Cəmiyyət
“Çovdarov dastanı” – Media qorxulu general barədə nə yazırdı?
Prezident İlham Əliyevin koronavirus pandemiyası ilə əlaqədar imzaladığı əfv sərəncamı ilə azadlığa çıxan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq idarə rəisi Akif Çovdarovun ilk açıqlaması və tirajladığı foto müzakirələrə səbəb olub.
Yenisabah.az xəbər verir ki, Akif Çovdarov açıqlamasında barəsində yazılanlardan gileylənib. “İndi hamı ağlına nə gəldi, yazır. Mən bunlardan narahat olmuram. Məni bütün media qatı cinayətkar elan etmişdi. Olsun, bir söz demirəm. Amma mən Akif Çovdarovam… Bir gün geniş söhbət edərik, siz də yazarsınız. Başqa bir şey danışmaq istəmirəm. Sağolun”, - deyə o bildirib.
Akif Çovdarov ictimailəşdirdiyi fotoda isə əlində badə sanki kimlərəsə meydan oxuyurmuş kimi görkəm alıb.
Çoxları həmin açıqlamanın, həm də fotonu müxtəlif cür yozur. Bəzi mülahizələrə görə, Akif Çovdarov həbs edilən zaman onun barəsində dərc edilən yazıları sifarişli hesab etdiyindən bunu təşkil edənlərə mesaj verir. Foto isə bu mesajı tamamlayır.
Akif Çovdarov kimdir?
Həbs edilənə qədər Milli Təhlükəsizlik Nazirliyində Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi vəzifəsində çalışmış Akif Çovdarov 1952-ci ilin avqustunda Gürcüstanın Marneuli rayonunda anadan olub. Ona verilən ittiham aktında göstərilir ki, əslən azərbaycanlı olan Akif Çovdarov 1974-cü ildə Azərbaycan Politexnik İnstitutunu, 1986-cı ildə SSRİ DİN Akademiyasını bitirib.
Akif Çovdarov MTN-də şöbə müdirliyindən Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi vəzifəsinə qədər yüksəlmişdi.
O, xidmət müddəti ərzində 19 dəfə müxtəlif növ mükafatlara layiq görülmüş, bir orden, iki medalla təltif edilib, general-mayor rütbəsinədək qalxmışdı.
Çovdarovun mediada ilk “zühuru”
Akif Çovdarov ilk dəfə 2008-ci ildə medianın gündəminə gəlib. Həmin il “Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlil Binəqədi rayonu ərazisində yerləşən “Zeytunluq bağı”nda döyülüb. Jurnaist onu döyənlərin fotosunu çəkə bilib. Bu məsələ daha da böyüyəndən sonra fotodakı şəxslərdən birinin Akif Çovdarov olduğu aydınlaşıb.
Lakin 2008-ci ilin may ayında Baş Prokurorluq məlumat yayaraq bildirmişdi ki, Akif Çovdarov istintaqda şahid kimi dindirilib və o, jurnalisti döydüyünü təkzib edib.
Prokurorluq həmçinin əlavə etmişdi ki, döyülmə halı sübuta yetirilmədiyi üçün Aqil Xəlilin şikayəti əsasında başlanan işə xitam verilib.
Növbəti dəfə Akif Çovdarovun adı 2013-cü ildə media səhifələrində görünməyə başlayıb. Bu dəfə onu mətbuatın diqqətinə gətirən fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) rektoru Elşad Abdullayev olub. O qardaşı Mahir Abdullayevin itgin düşməsində Akif Çovdarovun da adını hallandırıb.
“MTN işi” və Çovdarovun həbsi
2015-ci ilin oktyabrında Eldar Mahmudov Milli Təhlükəsizlik naziri vəzifəsindən azad edildikdən az sonra, daha dəqiqi noyabrın 7-də sərəncama götürülüb. Noyabrın 14-də isə xidməti uyğunsuzluğa görə ehtiyata buraxılıb. Düz 1ay sonra, dekbarın 14-də həbs edilib.
Baş Prokurorluq həmin vaxt yaydığı məlumatda bildirimişdi ki, Akif Çovdarovla bərabər 20-dən çox adam həbs edilib.
Baş prokurorluğun hazırladığı ittiham aktında deyilir ki, Akif Çovdarov keçmiş MTN-nin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi vəzifəsində işləyərkən "tabeliyindəki əməkdaşlara sahibkarlıqla məşğul olan şəxslərlə bağlı yoxlamalar aparmasını, onları "heç bir xidməti zərurət olmadan nazirliyə gətirdərək sorğularının keçirilməsinə göstərişlər verib".
İttiham aktında göstərilir ki, sabiq general-mayor sahibkarların "hədələnmələrinə və kobud rəftara məruz qalmalarına şərait yaradıb".
Akif Çovdarova və onunla birgə mühakimə olunanlara Cinayət Məcəlləsinin mənimsəmə və ya israfetmə, qanunsuz azadlıqdan məhrumetmə, 308-ci vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvətalmada suçlandırılırdı.
Ağır Cinayətlərə Dair İşlər Məhkəməsində keçirilən məhkəmədə onlarla zərərçəkən, xüsusilə sahibkar fəaliyyəti olan şəxslər ifadə verib və Akif Çovdarovun onlardan müxtəlif təzyiqlər yolu ilə külli miqdarda pul aldığını bildiriblər. Akif Çovdarov isə ittihamları rədd edib.
Media Çovdarov barədə nə yazırdı?
Akif Çovdarov həbs ediləndə mediada onun haqqında daha çox materiallar tirajlanırdı. Amma keçmiş idarə rəisinin dediyi kimi hərə ağlına gələni yazmırdı. Çovdarovla bağlı yazıların əksəriyyəti istintaq materialları və ittiham aktından əks olunanlardan kənara çıxmırdı.
Yazılarda Çovdarovun əleyhinə verilən çoxsaylı ifadələr yer alırdı. Keçmiş idarə rəisindən şikayətçi olan çoxsaylı sahibkarlar var idi ki, onların danışdıqları Akif Çovdarovun MTN-də qorxunc bir fiqur olması barədə təsəvvür yaradırdı. Çovdarovun gizli həbsxanalarının olduğu, orada kimlərisə girov saxlaması barədə iddialar da bu yazılarda yer alırdı.
Qısası, medianın Akif Çovdarovu öz təbirincə desək qatı cinayətkar etməsi səbəbsiz deyildi. Onunla bağlı qorxunc faktların əhəmiyyətli hissəsi rəsmi ittihamlarda əks olunmuşdu.
Elə bu ittihamlarla da Akif Çovdarov Bakı Hərbi Məhkəməsinin qərarı ilə 12 il müddətinə həbs edilmişdi... //yenisabah.az//