Cəmiyyət
11:07, 29 oktyabr 2019
44
0

Cəmi 50 manat ödəyin, nə məsuliyyətsiz qonşudan qorxun - NƏ DƏ YANĞINDAN

Cəmi 50 manat ödəyin, nə məsuliyyətsiz qonşudan qorxun - NƏ DƏ YANĞINDAN
Bakıda mənzilin birinin sığortalanması illik 50 manatdır, böyük şəhərlərdə illik 40 manat, rayonlarda isə illik 30 manatdır.

2020-ci il yanvar ayının 1-dən etibarən evlərin məcburi sığortalanması ciddi nəzarətə götürüləcək.

Regiitv.az xəbər verir ki, bunu iqtisadçı, fed.az biznes portalının redaktoru Əli Əhmədov Sputnik Azərbaycan-a deyib.

O bildirib ki, "İcbari sığortalar haqqında" qanuna görə, daşınmaz əmlakın sığortalanması məcburidir və bura obyektlər, inzibati binalar, yaşayış sahələri aiddir. Onun sözlərinə görə, obyektlərə və inzibati binalara Fövqəladə Hallar Nazirliyi nəzarət edir və onlar sığortalanır. Əslində mənzillərin və evlərin sığortası məcburidir, sığortalanma olmayanda evlərin sahibləri cərimə edilməlidir. Bu məsələ "İcbari sığortalar haqqında" qanunda çoxdan nəzərdə tutulub, amma bunun üzərinə o qədər də ciddi gedilmirdi. Çünki nəzarət mexanizmi tam formalaşmamışdı və bu, mümkün deyildi. Yalnız bir halda – notariusdan keçəndə evləri sığortalamağa məcbur edirlər. Notarius vasitəsilə evlər alınıb-satılanda, girov qoyulanda və yaxud digər formada əməliyyat aparılanda evlərin məcburi şəkildə sığortalanması tələb edilir və onda evlər sığortalanır.

"Amma indi nəzarət etmək üçün məlumat bazalarının inteqrasiyası prosesi gedir, sistemlər birləşdirilir. Sistemlərin birləşdirilməsi üçün işlər bu ilin sonunda başa çatacaq. Ona görə də bu sistem gələn ildən işə düşəcək. İcbari Sığorta Bürosunun sistemində "kupça"sı olanlar görünəcək və bilinəcək ki, hansı mənzilin sığortası var və ya yoxdur. Əgər mənzilin sığortası yoxdursa, avtomatik olaraq həmin şəxsin mailinə və yaxud telefonuna mesaj göndəriləcək. Bu sistemin qurulması prosesi ilin sonunadək başa çatacaq və 2020-ci il yanvar ayının 1-dən etibarən evlərin məcburi sığortalanması ciddi nəzarətə götürüləcək", - deyə iqtisadçı qeyd edib.

Sığortanın qiymətlərinə gəlincə, iqtisadçı deyib ki, Bakıda mənzilin birinin sığortalanması illik 50 manatdır, böyük şəhərlərdə illik 40 manat, rayonlarda isə illik 30 manatdır:
"Bakıda 50 manatın müqabilində maksimum 25 min manatlıq sığorta ödənişi ola bilər. Böyük şəhərlərdə 40 manatın müqabilində maksimum 20 min manat, rayonlarda isə 30 manatın müqabilində maksimum 15 min manat sığorta ödənişi ola bilər. Məsələn, Bakıda ev 50 manata 1 il müddətində sığortalanıbsa, hadisə baş versə, evin sahibinə maksimum 25 min manatadək ödəniş ola bilər. Bu, çox böyük məbləğdir".

Ekspertin sözlərinə görə, daşınmaz əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur: "Yanğın; elektrik naqillərində baş verən qısa qapanma; su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma; təbii fəlakətlər və s. Məsələn, qonşu mənzildən su axıb sizin mənzilinizin təmiri korlanıbsa, sığorta şirkəti bunu təmir edir", - deyə o, bildirib.

"Bakıda bir ev üçün maksimum 25 min manatlıq sığorta ödənişi var. İndiki evlər bahadır, demək olar ki, 40 min manatdan aşağı ev yoxdur. Kimin 100 min manatlıq evi varsa, 25 min manatı çıxmaqla yerdə qalan 75 min manatı ayrıca könüllü sığortalaya bilər və bu, bahalı da deyil. Yəni kiçik məbləğə sığortalaya bilər. Məsələn, 200 manat verib evi tam məbləğdə sığortalamaq olar. Bahalı evlərdə ən yaxşısı odur ki, icbari sığortanın üstünə bir balaca artıq məbləğ ödəyib evi tam məbləğdə könüllü sığortalasınlar", - deyə ekspert əlavə edib.
Onun dediyinə görə, sığortaya evin əşyaları daxil deyil, ancaq evin konstruksiyası aiddir. Yəni evini sığortalayan şəxs o qədər də böyük məbləğ vermədən əşyalarını da ayrıca sığortalaya bilər. Sığorta şirkətlərinin belə paketləri olur. Bu, 50 manata aid deyil, bunun üçün əlavə ödəniş etmək lazımdır. Məsələn, evdə kiçik yanğın olub və əşyalar yanıb, amma ev salamatdır. Buna sığorta ödənişi düşmür. Amma evin təmiri xarab olubsa, sığorta ödənişi edilir. Evdə 1000 manatlıq şkaf yanıbsa, sığortanın ona aidiyyəti yoxdur. Amma müştəri evin əşyalarını ayrıca sığortalaya bilər.

Əhmədov qeyd edib ki, əgər ev 50 manata 1 illiyə sığortalanıbsa, yarım ildən sonra gəlib evi sökürlərsə, yarım illiyin sığorta haqqı (25 manat) şəxsə geri qaytarılır: "Bu, belə də böyük məbləğ deyil. Amma ev üçün 50 manat əla məbləğdir ki, evini qoruyasan. Hazırda "kupça"sı olmayanlar da evini sığortalaya bilirlər. Amma bu, vətəndaşın öz müraciətindən asılıdır. Nəzarət "kupça"lar vasitəsilə olacaq. Kimin "kupça"sı yoxdursa, əlində kiçik sənədi varsa belə onunla evini sığortalaya bilər. Adətən sığorta şirkətləri bundan imtina etmirlər. Amma vətəndaşlar evlərini sığortalamaqda maraqlı olmalıdırlar".

Ekspert deyib ki, evini sığorta etdirməyənləri 30 manat cərimə gözləyir. Cərimə olunduqda şəxs 20 gün ərzində icbari sığorta müqaviləsini bağlamalıdır.
İcbari Sığorta Bürosunun direktoru Rəşad Əhmədov deyib ki, Əmlak Məsələri üzrə Dövlət Komitəsi ilə inteqrasiya baş tutduqdan sonra hər bir əmlakın çıxarışında qeyd edilən unikal nömrə istifadə edilərək dəqiq məlumatlara çatmaq mümkün olacaq və elektron qaydada sığorta şəhadətnaməsi hazırlanaraq şəxsin elektron şəxsi kabinetinə göndəriləcək.

Onu da bildirək ki, "İcbari sığortalar haqqında" qanuna görə, yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin icbari sığortası onların konstruktiv elementlərinə, otaqlarına, o cümlədən şüşələr də daxil olmaqla qapı və pəncərə konstruksiyalarına, su, kanalizasiya və qaz təchizatına, habelə istilik sisteminə aid borulara, rabitə, elektrik və digər naqillərinə, bəzək elementlərinə, o cümlədən bütün növ xarici, yaxud daxili mala və suvaq işlərinə, divar, tavan və döşəməyə dəyən zərərlərə təminat verir.
Digər xəbərlər: