İdman
11:25, 26 aprel 2019
72
0

Dünya Çempionatının biletləri Dünya Kubokunun ilk günündə satışa çıxarıldı

Dünya Çempionatının biletləri Dünya Kubokunun ilk günündə satışa çıxarıldı


Bu ilin 16-22 sentyabr tarixlərində Bakıda baş tutacaq bədii gimnastika üzrə 37-ci Dünya Çempionatının biletləri bu gün satışa çıxarılıb.

BEŞ.AZ xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.

Gimnastika yarışları ilə zəngin bir qrafiki yarı edən Azərbaycan Gimnastika Federasiyası daha bir mötəbər yarışın hazırlıqlarını tam surətlə davam etdirir. Belə ki, 14 ildən sonra paytaxtımızın yenidən ev sahibliyi edəcəyi ilin ən vacib yarışı məhz bədii gimnastika üzrə Dünya Çempionatı olacaq.

Qeyd edək ki, 7 gün davam edəcək bu çempionat Olimpiya Oyunları 2020-ə lisenziya xarakteri daşıyır. Yalnız medalçıların deyil, Olimpidaya yeni namizədlərin adlarının da müəyyənləşəcəyi yarışda dünyanın ən nüfuzlu gimnastları öz performanslarını nümayiş etdirəcəklər. Çempionatın təntənəli açılış mərasimi isə 16 sentyabr tarixində baş tutacaq.

Yarışa biletlərin hər kəsə əlçatan olması üçün satış nöqtəsi olaraq, 28 Mall və Gənclik Mall alış-veriş mərkəzləri seçilib. Bundan əlavə gimnastika izləyiciləri biletləri onlayn (https://ticketing.mga.az/) və arenanın kassasından da əldə edə biləcəklər. Biletlərin qiyməti isə 10, 15 və 20 manat təşkil edir.

Xatırladaq ki, bu gün 39 ölkənin iştirakı ilə artıq ənənəvi olan bədii gimnastika üzrə Dünya Kuboku start götürür. Bu yarışdan sonra isə zərif gimnastlarımız öz güclərini Avropa Çempionatında (16-19 may) sınayacaqlar.
Digər xəbərlər: