Dünya
12:02, 13 dekabr 2019
44
0

Səfir Böyük Britaniyanın Aİ-dən çıxa biləcəyi vaxtı açıqladı

Səfir Böyük Britaniyanın Aİ-dən çıxa biləcəyi vaxtı açıqladı
“İlkin nəticələrə görə, Böyük Britaniya parlamentinin İcmalar Palatası üçün keçirilən növbədənkənar seçkilərdə hakim Mühafizəkarlar Partiyası səsçoxluğu qazanacaq”.
Bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp deyib. Onun sözlərinə görə, bu, Mühafizəkarlar üçün böyük qələbə olacaq:

“Çünki, bundan əvvəlki tərkibdə onlarda üstünlük, səs çoxluğu yox idi. Artıq parlamentdə onların çoxluğu üstünlük təşkil etdiyindən mühafizəkarlar Avropa İttifaqından çıxmaqla bağlı sazişi asanlıqla parlamentdən keçirə biləcəklər. Yəni, Böyük Britaniya gələn ilin 31 yanvar tarixinə qədər Avropa İttifaqını tərk edə bilər”.

Diplomat deyib ki, mühafizəkarlar “Brexit”in əleyhinə səs verən Britaniyanın şimalında da liderlik edir: “Artıq parlamentdə çoxluq partiyası olduqdan sonra mühafizəkarlar qanunverici orqan olacaq və onların irəli sürdüyü Avropa İttifaqından çıxmaq sazişi dəstəklənəcək”.

“Brexit”dən sonra Azərbaycanla münasibətlərin necə inkişaf edəcəyinə, hansısa dəyişikliklərin ola biləcəyinə gəlincə, səfir deyib ki, heç bir dəyişiklik gözlənilmir:

“Bizim Azərbaycanla ikitərəfli münasibətlərimiz Avropa İttifaqı ilə münasibətlərdən asılı deyil və onun üzərində qurulmayıb. Ona görə də Avropa İttifaqını tərk etsək də, Azərbaycanla münasibətlərimiz eyni səviyyədə qalacaq”.

Qeyd edək ki, Böyük Britaniya parlamentinin İcmalar Palatası üçün keçirilən növbədənkənar seçkilərdə “exit-poll”un nəticələri açıqlanıb. Nəticələrə görə, mühafizəkarlar 650 yerlik İcmalar Palatasında 368, Leyboristlər 191, Şotlandiya Milli Partiyası 55, Liberal Demokrat Partiyası 13, Pleyd Kamri -3, Yaşıllar Partiyası-1 müstəqil namizədlər isə 19 yer tutacaq.(report)
Digər xəbərlər: