Siyasət
14:16, 26 dekabr 2019
44
0

Prezidentdən vacib FƏRMAN

Prezidentdən vacib FƏRMAN
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2019-cu il 29 noyabr tarixli qanununun tətbiqi və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə fərman imzalayıb.

Oxu.Az-ın məlumatına görə, fərmanda bildirilir ki, Nazirlər Kabineti üç ay müddətində qanunların və Prezidentinin aktlarının "Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlamalıdır.

Nazirlər Kabineti bu təklifləri hazırladıqdan sonra Prezidentə təqdim etməlidir.

Həmçinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Maliyyə Nazirliyinin və İqtisadiyyat Nazirliyinin təklifləri əsasında bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binaların dövlətə ayrılan hissəsinə dair hüquqi əsasları müəyyən edən normativ hüquqi aktlarla bağlı təkliflərini hazırlayıb Prezidentə təqdim etməlidir.

Qeyd edək ki, fərman 2020-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək.

Bildirək ki, yeniliklər yeddi əsas istiqamət üzrə 160-dan çox dəyişikliyi əhatə edir.

Dəyişikliklərin mahiyyəti, əsasən, ədalətli rəqabətin şərti olan bərabər və şəffaf mühitin təmin edilməsini nəzərdə tutur.

Bu dəyişikliklər haqsız rəqabətin aradan qaldırılmasına önəmli töhfə verəcək.
Yeni sənədin Azərbaycanın iqtisadi inkişafı üçün fundamental məqsəd daşıdığını söyləmək olar.

Dəyişikliklər riskli vergi ödəyicilərinə nəzarətin, ƏDV inzibatçılığının təkmilləşdirilməsini, sahibkarların inzibatçılıq yükünün azaldılmasını da özündə ehtiva edir.

Sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə (vergi) yükünün azaldılması, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması, vergitutma bazasının genişləndirilməsi, beynəlxalq vergitutma və məlumat mübadiləsi üzrə öhdəliklərin yerinə yetirilməsi də dəyişikliklərdə öz əksini tapıb.

Bu, əsasən, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergitutuma metodunun ləğv edilməsi və həmin şəxslərin vahid vergi rejimində fəaliyyət göstərməsinin təmin edilməsi (ƏDV və mənfəət vergisi metodu), Transmilli Şirkətlər Qrupu anlayışının müəyyən olunması ilə bağlıdır.

Həmçinin, quş əti satışının ƏDV-dən azadolma müddətinin daha dörd il müddətinə uzadılması, habelə heyvan ətinin satışının dörd il ərzində ƏDV-dən azad edilməsi ilə bağlı müddəalardır.

Həmçinin, ölkədə dövlət orqanları ilə vergi ödəyiciləri arasında ünsiyyətin minimuma endirilməsi planlaşdırılır.

Dəyişikliklə Azərbaycanda istehsal olunan içməli spirt, pivə, spirtli içkilər, tütün məmulatları, enerji (spirtli və spirtsiz) içkiləri, elektron siqaretlər üçün maye kimi aksizli mallara tətbiq edilən vergi dərəcələri artırılıb.

Məcəllənin 190-cı maddəsinə edilən dəyişikliyə əsasən, içməli spirt, araq, tündləşdirilmiş içkilər və likörün hər litri üçün aksiz vergisi 2 manatdan 3,2 manata qaldırılıb.

Konyakın hər litri üçün isə aksiz vergisi 6 manatdan 3,2 manata, şampan şərabının hər litri üçün aksiz vergisi 2,5 manatdan 2,6 manata, adi şərabın hər litri üçün aksiz vergisi 0,1 manatdan 0,2 manata, spirtli pivənin hər litri üçün aksiz vergisi 0,2 manatdan 0,5 manata, nazik siqaretlərin 1000 ədədi üçün aksiz vergisi 20 manatdan 31 manata, spirtli energetik içkilərin hər litri üçün aksiz vergisi 2 manatdan 2,1 manata, spirtsiz enerji içkilərinin hər litri üçün aksiz vergisi 3 manatdan 3,1 manatadək artırılıb.

Bu maddədə nəzərdə tutulmayan tündləşdirilməmiş spirtli içkilərin hər litri üçün 0,4 manat aksiz vergisi tutulacaq.
Digər xəbərlər: