Cəmiyyət
Bakıda "Land Cruiser"lə polisi vurub öldürən şəxs KİMDİR? - TƏFƏRRÜAT
Dünən səhər saatlarında Heydər Əliyev prospektində polis əməkdaşının ölümü ilə nəticələnən yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Publika.az xəbər verir ki, 99 GZ 552 dövlət qeydiyyat nişanlı "Toyota Land Cruiser” markalı avtomobillə Koroğlu nəqliyyat qovşağından Mərdəkan istiqamətində hərəkətdə olarkən xidmət başında olan polis serjantı Məhərrəmov Natiq Müseyib oğlunu vurub öldürən sürücü Xaçmaz rayon sakini, 1957-ci il təvəllüdlü Ömərov Firudin Ömər oğlu olub.
Belə ki, səkidə dayanan polisi vuran F.Ömərov uzun illər Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyində rəhbər vəzifələrdə çalışıb və Kadrlar Şöbəsinin rəis müavini olarkən vəzifəsindən uzaqlaşdırılaraq digər vəzifəyə keçirilib.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları çıxıb və zəruri ekspertizalar təyin edilib.
Faktla bağlı Sabunçu rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi açılıb. Araşdırmalar davam etdirilir.