Cəmiyyət
Sabunçu rayonu, Bilgəh qəsəbəsi 11 nömrəli Inteqrasiya təlimli internat məktəbi
11 nömrəli köməkçi internat məktəbi 1961-ci ildə fəaliyyətə başlamış və Rayon Təhsil Şöbəsinin tabeçiliyində fəaliyyət göstərirdi. 2003-cü ildə internat məktəbinin nəzdində aztəminatlı ailələrin övladları üçün ümumtəhsil sinifləri açılmışdır.
2007-2008-ci tədris ilində Təhsil Nazirliyinin tabeçiliyinə keçən internat məktəbinin adı dəyişdirilərək 11 nömrəli Xüsusi internat məktəbi adlandırılmışdır. 2009-2010-cu tədris ilində aztəminatlı ailələrin uşaqlarının internat məktəbə düşmə riskini azaltmaq məqsədi ilə internat məktəbin tərkibində 3-6 yaşlı uşaqlar üçün Günərzi Qayğı Mərkəzi və USİ keçirmiş uşaqlar üçün Reablitasiya Mərkəzi yaradılmışdır. 28.02.2014-cü ildə ARNK-qərarı ilə internat məktəbinin adı dəyişdirilərək, 11 nömrəli İnteqrasiya təlimli internat məktəbi adlandırılmışdır.
Hal-hazırda internat məktəbində 1254 şagird var. Onlardan 981 nəfəri ümumi təhsil siniflərində, 173 nəfəri xüsusi təhsil siniflərində, 100 nəfəri isə Günərzi Qayğı Mərkəzində təlim-tərbiyə olunan 3-6 yaşlı uşaqlardır.
İnternat məktəbin ərazisi 3 hektardan artıqdır, burada 6 korpus var. Bunlardan birmərtəbəli binada 196 yerlik yeməkxana, yardımçı bina (camaşırxana, hamam, təsərrüfat otağı, anbar və s.) 3 mərtəbəli yataq korpusu var. Onun birinci mərtəbəsində Günərzi Qayğı Mərkəzi və həmin mərkəzin uşaqları üçün 120 yerlik yeməkxana, musiqi otağı, gimnastika otağı, konfrans zalı var. Qalan binalar isə tədris binasıdır. Məktəbin geniş idman zalı , akt zalı və geniş idman meydançası var.
İnternat məktəbi 2005-ci ildə Heydər Əliyev fondu tərəfində təmir edilmişdir. Sonra isə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 2015-2017-ci ildə əsaslı təmir edilmişdir. Təmirdən sonra bina istifadəyə verilmişdir. 01.03.2017-ci ildə məktəbin açılışı olmuşdur. Açılışda Azərbaycanın birinci xanımı, Azərbaycan Respublikasının birinci Vitse Prezidenti, YUNESCO VƏ İSESCONUN xoş məramlı səfiri, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva da iştirak etmişdir.
Yenidənqurma işləri çərçivəsində məktəbin həyətində geniş abadlıq-quruculuq və yaşıllaşdırma işləri görülüb. Həyətdə uşaqlar üçün idman meydançaları, müxtəlif attraksion, qurğu və yelləncəklər qoyulub, balacaların istirahətinin mənalı təşkili üçün əyləncə-istirahət guşələri yaradılıb.
Binanın foyesində ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və ölkəmizi Birinci vitse-prezidenti Mehriban Əliyevanın uşaqlara diqqət və qayğısını əks etdirən fotolardan ibarət stend yaradılıb. Burada, həmçinin “Rəşadətli Azərbaycan Ordusu” fotostendi də var.
Ümumtəhsil siniflərində təlim Azərbaycan və rus dillərində aparılır. Müəssisənin yataq korpusunda 133 şagird yaşayır. Xüsusi siniflərdə təhsil alan sağlamlıq imkanları məhdud şagirdlər on illik təhsil müddətini başa vurduqdan sonra şəhadətnamə alırlar.
Azərbaycanın Birinci vitse-prezidenti məktəbin animasiya studiyasında oldu. Burada uşaqlara kadrların hərəkət qaydaları, ssenari yazmaq, onu kadrlaşdırmaq, montaj işi və animasiyanın digər sirləri öyrədilir. Bildirildi ki, buradakı uşaqların işlərinin gələcəkdə beynəlxalq səviyyədə tanıdılması və müsabiqələrdə iştirakı nəzərdə tutulur.
Birinci vitse-prezident Mehriban Əliyeva uşaqların hazırladığı animasiya filminə də baxıb.
İnternat məktəbində təsviri incəsənət kabineti də fəaliyyət göstərir. Bununla yanaşı, çətin həyat şəraiti olan ailələrdən 114 uşaq günərzi mərkəzə cəlb edilib. Məktəbdə uşaqların təlim-tərbiyəsi ilə 139 müəllim və tərbiyəçidən ibarət işçi heyət məşğul olur.
Məktəb otaqları və fənn kabinetləri ən müasir avadanlıqlarla təchiz olunub. Ən maraqlısı odur ki, Mehriban xanım Əliyeva kimsəsiz məzunlar olan Nərgizlə Vüqarın və Ceyranla Fərhadın məktəbdə keçirilən toy məclisində bir ana kimi iştirak edərək onlara xeyir-dua verib. 2013-cü ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da bu internat məktəbində olub. Leyla xanım məktəb kollektivi və şagirdlərlə çox sıx təmasda olub və onların problemləri ilə maraqlanıb. Onun bu diqqət və qayğısını şagirdlər hələ də xatırlayırlar.
İnternat məktəb yeni fənn kabinetləri (kimya, fizika, biologiya və s.) ilə və lazım olan bütün tədris vəsaitləri ilə təmin olunmuşdur. Əsaslı yenidənqurma işləri çərçivəsində internat məktəbinin tədris korpusu da müasir səviyyədə təmir edilib. Burada Ulu Öndərin büstü qoyulub, fizika, kimya, biologiya laboratoriyaları şagirdlərin ixtiyarına verilib. Korpusun kitabxanası, dərs və kompüter otaqları, həmçinin idman zalı da müasir səviyyədə qurulub.
Burada şagirdlərin müxtəlif peşələrə yiyələnməsi və gələcək həyatlarında özlərini təmin etmək üçün şərait yaradılmışdır. Belə ki, müxtəlif dərnəklərin fəaliyyəti genişləndirilmiş, şagirdlərə taxta üzərində oyma, tikiş və toxuma ilə bərabər müxtəlif sənətlər (qabilen, izonit, keramika, dulusçuluq, mozayka, xalçaçılıq və s.) öyrədilir. İnternat məktəbində şagirdlərin marağını nəzərə alaraq onlar üçün “Art” studiya yaradılmış və şagirdlərə sənət öyrətmək üçün sənətkarlar, ustalar dəvət edilmiş və onlar təmənnasız olaraq şagirdlərə bir çox sənətləri öyrətmişlər.
Şagirdlərin rəsmə olan marağı inkişaf etdirilmiş, qrafika və animasiya studiyası yaradılmışdır. Şagirdlərin “Qurama “ adlı animasiya studiyasında onlar müxtəlif mövzularda ssenarilər yazır, şəkillər çəkir, onları hərəkətə gətirərək müxtəlif sosioloji yönümlü çarxlar hazırlayırlar. Şagirdlərin hazırladığı əl işləri müxtəlif sərgilərdə və müsabiqələrdə nümayiş etdirilmiş və layiqli yerlər tutmuşdur.
11 nömrəli İnteqrasiya Təlimli İnternat Məktəbinin direktoru Abdullayeva Gülnarə Heybət qızıdır. Gülnarə xanımın rəhbərlik dövründə məktəbdə nizam-imtizam yüksək səviyyədədir, müəllimlər və şagirdlər arasında olduqca səmimi münasibətlər yaranıb. Çünki, G.Abdullayeva hər bir kimsəsiz şagirdə öz övladı kimi yanaşır ki, bu da bütün müəllim və şagirdlərə sirayət olunub. Bu səbəbdən məktəbdə fəaliyyət göstərən müəllim və tərbiyəçilər hər bir şagirdə fərdi qaydada yanaşır, onların problemləri ilə dərindən maraqlanır. Bu isə şagirdlərdə özlərinə inam yaradır, kimsəsiz olsalar da özlərini tam rahat hiss edirlər. Şagirdlərdə vətənpərvərlik hissini aşılamaq üçün məktəbdə “Rəşadətli Azərbaycan Ordusu” fotostend güşəsi yaradılıb. Burada şagirdlərə mütəmadi olaraq şəhidlərimiz və qəhrəmanlarımız haqqında məlumat verilir və onlar haqqında şeirlər səsləndirilir. Hər bir tədbirin keçirilməsində, şagirdlərin dərsə davamiyyətində məktəbin direktoru G.Abdullayeva şəxsən nəzarət edir. Ona görə də məktəbdə şagirdlər arasında Gülnarə xanıma böyük diqqət və qayğı var. Inanırıq ki, G.Abdullayeva bundan sonra da kimsəsiz uşaqların həm elmə yiyələnməsində, həm də vətənpərvərlik ruhunda böyüməsində əlindən gələni əsirgəməyəcəkdir.
Daha çox xəbər:
Mərdəkandakı gimnaziyada və 32 saylı Laçın rayon məktəbində mövcud şəraitlə tanış olub - FOTO
Azərbaycanda bu məktəbin şagirdləri etiraz aksiyası keçirdi - VİDEO
Məktəbəhazırlıq qrupları fəaliyyətə başlayıb
ABŞ-da məktəbi partlatmaq istəyən 3 yeniyetmə tutuldu
Bakı Ali Neft Məktəbinin tələbəsi "Sənaye 4.0-a doğru" layihəsini təqdim etdi