İqtisadiyyat
23:48, 27 aprel 2019
63
0

Qaz və elektrik enerjisinə tətbiq olunan limit ləğv edilsin — Millət vəkilindən TƏKLİF

2018-ci il seçkilərində xalqımızın yüksək etimadını qazanan ölkə prezidenti, cənab İlham Əliyev son on beş ildə davamlı xarakter daşıyan islahatların dərinləşməsi prosesinə start verdi. Bu islahatlar cəmiyyətimizin bütün tərəflərini əhatə etməkdə, sistemli, davamlı və kompleks mahiyyət daşımaqdadır. Şəhid ailələrinə illərdən bəri gözlənilən sığorta pulunun verilməsi, minimum əmək haqqının və pensiyanın, tələbə təqaüdlərinin, bütün kateqoriyadan olan əlillərə verilən pensiyaların, şəhid ailələrinin aldıqları prezident təqaüdlərinin artırılması, problemli kreditlərin həlli ilə bağlı analoqu olmayan qərarın verilməsi, idarəçilik sisteminin təkmilləşdirilməsinə, onun çevik və operativliyinin təmin olunmasına xidmət edən struktur islahatlarının aparılması, məhkəmə-hüquq sistemində özünü göstərən neqativ halların aradan qaldırılmasına və məhkəmələrin tam müstəqilliyinin təmin olunmasına xidmət edən sərəncam və Fərmanların imzalanması və bütün bunların həyata keçirilməsinə birbaşa nəzarət ölkə prezidentinin xalqımıza olan dərin sevgisinin ifadəsidi, dövlət xadimi kimi onun yüksək keyfiyyətlərinin göstəricisidir. Belə bir tarixi dönəmdə, xalqımızın həyat səviyyəsinin daha da yaxşılaşmasına yönələn ciddi islahatların dərinləşməsinin geniş xarakter daşıdığı zaman kəsiyində əlində qələm tutan, ictimai rəyə az-çox təsir göstərə bilən ziyalılarımız, jurnalistlərimiz, səlahyyət sahibi olan məmurlarımız, millət vəkillərimiz dövlətimizlə, prezidentimizlə bərabər olmalı, onun atdığı addımların əhəmiyyətli və effektiv nəticələri ictimai rəyə təqdim edilməlidir. Bu həm də hər birimizin vətəndaşlıq borcudur. Son vaxtlar ölkəmizdə qaz və elektrik enerjisinə qoyulan limitin ləğv edilməsi və hər iki enerji daşıyıcısının qiymətlərinin əvvəlki səviyyəsinə qaytarılması ilə bağlı geniş və ardıcıl xarakter daşıyan təkliflər kifayət qədər aktuallaşıb. Bu müzakirələrdə istifadə olunan təbii qazın və elektrik enerjisinin pulunu ödəyə bilməyən çoxminli sadə vətəndaşlarımızla bərabər, iqtisadçılarımızın, millət vəkillərimizin də rəyləri sosial şəbəkələrdə və KİV-də geniş miqyas almaqdadır”.

Beş.az xəbər verir ki, bunu deputat Fəzail Ağamalı qaza tətəbiq olunan limitin ləğv olunması ilə bağlı mövqeyini açıqlayarkən deyib.

Onun sözlərinə görə, bu məsələ paralamentdə də müzakirə predmeti olub. “Etiraf edim ki, müzakirələrdə iştirak edən peşəkar iqtisadçılarımızın və millət vəkillərinin mütləq əksəriyyəti haqlı olaraq limitin ləğv olunmasının tərafdarıdır. Deputat Fazil Mustafa və Vahid Əhmədov istisna olunmaqla.

Yetərincə savadlı və məlumatı olan hörmətli həmkarlarım ən azı “Kombi” sistemini işlədən şəhərlərimizdən, Abşeron, Quba və ölkəmizin digər rayon və kəndlərində “Ceyran peçi”lə qızdırılan evlərin 6-7 ayda qaz və elektrik enerjisinə sərf olunan maliyyə tutumunu deputat seçildikləri rayonun əhalisindən öyrənə, daha ədalətli və obyektiv mövqeyini ortaya qoya bilərdilər”, - deyə millət vəkili bildirib.

Qaza və elektrik enerjisinə tətbiq edilən limitin ləğvini əsaslandıran F.Ağamalı bunları qeyd edib: “Bir daha çalışacağam ki, lakonik şəkildə təbii qaz və elektrik enerjisinə tətbiq edilən limitin bütövlükdə ləğv olunmasının zəruriliyini konkret arqumentlərlə əsaslandırım.
Azərbaycan ölkə prezidentinin dediyi kimi, neft-qaz ölkəsidir və bu Azərbaycan xalqının milli sərvətidir. Bu reallıq və reallıqdan doğan məntiq neft-qaz məhsullarının əhalimizə adekvat qiymətlərlə satılmasını tələb edir.

Bakı və respublikanın digər şəhərlərində, rayon mərkəzlərində tam mərkəzləşdirilmiş istilik sistemi olmadığına görə əhalimizin mütləq əksəriyyəti “Kombi” deyilən lokal istilikdən istifadə edir. Araşdırmamız göstərir ki, bu tip istilik sistemindən istifadə edən ortalama 5 nəfərlik ailənin 90-100 m2 mənzili qızdırmaq üçün limitli aylıq xərci 80-90 manat (bu vur-tut 1-1,5 aya kifayət edir), limitsiz 160-180 manatdır. Elektrik enerjisi qış aylarında 30-40 manat, isti aylarda 60-80 manat təşkil edir.

Respublikanın kənd və qəsəbələrində, xüsusilə qışın sərt keçdiyi bölgələrdə isə bu baxımdan vəziyyət daha kəskindir. Bir qayda olaraq kənd yerlərində “Ceyran peçi” deyilən istilikdən istifadə olunur. 70-80 m2-lik mənzili 25-27 dərəcə qızdırmaq üçün “Ceyran peçi”nin aylıq qaz sərfiyyatının maliyyə tutumu 110-120 manat civarındadır. Bura 20-30 manat elektrik xərcini də əlavə etsək, mənzərə aydın olar.

Deməli, bu vəziyyət ölkə prezidentinin həyata keçirdiyi və xalqımız tərəfindən yüksək dəyələndirilən sosial islahatlarla uzlaşmır.

Digər tərəfdən aparılan islahatlar insanlarımızın həyat səviyyəsinin yüksəldilməsilə bərabər, istehsalın stimullaşdırılması ilə ölkəmizdə istehsal olunan məhsulların maya dəyərinin aşağı olunmasını da önə çəkir.

Qazın tətbiq edildiyi sənaye və kənd təsərrüfatı məhsullarının maya dəyərinin aşağı olması həm daxili bazarda onun alıcılıq imkanlarını artırar, həm də ixrac edilən ölkələrdə rəqabət səviyyəsini dayanıqlı edərdi.

Limitin saxlanılması və qaz və elektrik enerjisinin qiymətinin yüksək olaraq qalmasının ekologiyaya vurduğu zərər bu bahalıqdan alınan “gəlirdən” qat-qat çoxdur. Hesablamalar göstərir ki, qaz və elektrikə limitin tətbiq olunması meşə massivlərinin qırılması və odundan istifadəni ən azı 30% artırmışdır. Meşələrin kütləvi şəkildə qırılması ekoloji fəlakətdir və içməli su böhranının daha da dərinləşməsidir, içməli su resurslarının kəskin azalmasıdır, hava kütləsinin zəhərlənməsidir, bütövlükdə ölkədə aparılan ekoloji siyasətə zərbədir”.

F.Ağamalı əlavə edib ki, göründüyü kimi, bütün iqtisadi, siyasi, sosial, psixoloji amillər qaz və elektrik enerjisinin limitinin aradan qaldırılmasını zəruri edir: “Bütövlükdə, limitlərin aradan qaldırılması konkret sahələrin mənafeyinə gətirdiyi “zərər” ölkə maraqlarına verə biləcəyi səmərədən və əhəmiyyətli nəticədən qat-qat aşağıdır və hər iki sahədə limitin ləğv edilməsi mahiyyət etibarilə aparılan dərin islahatların tərkib hissəsi kimi qəbul edilməlidir.Ölkə prezidentinin həyata keçirdiyi dərin islahatlar iqtisadi inkişafımızın və sosial-siyasi sabitliyimizin təminatı, dövlətimizin güclənməsi, vətəndaşlarımızın həyat səviyyəsinin yüksəlməsinin ən vacib amilidir”.
Digər xəbərlər: