Siyasət
Eduard Məmmədov: “DİN əməkdaşı kimi xidmətdəyəm”
“Mən Daxili İşlər Nazirliyinin əməkdaşı kimi bu gündən etibarən xidmətdəyəm”.
Bunu Oxu.Az-a kikboksinq üzrə dünya və Avropa çempionumuz Eduard Məmmədov deyib.
O bildirib ki, Nazirlər Kabinetinin operativ qərargahının müvafiq qərarından sonra ölkədə polis zabiti kimi xidmət göstərməyə başlayıb:
“Ölkədə bütün idman zallarının fəaliyyəti dayandırılıb. Bu səbəbdən hazırda polkovnik-leytenant kimi Vətənə xidmətimi davam etdirirəm. Suraxanı rayonu ərazisində karantin rejiminin pozulması hallarının qarşısını almağa çalışırıq. Vətəndaşları hökumətin qərarlarına hörmətlə yanaşmağa çağırırıq. Həmçinin, onlara maska və əlcəklərdən istifadə etmək barədə məlumat veririk”.
E.Məmmədov məşqsiz qalmadığını da bildirib:
“Qeyd etdiyim kimi, ölkədə koronavirusa görə bütün idman zalları bağlanıb. Ona görə də, evdə məşq etməklə kifayətlənirəm. Axşamlar formadan düşməmək üçün məşq edirəm. Həm də, bildiyiniz kimi, tələbələrim var. Onlar üçün də məşq proqramları tərtib etmişəm”.