Cəmiyyət
Sabiq deputat yenidən məhkəmə qarşısında
"Azərbaycan Beynəlxalq Bank" ASC-dən kredit götürüb qaytarmamaqda təqsirləndirilən sabiq deputat Dünyamin Xəlilovun barəsində olan birinci hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
Anews.az xəbər verir ki, Ali Məhkəməsin hakimi Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları, kassasiya şikayətinin dəlilləri araşdırılıb.
O, barəsində bəraət hökmünün çıxarılmasını istəyir.
Növbəti iclas noyabrın 6-na təyin edilib.
2015-ci ilin yayından Beynəlxalq Banka kredit borcları olan şəxslərin həbsinə başlanılıb. Bu məsələ ilə bağlı bir çox iş adamı və digərləri saxlanılıb. D.Xəlilov və digərləri ümumilikdə 50 milyon manat mənimsəmədə təqsirli bilinirlər. Həmin şəxslər 2016-cı ilin fevral ayında Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat zamanı saxlanılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə sabiq deputat D.Xəlilov 13 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi onun cəzasını 13 ildən 12 il 9 aya endirilib. Daha sonra sabiq deputat kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.
Xatırladaq ki, D.Xəlilov "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevlə birgə daha bir cinayət işində ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, əvvəlki cəzası ilə toplanmaqla qəti olaraq 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.