Hadisə
16:39, 13 yanvar 2020
55
0

Qoyunları qırılan şikayətçi: "Nazirlik bizi qoyun yerinə qoyur" - Fotolar

Qoyunları qırılan şikayətçi: "Nazirlik bizi qoyun yerinə qoyur" - Fotolar
Şəmkir sakini Xəyalə Cəfərova Bizimyol.info redaksiyasına şikayət məktubu göndərib. O Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən şikayət edib:
“Sözügedən nazirliyə ölkə başçısının imzaladığı müvafiq sənədə əsasən -“Özünədəstək” - Birdəfəlik ünvanlı dövlət sosial yardımı Proqramı ilə bağlı imkansız ailə olaraq mən də müraciət etdim. Müraciətimlə bağlı qeydiyyata alındım və proqram daxilində kursa qatıldım. Kursu bitirdikdən sonra qeydiyyatım üzrə mənə bir neçə xırdabuynuzlu heyvan verildi. Lakin o heyvanlar mənə veriləndən günüm başladı qara olmağa. Necə deyərlər sən saydığını say, gör Sosial Müdafiə Nazirliyi nə sayır. Layihəni işləyən nazirlik əməkdaşları layihədə qoyunların hər birini 200 AZN-dən yazıb, gedib bazardan 50 AZN-lik xəstə qoyunları alıb verirlər millətə. Mənə də həmçinin o xəstə qoyunları görmək nəsib oldu. Gəldikləri gündən öskürən qoyunların bu halı diqqətimi çəkdi və baytara müraciət etdik. Baytar qoyunların ciyərinin uzun zamandır xəstə olduğunu dedi. Hər şey bir yana, o qoyunlar ölməyə başladıqca mən vicdanımdan məhv oluram, yazığım gəlir onlara. Məni daha da betər günaha batırmasınlar. Baxmayaraq ki, nazirlik əməkdaşları Cənab Prezidentin işsiz əhaliyə dəstək üçün imzaladığı müvafiq sənədi saymırlar, mən vətəndaş olaraq o dəstəkdən payıma düşən və verilən xəstə qoyunları geri qaytarmağa hazıram. Ən azından vicdanım təmiz olacaq ki, mən bir canlının ölümünə səbəb olmamışam.

Xahiş edirəm yazımı və yaşadıqlarımı ictimailəşdirəsiniz, bəsdir bu camaatı qoyun yerinə qoydu nazirlik əməkdaşları”.

Şikayətlə əlaqədar ƏƏSMN-in mətbuat katibi Fazil Talıbova müraciət etdik. Fazil Talıbov bildirdi ki, proqram çərçivəsində vətəndaşlara yardım , yəni xırda və ya iribuynuzlu maq-qara təklif olunarkən onların məmnuniyyəti əsas götürülür.

“Nazirliyin saytına daxil olaraq bu proqram çərçivəsində dəstək alan hər bir kəs haqqında ətraflı məlumat əldə etmək olar. Biz çəkiliş aparırıq, onlara yardım təklif olunarkən çəkiliş gedir, məmnun qaldıqdan sonra qol çəkib götürürlər. Xanıma demək lazımdır ki, şikayətçi idisə niyə onda narazılığını bildirmirdi. Vətəndaşa 20 qoyun, bir qoç təklif olunub. Bu heyvanlar baytar nəzarətindən keçmiş sağlamlığına dair sənədləri olan heyvanlardır. Əgər vətəndaş bəyənmirsə başqa heyvan seçmək ixtiyarı var. Təlimlərdə onlara necə qulluq göstərilməsi, bəslənməsi barədə məlumat veririk, əgər heyvanlar vətəndaşın günahı üzündən ölürsə akt tərtib olunur, ikinci dəfə dəstək ala bilmirlər. Biz bu prosesləri şəffaflıq əsasında həyata keçiririk, üzümüz ağdır. Hər kəs girib saytımızdan məlumatlana bilər. Məsələ bundadır ki, son zamanlar vətəndaşlar bu barədə öz günahları olsa belə nazirliyi ittiham etməyə başlayıblar”.
Digər xəbərlər: