Sosial
"Qadın müəllimlərin şəkillərini paylaşıb, onları söydürtmək ayıbdır" - Yeni seçilən deputat
“Qadın müəllimlərin şəkillərini çəkib sosial şəbəkələrə yerləşdirirlər. Sonra da onları söydürürlər. Ayıbdır, bunlar yaxşı hərəkət deyil”.
Regiitv.az xəbər verir ki, bunu Azvision.az -a açıqlamasında təhsil üzrə ekspert, 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputat seçilən Etibar Əliyev deyib. O, bildirib ki, müəllimlərə bu cür münasibətin olmasını normal hesab etmir.
“Seçkiləri seçki kommisiyaları keçirir və seçki komissiyalarına müəllimlərin üzv olması, seçkilərdə iştirak etməsi təbii haldır. Konkret olaraq bir kateqoriya kimi müəllim ordusunu qırağa çəkib, ittiham etmək doğru deyil. İnsanların, qadınların şəkillərini sosial şəbəkələrə yerləşdirirlər və onları təhqirlər edirlər, pis söyüşlər söyürlər. Bu, bizim mentalitetimizə və əxlaqımıza zidddir. Mənim iştirak etdiyim seçki dairəsində müəllimlərin ittham edilməsini yolverilməz hesab edirəm. Konkret olaraq dairədə ciddi qanun pozuntusu olmadı".
E.Əliyevin sözlərinə görə, sosial şəbəkələrdə müəllimlərlə bağlı yazılan xoşagəlməz fikirlər onların reputasiyasına mənfi təsir göstərir:
"Bu cür hərəkətlər müəllimləri şagirdlərin və cəmiyyətin gözündən salır. Əgər bir neçə müəllim səs verirsə, onu "karusel" kimi qiymətləndirmək olmaz. Ola bilsin ki, qrup şəklində səsvermədə iştirak ediblər. Bunda nə var ki? Müəllimlərin ittiham olunmasının qəti əleyhinəyəm. Bunlara yolvermək olmaz", - deyə yeni seçilən deputat vurğulayıb.
Qeyd edək ki, son günlər sosial şəbəkələrdə parlament seçkilərində iştirak edən bəzi müəllimlərlə bağlı xoşagəlməz kampaniya aparılır.
Daha çox xəbər: