüsü, ehtiyacı olmadan birdəfəlik ödəməni aldığına görə qınayırb.
Bununla yanaşı Fazil Talıbov, redaksiyamıza da müraciət edən və dövlətin ayırdığı 190 manatlıq müavinata gerçəkdən ehtiyacı olmasına baxmayaraq insanlara rədd cavabı verən, Səbinə Kətanova kimi imkanlı şəxsə isə bunu ayıran nazirlik məmurlarının hərəkətinə qiymət verməyib. Fazil Talıblı, bu kimi problemlərin baş verməməsi üçün nazirliyin nə kimi tədbirlər görəcəyindən və ümumiyyətlə nə isə edəcəyindən danışmayıb.
Daha çox xəbər: