Cəmiyyət
12:43, 10 dekabr 2019
46
0

Oqtay Gülalıyevlə bağlı SON XƏBƏR

Oqtay Gülalıyevlə bağlı SON XƏBƏR
Hüquq müdafiəçisi Oqtay Gülalıyevin vəziyyəti ağır olaraq qalır. O, ağır komadadır. Hər gün qızdırması olur.

Regiitv.az xəbər verir ki, bu barədə Turan agentliyinə fəalın həyat yoldaşı Firuzə Gülalıyeva bildirib. Qanında və ağ ciyərində infeksiya olduğuna görə ona bir ay ərzində antibiotiklər vurulub. Antibiotiklərin çox vurulması nəticəsində qara ciyərində və böyrəklərində kreatinin miqdarı artıb.

Bununla əlaqədar üç gündür antibiotik vurulması dayandırılıb. Eyni zamanda böyrəyi, qaraciyəri üçün iynələr vurulur.

Həkimlər Gülalıyevin komadan çıxması ilə bağlı proqnoz vermir. "Azərbaycanda cərahiyyə əməliyyatı 18 saat gec edildiyinə görə Oqtay komaya düşüb. Ona görə də heç bir həkim onun neçə aydan sonra komadan ayılacağını deyə bilmir. Hər şey beyinin özünü toparlamasından asılı olacaq", deyə F.Gülalıyeva bildirib.

Müalicənin harada davam etdiriləcəyinə və tibbi yardımın maliyyələşdirilməsinə gəlincə, o deyib: "Bir neçə gün öncə Heydər Əliyev Fondunun nümayəndəsi ilə danışmışdıq, demişdilər ki, həkimlərin rəyindən asılı olaraq Oqtayın "Amerika Xəstəxanası"nda saxlanıb-saxlanmaması barədə qərar verəcəklər. Bu gün həkimlər rəy verib ki, böyrəklərində və qara ciyərində kreatinin miqdarı artıb, müalicə davam etdirilir. Heydər Əliyev Fondunun nümayəndəsi hələ bizimlə əlaqə saxlamayıb. Bu səbəbdən də bundan sonra müalicə xərclərini qarşılayıb-qarşılamayacağından xəbərim yoxdur", deyə F.Gülalıyeva bildirib.

Öz növbəsində, Heydər Əliyev Fondundan Turan agentliyinə bildiriblər ki, Oqtay Gülalıyevlə bağlı xəstənin vəziyyətinə uyğun olaraq hər on gündən bir qərar verilir.

Fonddan xatırladıblar ki, bu qurumun dəstəyi ilə Gülalıyevin İstanbulun "Amerika Xəstəxanası"nda müalicəsi davam etdirilir.

Fond tərəfindən müalicəsinə dəstək göstərilən şəxslərlə bağlı mütəmadi olaraq müalicə müəssisəsindən 10 günlük hesabatlar daxil olur və həmin hesabatlar əsasında müalicənin sonrakı mərhələlələri ilə bağlı qərar verilir.

Məşhur hüquq müdafiəçisini oktyabrın 29-da Bakının mərkəzində maşın vurub. O, kəllə-beyin travması alıb, nəticədə beyninə qan sızıb.

Bir neçə saat sonra fəal komaya düşüb. Oktyabrın 30-da Bakıda neyrocərrahiyyə əməliyyatı olunub.

Noyabrın 5-də Heydər Əliyev Fondunun dəvəti ilə Gülalıyevi müayinə etmək üçün gələn türk həkimlər onu müalicə üçün Türkiyəyə aparmağı tövsiyə ediblər.

Noyabrın 6-da o, AZAL şirkətinin xüsusi reysi ilə İstanbula aparılıb və "Avrasiya" klinikasına yerləşdirilib. Noyabrın 19-da o, "Amerika Xəstəxanası"na köçürülüb, ertəsi gün burada baş beyindən maye çəkilməsi üzrə neyrocərrahiyyə əməliyyatı olunub.

Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Gülalıyevin müalicəsi ilə bağlı bütün xərcləri Heydər Əliyev Fondu öz üzərinə götürüb.
Digər xəbərlər: