Siyasət
10:07, 04 may 2020
22
0

Sadə Abutalıbovun mürəkkəb biznesi - ARAŞDIRMA

Sadə Abutalıbovun mürəkkəb biznesi - ARAŞDIRMA
İsrafil Abutalıb və Orxan Abutalıbov qardaşlarının Türkiyə, İngiltərə və Azərbaycanın turizm, daşınmaz əmlak və restoran biznesinə, təhsil sektoruna yatırımları on milyonlarla dollarlaölçülür. Amma təkcə onlar deyil, Azərbaycan paytaxtının keçmişicra başçısının yaxın qohumları da xaricdə böyük biznes şəbəkəsi qurublar.

"Sizin göstərişlərinizin, Bakının belə gözəl vəziyyətə çatdırılması üçün Sizin arzularınızın yerinə yetirilməsində əlimdən gələni edə bildim. Bakı gözəlləşdi və Siz də həmişə demisiniz və deyirsiniz ki, Bakı dünyanın ən gözəl şəhəridir”.Oktyabrın 21-də – Baş nazirin müavini postundan istefa ərizəsinin qəbul edildiyi gün – prezident İlham Əliyevləgörüşündə H.Abutalıbov Bakının simasının dəyişməsi üçün vəzifədə olduğu dövrdə əzmlə çalışdığını şövqlə dilə gətirdi. Düzdür, dövlət başçısı soruşmadı, amma soruşsaydı, 1995-ci ildən dövlət qulluğunda olan və məbləği yüz milyonlarla manatla ölçülən şəhər büdcəsi üzərində sərəncam verən 75 yaşlı fizik, ictimaiyyət qarşısında özünün qeyri-adekvat və bəzən məzəli çıxışları ilə yadda qalan H.Abutalıbov bu dövrdə ikiövladının Azərbaycanda və ölkə xaricində böyük sərvətə necə sahib olmasını izah etməkdə yəqin ki çətinlik çəkərdi.

Dövlət qulluğuna gələnədək AMEA-nın Fizika İnstitutunda laboratoriya müdiri işləyən H.Abutalıbovun böyük oğlu İsrafil ixtisasca hüquqşünasdır. Bakıda müxtəlif qurumlarda, o cümlədən Konstitusiya Məhkəməsinin sədrinin köməkçisi vəzifəsində çalışıb.

Londonda biznes aləminə ilk gəlişi 2007-ci ilə təsadüf edir. 29 yaşlı İsrafil burada "Androush Shtriker Limited” və "Hamilton Consultancy & Advisory Limited” şirkətlərinin direktoru olub. Bu şirkətlər 9-10 ildir ki, fəaliyyətini dayandırıb.

İsrafil Abutalıb ikinci dəfə Londona bir daha 2016-cı ildə dönüb. Əvvəlcə o, "Sidmouth İnvestment Limited” şirkətini qurub. Növbəti il burada təsis etdiyi "Kenwood AM Ltd” şirkəti vasitəsilə "Rock Gate Mews Limited” şirkətinə sahib olub. Sonuncu şirkətin ingilis sahibləri onu banka ipoteka borcuna görə İ.Abutalıba satmalı olmuşdular. Londonda 17 Spaniards End ünvanındakıhəmin əmlakı yerli rieltorlar 6,6 milyon funt dəyərində qiymətləndirir.

Londonda yaşayan Azərbaycan əsilli Anar Paşa adlı şəxsin rəhbərlik etdiyi hər üç şirkət Böyük Britaniyada daşınmaz əmlakın alğı-satqısı ilə məşğuldur. İsrafil Abutalıbın ofisləri fərqli məkanlarda yerləşən şirkətlərinin toplam aktivləri maliyyə hesabatlarına görə 9 milyon 671 min funt və ya 21,3 milyon manat təşkil edir.

Abutalıbovların Türkiyədə əmlak bazarına girişməsi 2013-cü ildən başlayıb. Qardaşlar burada çoxlu sayda şirkətə sahibdirlər. Şirkətlərin və mülklərin əsas hissəsi İstanbulun tarixi mərkəzlərindən birində – Sultanahmetdədir. Altı ildə onlar bu şirkətlərə milyonlarla sərmayə qoyublar. Türkiyənin "Ticaret Sicili Gazetesi”ndə (şirkətlərin yaradılmasına və onların idarəetməsində baş verən dəyişikliklərə dair rəsmi qəzet – red.)açıqlanan məlumatlara görə, bu sərmayənin əsas hissəsi ölkə xaricindən gəlir.

İsrafil Abutalıbov 2015-ci ilin iyul ayının 27-də Türkiyə vətəndaşlığı alıb və soyadını dəyişdirib. İndi o, İsrafil Abutalıbdır. Onun İstanbuldakı yaşayış yeri Bakırköydə, dəbdəbəli şəxsi villaların tikildiyi Şənlikköy məhəlləsidir (Şəhid Müəmmər Yüzsürən küçəsi, ev 1/5, mənzil 2). Yaşıllıqlarla əhatə olunmuş bu beşmərtəbəli mülk həm də İ. Abutalıbın həyat yoldaşı Nailə Abutalıbın (Əzimova) ev ünvanıdır. Orxan isə hələ də Azərbaycan vətəndaşıdır və Bakıda, atası ilə eyni ünvanda:Mustafa Topçubaşov küçəsi, ev 21, mənzil 2-də qeydiyyatdadır.

Qardaşların Türkiyədə şirkət yaratma fəaliyyətində diqqət çəkən məqamlardan biri budur ki, bir çox halda şirkətlərin ilk təsisçiləri qismində sonradan bu şirkətlərdə idarəedici olacaq şəxslər iştirak ediblər. Digər məqam isə onların satın aldıqları yaşı 100-150 il olan evləri sökmədikləri, əksinə, neçəyə başa gələcəyini düşünmədən bəzən ilkin görkəmindən də gözəl bərpa etmələridir. Bakıda isə Hacıbala Abutalıbovun dönəmində tarixi memarlıq abidələrinin buldozerin tırtılları altında can verməsi tikinti aparılan ərazlərdə normaya çevrilmişdi.

"12 Group Otelcilik Turizm ve Ticaret A.Ş.” şirkətini 2013-cü ilin iyul ayında 100.000 lirə sərmayə ilə Kürşat Öztürk təsis edib. Həmin ilin oktyabrında şirkətin səhmləri notariusa qeydiyyat ünvanı Bakı şəhəri, Mirəli Qaşqay küçəsi, ev 93, mənzil 24(Türkiyə mənbələrinə görə, bu mənzil həm də onun qardaşı Orxan Abutalıbovun yaşayış yeridir) kimi təqdim olunan İsrafil Abutalıbova ötürülüb. 2016-cı ilin əvvəlində şirkətin qeydiyyatıBağcılar/İstanbul, Koçman küçəsi, 54 ünvanındakı Ziyal Plazadan Fatih, Küçük Ayasofya məhəlləsi, Ödev küçəsi, ev 5/2 ünvanına köçürülüb. Bu unvanda İ.Abutalıbın ikimərtəbəli mülkü var. Evi Gülab Memarlıq şirkəti 2018-ci ildə bərpa edib. Bu inşaat şirkəti də Hacıbala Abutalıbovun oğullarına məxsusdur. 2017-ci ilin avqustunda İ.Abutalıb 12 Group şirkətinə daha 1 milyon lirə sərmayə qoyub. 2018-ci ilin oktyabrında o, şirkətin baş ofisini Kadırqa Limanı küçəsi, ev 123/1-ə köçürüb. Bu ilin iyununda isə "12 Group” Otelcilik şirkətinin kapitalı 8.371.520 lirəyə qaldırılıb. Artım şirkətə yeni səhmdarın – Kahraman Dadanın gəlişi hesabına baş verib. O, şirkətə yatırımı Küçük Ayasofya məhəlləsində yerləşən 268,5 kvadratmetrlik daşınmaz əmlak şəklində edib. Lakin avqustun 5-dən İ.Abutalıb K.Dadanınpayını satın alıb və yenidən şirkətin yeganə sahibidir. Hazırda "12 Group” şirkətlərinin İstanbuldakı baş ofisi Küçük Ayasofyada, Şehit Mehmet Paşa küçəsindəki üçmərtəbəli evdir. Köhnə görkəminin bərpa olunmasına iki il sərf olunan həmin binada həm də "Gülab İnşaat Mimarlık ve Geyrimankul Danışmanlık A.Ş.” yerləşir.

"Gülab İnşaat” şirkətini 2015-ci ilin oktyabrında İ.Abutalıb 0,5 milyon lirə kapitalla yaradıb. 2017-ci ildə o, şirkətə daha 1,5 milyon lirə yatırıb, qardaşı Orxanı bu tikinti və memarlıq şirkətinin rəhbərlərindən biri təyin edib. Bir il sonra İsrafil şirkətin səhmlərinin 0,5%-ni Yaşar Türkmenə satıb. "12 Group”-un sifarişi ilə şirkətin tikdiyi evlər arasında Küçükçekme/İstanbul, Sefaköydə hər biri 263 m²-lik 2-qatlı kirayəllik Premium sinifli 4 mənzildən ibarət 4-mərtəbəli ev də var.

Kadırqa Limanı məhəlləsindəki "Verni Art Salon” verniartsalon.com/ adlı muzey qardaşlara məxsusdur. Kiçik Ayasofya Məscidi ilə Sokullu Mehmet Paşa Məscidi arasında qərarlaşan, bərpa işlərindən sonra bu ilin yayında istifadəyə verilən bu üçmərtəbəli binadan gəmiqayırma ustaları Osmanlı dövründə anbar kimi istifadə edərdilər. Abutalıbovlar indi buraya – 600 m² sahəni tutan muzeyə – Türkiyənin hər yerindən əntiq əşyalar, mebellər, Azərbaycanda əllə toxunmuş ipək və pun xalça kolleksiyaları gətirib nümayiş etdirirlər.

"Zeytin Gayrimankul Yatırım Otelcilik Turizm ve Ticaret A.Ş.” 2013-cü ilin mayında İstanbulda, Ziyal Plazada yaradılıb. İki ay sonra Nailə Əzimova şirkəti Zeki Kurtdan satın alıb və kapitalını 100 mindən 315 min lirəyə qaldırıb. Nailə Əzimova 2015-ci ilin iyul ayında Azərbaycan vətəndaşlığını Türkiyə vətəndaşlığına dəyişib və həyat yoldaşı İsrafil Abutalıbın soyadını qəbul edib. Növbəti il şirkət Fatih/İstanbul, KasapOsman küçəsi, 16 nömrəli evə köçürülüb. Buradakı torpaq sahəsi üzərində kiçik bir mülk var. 2017-ci ildə isə o, Zeytin şirkətinin kapitalını 2 milyon lirəyə çatdırıb.

"İncir Otelcilik Turizm ve Ticaret A. Ş.” şirkəti Zeytin Gayrimankul Yatırım Otekcilik Turizm ve Ticaret A.Ş. ilə,sözləşiblərmiş kimi, eyni vaxtda, eyni ünvanda və eyni məbləğdə kapitalla yaradılıb. Təsisçisi Gürşat Öztürk olub. İyulda şirkətin kapitalı 9.280.000 lirəyə qaldırılıb və Bakıda, Mətbuat prospekti, ev 4 ünvanında qeydiyyatda olan Jalə Telman qızı Haqverdiyeva onun tək sahibinə çevrilib. 2014-cü ilin fevralında şirkət Fatih/İstanbul, Yerebatan küçəsi, ev 29-a köçürülüb. 2015-ci ilin noyabrında isə onun da ünvanı digər şirkətlər kimi Ziyal Plazanın 3-cü mərtəbəsinə dəyişdirilib. Lakin noyabr ayının sonunda şirkətin mərkəzi ofisi yenidən Yerebatan küçəsi, ev 29-a qaytarılıb. Nəhayət, 2018-ci ilin avqust ayının 28-də bu şirkətin də "Ajva İnşaat Otelcilik ve Turizm A.Ş.”-yə birləşdirmək barədə qərar verilir. "İncir Otelcilik” şirkətinin 2014-2018-ci ildə Fatih İstanbul şöbəsi (Yerebatan kücəsi, 31A) mövcud olub. Yerebatan küçəsindəki bu ünvanlarda kiçik kofeteriyalar yerləşir. Jalə Haqverdiyevaya gəlincə, 32 yaşlı bu xanım həm də Bakıdakı mənzilinə qeydiyyatda olan "Trans R” MMC-nin rəhbəridir.

"Aziyade Otelcilik Turizm Sanayi ve Ticaret A.Ş.” 2013-cü ildə Türkiyənin "Rota A.Ş.” şirkətinin bölünməsi nəticəsində Hamza Balcı və Hüsaməddin Namlıcı tərəfindən 1 milyon 762,6 min lirə kapitalla yaradılıb. Bu şirkət Sultanahmet məhəlləsində "Aziyade” adlı yeddimərtəbəli mehmanxanaya sahib idi. Bir ay sonra – iyulda onlar şirkəti Azərbaycan məlumatlarına görə Azərbaycan vətəndaşlığını saxlayır.

İlqar Əliyevin gəlişi ilə şirkətin ofisi Ziyal Plazanın 3-cü mərtəbəsinə küçürülüb. Sentyabr ayından isə şirkətin yeni ünvanı Piyerloti, 30 olur. Bura "Ajwa Hotel Sultanahmet”in yerləşdiyi ünvandır. 2014-cü ilin martında şirkətin kapitalı 2 milyon lirəyə çatdırılıb. Nəhayət, 2016-cı ilin avqustunda İ.Abutalıb "Aziyade” Otelcilik Turizm Sanayi ve Ticaret A.Ş. şirkətinin yeni səhmdarı və İdarə Heyəti sədri olur. Mehmanxanaya qoyulan sərmayələr hesabına 2017-ci ilin sentyabrında şirkətin kapitalı 30 milyon lirəyə qaldırılıb. Bunun 28.980.000 lirəsi İsrafilə, 980.000 lirəsi – qardaşı Orxana, qalan 40.000 lirə isə İlqar Əliyevə məxsusdur. Otelin təmiri 3 il sürüb. İnteryeri və 61 nömrəsi bahalı əşyalarla bəzədilmiş, əl işi olan xalılar döşənmiş bu beşulduzlu otelin ümumi sahəsi 6700 m²-əçatır. Onun 7-ci mərtəbəsində Azərbaycan yeməklərinin də təklifolunduğu "Zəfəran” restoranı yerləşir.

"Ajva İnşaat Otelcilik ve Turizm A.Ş.”-ni 2014-cü ilin əvvəlində Özcan Dada və Aşkın Arslan Küçük Ayasofya məhəlləsindəki köhnə "Turkuaz” otelində yaradıblar. 2015-ci ilin avqustunda şirkət İ.Abutalıbın nəzarətinə keçib və oktyabrda kapitalı 10 milyon lirəyə qaldırılıb. 2018-ci ildə "Zeytin”Gayrimankul Yatırım Otekcilik Turizm ve Ticaret A.Ş. şirkəti ilə bərabər "İncir Otelcilik Turizm ve Ticaret A. Ş.” və "Aziyade Otelcilik Turizm Sanayi ve Ticaret A.Ş.” şirkətləri də "Ajva İnşaat Otelcilik ve Turizm A.Ş.”-yə birləşdirilib. Birləşmə nəticəsində "Ajva İnşaat” şirkətinin nizamnamə kapitalı 51.280.000 lirəyə çatıb.

İ.Abutalıb 2018-ci ildə "Aziyade” Otelcilik Turizm San. ve Tic. A.Ş.-nin Fatih şöbəsini rəmzi 30 min lirə kapitalla yaradıb. Az sonra şöbənin yerləşdiyi ünvandakı (Küçük Ayasofya Medresesi, 6) 3-mərtəbəli ev bərpa edilib. Hazırda "BeyazKonak an Ajwa Home” adlanan bu məkan 4 yataq otaqlı lüksapartamentdir. 325 m² sahəsi olan həmin obyektin yanında Abutalıbovların xudmani "Villa Hagia Sophia” restoranı var.

Yaxın vaxtlarda Nevşehirdə, alçaq təpələrin arasında karvansaray tərzində inşa olunmuş "Ajwa Cappadocia” oteli istifadəyə veriləcək. Bir neçə hektar ərazini tutan bu 52 nömrəlik mehmanxananın neçəyə başa gəldiyini qardaşlar hələ elan etməyiblər. Məlum olansa odur ki, Abutalıbovların yeni oteli İstanbuldakıdan 1100 m² genişdir.

Abutalıbovlar Nevşehirdə daha bir otel tikmək üçün bu ilinmartında dövlətdən vergi güzəştləri nəzərdə tutan investisiyatəşviqi sənədi alıblar. "Ajva İnşaat” şirkətinin Nevşehir Urğup şöbəsi təxminən 30 milyon ABŞ dolları dəyərində qiymətləndirilən otel inşa etməyi hədəfləyib. Layihəyə görə, 5-ulduzlu mehmanxana 98 nömrədən ibarət olmaqla 196 yataq yerlikdir. Burada 30 yeni iş yeri açılacaq.

"Ajwa Homes” butikinə daxil olan "The Clock House” oteli isə 2016-2019-cı illərdə əsaslı bərpadan sonra bu ilin avqust ayında istifadəyə verilib. Sultanahmet məhəlləsində yeddi evdən ibarət bu məkanın ümumi sahəsi yaxınlığındakı xüsusi bağ da daxil olmaqla 870 m²-dir.

Amma Abutalıbovlar bu ölkədə təkcə daşınmaz əmlak, otel və restoran biznesinə yatırım etmirlər. Onlar həm də təhsil sektorunda təmsil olunurlar. 2017-ci ildə "12 Group” şirkəti (92,5%) və xanım Yeliz Kum Ezercanın (7,5%) iştirakı ilə nizamnamə kapitalına 100.000 lirə qoyulmaqla "41 North Business School Egitim A.Ş.” şirkəti yaradılıb. Bu məktəb iş adamlarına biznes idarəetmə sahəsində master və doktor dərəcəsi üzrə tədris, eləcə də rəqəmsal texnologiyalar üzrə sertifikatlaşdırma ilə məşğuldur.

Orxan Abutalıbovun rəhbərlik etdiyi "12 Group” MMC (2006-cı il) Bakıda müxtəlif sahələrdə fəaliyyət göstərən bir neçə şirkəti birləşdirir. "Renessans Reklam və İstehsalat Ko.” MMC (2006-cı il) Bakıda açıq məkanda reklam yerləşdirilməsi ilə, "12 Travel” MMC(2004-cü il) – səyahət xidmətləri, "12 Laundry” MMC (2013-cü il) – camaşırxana fəaliyyəti, "12 Rent a Car”(2005-ci il) – minik nəqliyyat vasitələrinin icarəsi, "12 Consulting Hüquq Şirkəti” (2013-cü il) – hüquq xidmətləri sahələrində çalışır. Bundan başqa, Abutalıbovlar İçərişəhərdə Asəf Zeynallı küçəsi, ev 9, 11, 22 və 23 ünvanlarında yerləşən "Art Group”, "HanRestoran” restoranlarına, əntiq əşyaların və suvenirlərin satıldığı "ArtSalon” mağazasına sahibdirlər. Qardaşların Azərbaycan şirkətlərinin bəzisinin qeydiyyat ünvanları elə bu məkanlardır. "Han” restoranı qədim karvansaraydır. Buradakı açıq meydançada eyni vaxtda 400 nəfərə xidmət göstərmək, daha 9 VİP otaqlarda qonaq qarşılamaq mümkündür. Hacıbala Abutalıbovun oğullarının Bakı şəhərinin digər ərazilərində "ArtGroup” şəbəkəsinə daxil olan "Han Lounge” və "Han Garden” restoranları da var. Diqqəti cəlb edən məqamlardan biri budurki, Abutalıbovun oğullarının Halal sistemi ilə Türkiyədə idarəetdikləri kafe və restoranlarından fərqli olaraq, Azərbaycandakı restoranlarında şərab menyunun adi elementlərindəndir.

Abutalıbovun biznesmen qohumları

Keçmiş icra başçısının qardaşı və onun ailə üzvlərinin də Bakıda və Türkiyədə geniş biznes şəbəkəsi var.

Hacıbala Abutalıbovu böyük qardaşı Osman 1997-ci ildə yaradılan "Enerjiquraşdırma” şirkətinin (Bakı şə., 20 Yanvar küçəsi, ev 7) direktorudur. Şirkətin Bakı şəhəri İcra Hakimiyyətinin sifarişi ilə elekrtik dirəklərinin quraşdırılması ilə məşğul olduğu bildirilir.

Osman Abutalıbovun 46 yaşlı oğlu Oktay 2009-cu ildə mineral su istehsalı ilə məşğul olan "Baytaş Su ve Meşrubat Pazarlama Sanayi Ticaret Limited” şirkətində 16,7% (167.000 lirə) pay alıb. Onunla birlikdə şirkətin səhmdarları arasına Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Fondunun uçotu şöbəsinin müdiri, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Səməndər oğlu Seyidov və iş adamı Xudaqulu Əhət oğlu Rzayev də eyni paylarla şirkətin payçıları sırasına daxil olublar. Üç ay sonra, avqust ayında Vüqar səhmləri həyat yoldaşına – Oktayın bacısı Reyhan Seyidovanın adına ötürüb. Dekabrda ortaqlar şirkətin kapitalını 1 milyondan 7 milyon lirəyə qaldırıblar. Bunun 1.169.000 lirəsi Oktay Abutalıbova məxsus idi. Bir il keçər-keçməz kapital 15 milyon lirəyə çatdırılıb. Azərbaycandan olan səhmdarların hər birinin payı 2,5 milyon lirəyə yüksəlib. 2010-cu ilin mayında əvvəlcə şirkətin adı ("Nida Su ve Meşrubat Pazarlama Sanayi Ticaret Limited), oktyabrda isə payçıları dəyişib. O, tamamilə Azərbaycan kapitallı şirkətə çevrilib. Osman Abutalıbovun ailə üzvləri şirkətdə 10 milyon lirəlik paya sahib olmaqla ona tam nəzarəti əldə ediblər. Dekabrda şirkət İstanbuldan Sapancaya (Sakarya vilayəti) köçürülüb. Burada ortaqların 14,5 min m² sahədə daşınmaz əmlakı var. Beş il sonra – 2015-ci ilin sonunda ortaqlar qəflətən şirkətin ləğv edilməsi haqda qərar qəbul ediblər.

Sakaryada Oktay Abutalıbov və Xudaqulu Rzayev 2010-cu ildə "Hazar Vox Meşrubat ve Su Pazarlama İnşaat Sanayi ve Ticaret Limited” şirkətini qurublar. 2015-ci ilin fevralında isə Reyhan Seyidova İstanbulda kapitalına 200 min lirə yatırdığı "Sinan Grup Egitim Hizmetleri ve Dış Ticaret Limited” şirkətini təsis edib, iyunda onu şirkətə direktor təyin etdiyi şəxsə – Salih Karaeminoğullarına satıb.

Bakıda isə Reyhan Seyidovanın adına çoxlu sayda obyekt: Biləcəri qəsəbəsi, Y. Hüseynov küçəsi, 70F ünvanında 73 m²-lik kafe-çayxana , Nizami rayonu, 8-ci km yaşayış massivi, M.Abbasov küçəsi, 2 ünvanında 5 hektar sahədə inşa olunmuş 18098,5 m²-lik 4-mərtəbəli ofis, yeməkxana və 6 ədəd anbar , "Yaşıl Ada Uşaq Bağçası” MMC var. //qlobal.az//
Digər xəbərlər: