Hadisə
Azərbaycanda şənlikdə qan töküldü
Ötən gecə Ağcabədi rayonunda qəsdən adam öldürməyə cəhd edilib.
Publika.az xəbər verir ki, rayonun Hüsülü kəndində sakinlərdən birinin övladının hərbi xidmətə getməsi münasibətilə təşkil edilən şənlikdə qonaqlardan ikisi arasında mübahisə yaranıb.
Mübahisə zamanı 1982-ci il təvəllüdlü Mirzəyev Seymur İnqilab oğlu 2003-cü il təvəllüdlü Mirzəyev Əliheydər Əlimərdan oğluna yaşının az olmasını, bu səbəbdən ona baş qoşmadığını deyib. Bundan əsəbləşən 16 yaşlı oğlan gedərək evdən bıçaq gətirib və özündən 19 yaş böyük həmyerlisinin bədəninin müxtəlif nahiyələrinə 5 bıçaq zərbəsi endirib.
Müxtəlif dərəcəli xəsarətlər alan S.Mirzəyev qan içində öz evinə gedib və ailə üzvlərinin köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə iş açılıb. Hadisəni törədən şəxs tutulub.