Siyasət
11:11, 08 may 2020
37
0

Prezidentdən məsuliyyətsiz vətəndaşlara XƏBƏRDARLIQ: “Elə bil məktəb uşaqlarıdır”

Prezidentdən məsuliyyətsiz vətəndaşlara XƏBƏRDARLIQ: “Elə bil məktəb uşaqlarıdır”
Mayın 7-də Bakıda modul tipli ilk xəstəxana kompleksinin açılışı olub.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva modul tipli xəstəxana kompleksinin açılışında iştirak ediblər.

Prezident qeyd edib ki, Azərbaycanın koronavirusa qarşı mübarizə sahəsində təcrübəsi ən mütərəqqi və ən insansevər təcrübədir.

Dövlət həmişə bəyan edib ki, Azərbaycan üçün başlıca məsələ vətəndaşların sağlamlığıdır. Azərbaycanda formalaşdırılmış müasir səhiyyə sistemi koronavirusla mübarizə sahəsində bütün lazımi tədbirləri görməyə imkan verir.

Amma bəzi vətəndaşların məsuliyyətsizliyi səbəbindən karantin rejiminin qaydaları pozulur.

Bu isə infeksiyaya yoluxmanın xəstəlikdən sağalma hallarını üstələməsi ilə nəticələnir.

Buna görə də insanların məsuliyyətsiz davranışı davam edəcəyi təqdirdə, karantin rejimi əvvəlki vəziyyətə gətiriləcək və sərtləşdiriləcək.

Prezident İlham Əliyev çıxışında bu barədə danışıb:

“Son 2-3 gündə xəstələnənlərin sayının sağalanların sayından çox olması, kəskin artarsa, - mən bunu açıq demək istəyirəm və hər kəs bunu bilsin, - biz məcbur olub karantin rejimini əvvəlki vəziyyətə gətirəcəyik, sərtləşdirəcəyik, qaydaları pozanlara qarşı da daha ciddi cəza tədbirləri görüləcək ki, biz vəziyyəti daim nəzarətdə saxlayaq”.

Prezidentin sözlərinə görə, bəzi məsuliyyətsiz vətəndaşlar heç bir qaydalara əməl etmirlər, maska taxmırlar, məsafə saxlamırlar, özlərini elə aparırlar ki, sanki virus artıq məhv olub.

“Buna qətiyyən yol vermək olmaz. Ona görə bu adamlara qarşı ciddi tədbirlər görüləcək. Hamı bunu bilsin və nəticə çıxarsın. Biz imkan verə bilmərik ki, hansısa məsuliyyətsiz vətəndaşlara görə insanların həyatı risk altına düşsün. Qətiyyən mümkün deyil”, - deyə Prezident əlavə edib.

Koronavirusun yayılmaması üçün vətəndaşların şəxsi məsuliyyəti mühüm şərtdir. Maska taxmaq, məsafə saxlamaq, tez-tez əlləri yumaq, dezinfeksiya vasitələrindən istifadə etmək bir qayda olmalıdır.

“Biz televiziyada görürük, növbə var, adamlar öz aralarında bir metr yarım, iki metr məsafə saxlayırlar, maska taxırlar. Amma bizdə məsafə saxlayan var? Açın, istənilən kanala baxın. Dünən mən baxmışam, bankın qabağında bir-birinin yanında durublar, maska yox, müxbirlər soruşurlar ki, nə üçün? Elə bil ki, məktəb uşaqlarıdır, min cür bəhanə gətirirlər - yadımdan çıxdı, havada maska lazım deyil, cibimdədir. Biz belə münasibətə dözə bilmərik. Bu, zarafat deyil. Hər kəs bunu çox ciddi qəbul etməlidir”, - deyən Prezident əlavə edib ki, belə adamlara qarşı ciddi cəza tədbirləri görüləcək:

“Mən bu gün bütün aidiyyəti orqanlara müraciət edərək deyirəm, cəza tədbirlərini sərtləşdirin. Biz vətəndaşları qorumalıyıq. Biz imkan verə bilmərik ki, hansısa intizamı pozan, məsuliyyətsiz adama görə vətəndaşlarımız xəstələnsin, ölsün”.
Digər xəbərlər: