Cəmiyyət
“Qolu qandallı icra başçısı” trendi, yoxsa... dövlətin nüfuzuna xələl gətirmək tapşırığı almış “kamikadze”lər
Koronavirusa və rüşvətxorluğa qarşı mübarizə aparıldığı bir dövrdə Dövlət Təhlükəsizlik Xidməti (DTX) əməkdaşlarının daha iki icra hakimiyyəti başçısına qarşı apardığı əməliyyatlar Azərbaycan gündəminin əsas mövzusuna çevrilib. Ona görə yox ki, korrupsiyaya və rüşvətxorluğa qarşı aparılan mübarizə çərçivəsində vəzifə başında növbəti icra başçılarının həbsi sensasiyadır. Yox bu sensasiya deyil, bundan əvvəl də 3 icra başçısı və digər məmurların həbsinin şahidi olmuşuq. Budəfəki həbslərin əsas motivlərinin pandemiya dövründə ehtiyacı olan vətəndaşlara ayrılmış yardımların vəzifəli şəxslər tərəfindən mənimsənilməsi olduğu üçün cəmiyyətdə ikrah hissi ilə qarşılanıb.
AzToday.az xəbər verir ki, məsələnin daha qabarıq özünü göstərməsinin digər bir səbəbi də məhz icra hakimiyyətlərində mövcud olan acınacaqlı vəziyyətin ölkənin birinci şəxsi tərəfindən açıq şəkldə ortaya qoyulmasıdır. Prezidentin yeni Baş prokuroru qəbul edərkən mövcud vəziyyətlə bağlı söylədikləri vəzifəli şəxslərin elan olunan islahatlar prosesinə etinasız yanaşdığını, edilən xəbərdarlıqları qulaqardına vurduqları, yeni tələblərə məhəl qoymadıqları, dövlət başçısının tapşırıqlarına əməl edə bilmədikləri və ya yerinə yetirmək istəmədikləri haqda reallıqları meydana çıxarıb. Düzdür, prezident onların bu fəaliyyətə niyə qurşandıqları ilə bağlı bəzi gerçəkləri də sadalayıb. Amma bu məqamda onu xatıraltmağa ehtiyac var ki, məmurların, xüsusilə də icra hakimiyyətlərində çalışanların köhnə qaydada ilə işləmələrini şərtləndirən bəzi mühüm amillər də mövcuddur.
İcra başçıları niyə dərs götürmürlər?
Dövlət başçısının korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizəni əsas vəzifə kimi qarşıya qoyduğu halda bu tələblərə məmurların kifayət qədər saymazyanalıq göstərməsi doğrudan da maraq doğurur. Bu xoşagəlməz hallara qarşı Azərbaycanda ötən ildən sözün əsl mənasında “müharibə” elan olunması bəzi məmurların vecinə də deyil. Prezident bu məsələ ilə bağlı dəfələrlə bütün dövlət məmurlarını xəbərdar etsə də, onları istefaya dəvət etsə də, bir-bir əməliyyata “qurban gedən” həmin məmurlar əllərində “aldığı rüşvətin sübutu olan” pullla həbs olunmağı kreslonu könüllü tərk etməkdən üstün tuturlar.
Nədir bu? Tamahkarlıq, pula hərislik, yoxsa dövlət başçısının dediyi kimi, kiməsə arxalanmaq? Əgər bu arxayınlıq varsa, deməli, onlar cəzalandırılmayacaqlarına əmindirlər. Onlar həmin adamlara güvənib “mənə heç kim heç nə edə bilməz” prinsipini üstün tutmaqla fəaliyyət göstərirlər. Digər bir məsələ məmurların yüksək vəzifəli şəxslərlə qohumluq əlaqələri, vəzifədə çalışan və artıq vəzifəsini itirmiş həmin şəxslərin dəstəyinə ümid etmələridir.
Amma son hadisələr, xüsusilə Neftçala, Biləsuvar və İmişlidə aparılan əməliyyatlar göstərdi ki, artıq vəzifə səlahiyyətlərindən istifadə edərək harınlaşmış və kreslonu buraxmaq istəməyən məmurların kimin adamı olması o qədər fərq eləmir.
“Qolu qandallı” halda vəzifəsi ilə vidalaşan başçılar əsasən kimlərin kadrlarıdır?
Onu da qeyd etmək yerinə düşər ki, vəzifə ilə vidalaşmağın “qolu qandallı aparılmaq” yolunu üstün tutan keçmiş icra başçılarının kimlərlə, hansı dərəcədə bağlı olduğunun ortaya çıxması onların “krışa”larının kimliyinin hazırda rol oynamadığı artıq məlumdur. Məsələn, Neftçala rayonunun icra başçısının hansısa nazirlə qohum olması, Biləsuvarın icra başçısının sabiq kənd təsərrüfatı naziri ilə qohum olması, İmişlinin icra başçısı, Hafiz Hacıyevin əmisi oğlu Vilyam Hacıyevin fövqəladə hallar naziri Kəmaləddin Heydərovla yaxın dostluq əlaqələri də köməklərinə çatmayıb. Artıq dövran dəyişib. Ona görə ki, yaxınları, tanışları, qohumları, yüksək vəzifəli dostlarına arxalananlar artıq bu barədə yaxşı-yaxşı fikirləşməlidir. Dövlət başçısı da qəti şəkildə bəyan edib ki, Azərbaycan cəmiyyətində korrupsiya və rüşvətxorluq olmamalıdır. Kimliyindən asılı olmayaraq heç kim məsuliyyətdən boyun qaçıra bilməyəcək və onlara qarşı mübariəz amansız olacaq.
Ötən ilin sonlarında hakimiyyətdə aparılan struktur və kadr dəyişikliklərindən sonra pulla “kreslo alan” məmurların vəzifədə qalmaq şansları da xeyli dərəcədə azalıb. Vəzifəsindən sui-istifadə edərək, korrupsiya, rüşvət, mənimsəmə və s. cinayətlər törədən icra başçıları bir-birlərinin ardınca ifşa edilərək məsuliyyətə cəlb olunmasına görə bu prosesin davamlı olacağı şübhə doğurmur.
Ən maraqlı məqam isə odur ki, indiyə qədər əgər sadə vətəndaşlar “qara maskalı” DTX əməkdaşlarını öz rayonlarına dəvət edirdilərsə, artıq bu arzuda olan deputatlar da tapılıb. Əslən Yardımlıdan olan deputat Sabir Rüstəmxanlı mətbuata açıqlamasında Yardımlı rayon icra başçısı Ayaz Əsgərovu aztəminatlı ailələrə ayrılan yardımların mənimsənilməsində ittiham edərək DTX-ya “navodka” verməsi Yardımlının ağsaqqalları və həmin rayonu Milli Məclisdə təmsil edən Musa Qasımlının xoşuna gəlməyib. Yaxud da bu icra başçıları özlərinə arxa tapmayanda rayon sakinlərini və ya onun yanında hansısa xahişə görə gözü kölgəli olan hər hansı deputatı da səfərbər edə bilirlər. Artıq başqa dayaqları olmadıqlarını başa düşdükləri üçün icra başçıları son çarəyə əl atırlar.
Bakı şəhərində korrupsiyaya bulaşmış icra başçısı yoxdur?
Amma ölkədə indi maraqlı bir situasiya yaranıb. DTX əməliyyat keçirərək ifşa etdiyi və cinayət məsuliyyətinə cəlb edilən rüşvətxor yüksək vəzifə sahibləri əsasən, kənd rayonlarının, o cümlədən Ağstafa, Biləsuvar, Yevlax, Neftçala, İmişli rayonlarının icra başçılarıdır. Görəsən, indiyə qədər Bakı şəhərinin rayonlarında bu kimi haqsızlıq, rüşvətxorluq faktları omayıb? İllərdir iş prinsipləri korrupsiya, rüşvətxorluq əsasında quran həmin icra başçılarından heç şikayət edən yoxdur? Prezident də təəssüflə bildirib ki, belə xoşagəlməz hallar digər rayonlarda da var.
Bu barədə media orqanlarında, sosial şəbəkələrdə dəfələrlə yazıar yazılıb, şikayətlər yer alıb. Özü də onların Bakıda satdıqları və ələ keçirdikləri torpaqların, obyektlərin qiyməti Mahir Quliyevin 9 ildə qazandığının min qatı qədərdir.
Amma nədənsə bu müddət ərzində Bakının rayonlarını bərbad günə qoyan, əməlləri ilə Yevlax, Ağstafa, Biləsuvar və İmişli rayonlarının icra başçılarından geri qalmayan Bakı şəhərinin rayonlarında kök salmış həmin icra başçılarına “gözünün üstündə qaşın var” deyən yoxdur. Xeyli məmurlar var ki, onlar da Bakı şəhərinin hansısa rayonunda özlərini “hakimi-mütləq” elan ediblər, daha sonra vəzifələrindən çıxarılıb başqa rayonlara icra başçısı qoyulublar. Bununla onların həmin iş prinsipindəan əl çəkdilərini zənn etmək sadəlövlük olardı. Onların ifşa olunması üçün kimlər “navodka” verməlidir?
Prezidentin siyasətinə qarşı çıxanların xüsusi direktivlər almadıqlarına da zəmanət yoxdur
Yuxarıda qeyd olunduğu kimi, dövlət başçısı korrupsiya və rüşvətxorluğa savaş açmasına baxmayaraq, “gözü çıxmış qardaşından ibrət götürməyənlər”in özlərini “kamikadze” kimi aparmaları da müəmmalıdır. Yəni açıq şəkildə bu əməllərin cəzasız qalmayacağının elan edildiyi, bir neçə vəzifəli şəxsin iş başında həbs olunduğu bir vaxtda “köhnə iş prinsipi”ni dayandırmayan vəzifəlilərin davranışları müəyyən suallar doğurur.
Ən azı onlar vəziyyətin dəyişdiyini görəndə yeni qayda ilə işləmədiklərini dərk edərək hər hansı bəhanə ilə işdən gedə bilərlər. Yəni belə bir şansları mövcuddur. İllərdir xeyli pul qazandıqlarını nəzərə alanda da bunların özlərini sırf pul üçün qurban verdiklərini güman etmək də bir qədər anormallıq hesab edilə bilər.
Burada daha dəhşətli və ağlabatan versiyanın ortaya çıxmasını da görmək mümkündür. Onsuz da korrupsiyaya bulaşmış, rüşvət almağı iş prinsipi seçən bu şəxslərin vəzifədə qalmasının və fəaliyyətinin əsas məqsədlərinin hakimiyyətin nüfuzuna xələl gətirmək olduğunu güman etməyə ciddi əsaslar yaranır. Ən azı müharibə ilə müqayisə edilən bir dövrdə əhalinin aztəminatlı təbəqəsi üçün nəzərdə tutulmuş yardımın mənimsənilməsi ilə məşğul olmaq döğrudan da, düşünülmüş və məkrli məqsədlərdən xəbər verir. Yəni əhalinin vəd edilən yardımlardan məhrum qalaraq hakimiyyətdən narazı qalmasına süni şəkildə şərait yaradılır. Üstəlik, sırf Heydər Əliyev Fondu tərəfindən göndərilmiş ərzaq paylarını da aparıb öz qohumlarının evlərində gizlədən Biləsuvar İcra hakimiyyətin başçısı Mahir Quliyevin əməllərinin ardında başqa məqsədlər dayandığına şübhələr yaranır.
Bəs görəsən, ölkə prezidentinin və dövlətin siyasətinə qarşı fəaliyyət göstərənlər bu vəzifələrdə necə qala bilirlər? Təbii ki, onlar bu vəzifəyə gəlmə prinsipləri hələ də onların vəzifədə qalmasına şərait yaradır. Hətta belə demək mükünsə, onların vəzifədə qalıb iqtidarın fəaliyyətinə kölgə salmaq yönündə xüsusi direktivlər almadıqlarına da zəmanət yoxdur.
Problem sistemdə islahatlarla gedilməklə həll oluna bilərmi?
Dövlət başçısının çıxışından bəlli olan digər məqam odur ki, rüşvətxor və korrupsiyaçı icra başçıları müqavimət göstərirlər. Onların işdən azad olunmasının yolları da bu məmurların ifşa edə bilməyənə qədər vəzifədən uzaqlaşdırmağın qeyri-mümkünlüyü barədə rəy yaranır.
Yəni bu adamlar prezidentin yeni və köhnə icra başçılarını qəbul edəndə və ya vəzifəyə təyin olunanda vətəndaşlara xidmət etməyi, rüşvət almamağı, sahibkarlara kömək göstərməyi tələb etdiyi halda rayonlarda bunun tamam əksi baş verir. Məsələn, Biləsuvar rayonunun həbs edilmiş icra başçısı bir neçə insanın torpaq sahəsini əllərindən alırsa, bu ağır dövrdə verilən ərzağı oğurlayırsa, fəhlələrə nəzərdə tutulmuş maaşı öz cibinə qoyursa, bunları anlamaq bir qədər çətindir.
Burada maraqlı bir məsələ isə hələ də rayonlarda səhiyyə, təhsil, mədəniyyət sahəsi üzrə vəzifəli şəxslər, məktəb direktorlarından pul yığılması zəncirinin qarşısını almağın qeyri-mümkünlüyüdür. Bu sistemi artıq dövlətin qanunundan üstün olmasının nəticəsidir ki, rayonlara göndərilən yeni icra başçıları belə orada olan müavinlər, digər işçilərin öyrəndikləri iş prinsipləri əsasında işləməyə başlayırlar. Ona görə də icra başçılarını təmiz işləməyə dəvət eləmək, yaxud da onları vəzifə başında ifşa edib, əksinə dövlətin nüfuzuna xələl gətirməkdənsə, bu adda olan idaremə strukturunu ləğv etmək daha məqsədəuyğun ola bilər.
Bunun üçün dünya təcrübəsini əsas götürüb, texnologiyanın indi ən müasir mərhələyə qədəm qoyduğu, avtomatlaşdırmanın nəticələrinin praktikada özünü doğrutduğu bir dövrdə dövlətin vəsaiti hesabına bu qədər rüşvətxorluğa bulaşmış, korrupsiyalaşmış icra strukturlarını saxlamaqdansa, yaxşı maaşla Prezidentin məhdud ştatda səlahiyyətli nümayəndələrini təyin etməklə vətəndaşları da, dövləti də bu azğınlardan xilas emək olar. Ona görə ki, ali icra hakimiyyətində aparılan struktur islahatları yerli icra strukturlarında aparılmayana qədər bu problemin həllini tapması müşkül görünür…
Daha çox xəbər:
"DTX bu işin öhdəsindən yüksək səviyyədə gələcək" - İlham İsmayıl
Rüşvətxorlara qarşı mübarizə daha sərtləşəcək - Məmurlar arxayınlaşmasın...
Həbs olunan icra başçıları harada “dincəlir”? - AÇIQLAMA
"Onların həbsi ilə bağlı qərar veriblərsə ..." - İcra Hakimiyyətindən açıqlama
“Acgöz məmurlar xalq-iqtidar birliyini pozmağa cəhd edirlər” - Adil Əliyev