Cəmiyyət
Direktor: "Bakı Dövlət Sirkinin yeni binasının yeri artıq müəyyənləşib"
Regiitv.az Bakı Dövlət Sirkinin direktoru Vaqif Bağırzadənin apa-ya müsahibəsini təqdim edir.
- Vaqif müəllim, Bakı Dövlət Sirki yeni mövsümə necə hazırlaşır?
- Bildiyiniz kimi, Bakı Dövlət Sirki mövsümi fəaliyyət göstərən teatr-tamaşa müəssisəsidir. Artıq müəyyənləşib, noyabrın 2-də yeni mövsüm açılacaq. Mövsüm açılandan sonra il ərzində 3 fərqli sirk proqramları dəvət edirik. Noyabrda proqramı yola salan kimi yeni il proqramına hazırlaşırıq. Bundan sonra bir də Novruz bayramı ərəfəsində proqramlar təqdim olunur. Sirk proqramları, əsasən, xarici ölkələrdən dəvət edilir. Bunun da subyektiv səbəbləri var. Daha çox dünyanın ən böyük sirk ölkəsi olan Rusiyadan və Ukraynadan sirk truppaları dəvət edirik. Çalışırıq ki, hər dəfə yeni nömrələr gətirək, təkrarçılıq olmasın.
- Avropadan sirk dəvət etmirsiniz?
- Dəvət edirik, ancaq Avropada bizdəki və ya Rusiyada, o cümlədən keçmiş Sovet ölkələrində olduğu kimi stasionar sirklər yoxdur, varsa da, çox azdır. Avropada və dünyanın bir çox yerində əsasən şapitolar (səyyar sirk çadırı – M.A.) fəaliyyət göstərir. Hazırda Avropada göstərilən proqramların tərkibindəki nömrələrin böyük hissəsi keçmiş SSRİ-də göstərilən nömrələrdir. Ona görə də biz Latın Amerikasından, Çindən, Avropadan truppalar dəvət etsək də, üstünlüyü Rusiya sirklərinə veririk. Bunun digər səbəbi odur ki, başqa ölkələrə baxanda Rusiyadan truppaların dəvəti daha ucuz başa gəlir. Nəzərə alaq ki, truppalar özləri ilə sirk ləvazimatlarını, heyvanlarını da gətirirlər, bu da əlbəttə ki, böyük xərc deməkdir. Bunun digər səbəbi odur ki, başqa ölkələrə baxanda Rusiyadan bədii səviyyəsi yüksək olan proqramların dəvət edilməsi daha münasibdir.
- Bakı Dövlət Sirki özünü maliyyələşdirə bilirmi, yoxsa dövlət dəstək olur?
- Biz dövlətdən yalnız əmək haqqı alırıq, qalan bütün xərcləri özümüz qarşılamağa çalışırıq. Hazırda dünya sirklərində belə bir tendensiya var. Əgər artist qastrola gəlirsə, o müəyyən tamaşa sayı qarantiya istəyir. İki-üç tamaşadan ötrü biz proqram gətirə bilmərik. Onlar deyirlər ki, qastrola gəlirsə, ən azı iyirmi tamaşa nümayiş etdirəcək, müqavilələr də bu şərtlə bağlanır. Biz də çalışırıq ki, onların proqram saylarını düzəldək, düzəldə bilməsək belə, hər bir halda müqavilədə nəzərdə tutulan qonorarı ödəməliyik.
- Yeni mövsümdə tamaşaçılar hansı proqramlara baxa biləcəklər?
- Bayaq dediyim kimi, bu il yeni mövsüm noyabrın 2-də açılacaq. Bu dəfə “Water land” adlı eksklüziv lazer və fəvvarələr şousu ilə tamaşaçılarımızın görüşünə gələcəyik. Bu proqramda 170 tonluq su hovuzu, musiqili fəvvarələr, akva-balet, əhliləşdirilmiş heyvanlar və başqa bir-birindən maraqlı nömrələrimiz olacaq. Bizdə təkrar proqramlar heç vaxt olmur. Sirkdə ümumiyyətlə belədir ki, hətta eyni janrdan olan nömrələr də bir-birini təkrarlamır. Deyək ki, makaka meymunları ilə iki nömrə göstərilir. Bunların tryukları, geyimləri, musiqiləri belə fərqlidir.
- Bakı Dövlət Sirkinin truppası varmı, varsa neçə nəfərdən ibarətdir?
- Bizdə yalnız texniki heyət fəaliyyət göstərir, sirk truppası yoxdur. Bizim müxtəlif truppalarda çıxış edən sirk artistlərimiz var. Onlar müqavilələrlə dünyanın bir sıra yerlərində çalışırlar. Biz mütəmadi olaraq dünyanın müxtəlif ölkələrində çıxış edən azərbaycanlı sirk artistlərimizi dəvət edirik. Burda əsas məqsəd ondan ibarətdir ki, tamaşıçılarımız öz artistlərimizi unutmasınlar. Bu artistləri bir yerdə kollektiv şəkildə saxlamaq mümkün deyil.
- Niyə?
- Əgər artistlərimiz daim burda qalsalar, o zaman təkrar proqramlar göstərməyə məcbur olacağıq. Tamaşaçılarımız isə təkrarçılıqdan bezəcəklər. Tamaşaçı hər dəfə gəlib eyni janrdan olan nömrəni görsə, onun üçün maraqsız olacaq. Ona görə də bir dəfə şirlərin attraksionunu göstəririksə, ikinci dəfə başqa heyvanlarla çıxış olur, üçüncü dəfə isə hava uçuşu nömrəsi təqdim olunur. Sirk aktyorları bir yerdə qala bilməzlər. Sirk artistinin teatr aktyorundan fərqi odur ki, teatr aktyoru bu gün “Aydın”da oynayar, sabah “Kral Lir”də, biri gün başqa tamaşada, amma sirkdə təlimçi öz nömrəsini altı-yeddi ilə qurur, bundan sonra onu təqdim edir. O, həmin nömrəni eyni yerdə hər dəfə təqdim edə bilməz. Buna görə də sirk aktyorları məcburdurlar ki, daim qastrollara getsinlər.
- Bakı tamaşaçısı ən çox hansı proqramları sevir?
- Mən 2003-cü ildən Bakı Dövlət Sirkinin direktoruyam, həmişə qeyri-adi proqramlar gətirməyə çalışmışam. Hətta Moskvada lazer şoulu sirk proqramı olmayanda mən Bakıya lazer şousu gətirmişdim. Monte-Karloda qızıl medal qazanmış Giya Eradzenin “Beş kontinent” adlı proqramını ilk dəfə Bakıya gətirmişəm, daha sonra başqa ölkələrdə uğur qazanıb. Burda 80 növ heyvanın şousu göstərilib. 22 ildir, Bakı Dövlət Sirkində fillərin çıxışı olmamışdı, mən Polşadan fil gətirdim. Bizim tamaşaçılarımız çox həssasdırlar. Qonaq gələn artistlər də bunu təsdiqləyir. Dünyanın heç bir sirkində artistə gül vermək ənənəsi qalmayıb, amma bizdə var. Çünki bizim tamaşaçı artisti qiymətləndirə bilir. Kobud dildə desək, sirkdə səhlənkarlıq eləmək mümkün deyil. Artist hər dəfə səhnəyə çıxanda eyni həvəslə çalışmalıdır, çünki səhlənkarlığa yol versə, öz həyatı üçün də təhlükə yarada bilər. Buna görə tamaşaçı da bunu nəzərə alır və qiymətləndirir. Bununla belə, bizim tamaşaçıların daha çox xoşladıqları yırtıcı heyvanlarla olan nömrələr, bir də hava uçuşu nömrələridir. Uşaqlar təbii ki, klounları çox sevirlər. Bizdə son vaxtlar restoranlarda, şadlıq evlərində klounların şouları geniş yayılıb. Ancaq deyim ki, sirkdəki klounlarla restoranlardakı, şadlıq evlərindəki klounlar arasında yerlə göy qədər fərq var. Çünki sənətkar ayrıdır, klounu oynayan aktyor tamam ayrıdır. Onlar kloun deyil, teatr artistidirlər. Peşəkar sirk klounu yaxşı psixoloq, akrobat, təlimçi, janqlyor, musiqiçi olmalıdır. Kloun var ki, nömrəsində həm də illüziya göstərir. Bizim İtaliyada yaşayan Çingiz Şirinov adlı çox yaxşı klounumuz var. Bakıda anadan olub, sonra Moskvada işləyib. Mən onu Bakıya çağırmışdım, bir müddət burda işlədi. Eyni vaxtda iki musiqi alətində çala bilir.
- Sirkin qiymət siyasəti necə müəyyənləşir, proqramdan-proqrama dəyişirmi, yoxsa sabitdir?
- Bahalı, ya ucuz proqram gətirməyimizdən asılı olmayaraq qiymətləri stabil saxlamağa çalışırıq. Biletlərin qiyməti 10-20 manat arasında dəyişir. Ümumiyyətlə, bütün keçmiş SSRİ-də ən ucuz sirk qiymətləri Bakıdadır. Qonşu Gürcüstanda belə sirk biletlərinin qiyməti bizdəkindən bahadır.
- Qiymətləri qaldırmaq haqqında düşünmürsünüz?
- Bu haqda düşünməməyə çalışırıq (gülür).
- Uzun müddətdir, Bakı Dövlət Sirkinin binasının köçülürməsi məsələsi gündəmdədir. Yeni bina nə zaman tikiləcək?
- Əvvəla onu deyim ki, Bakı Dövlət Sirkinin binası 1967-ci ildə istifadəyə verilən zaman dövrü üçün çox unikal layihə olub. Hətta Böyük Moskva Dövlət Sirkinin binası bu layihə əsasında hazırlanıb. Lakin bina fiziki baxımdan artıq çox qocalıb. Binada əsaslı təmir aparmaq da çox çətindir. Çünki bütün infrastruktur yenilənməlidir, bərpa eləsən belə, müasir tələblərə cavab verə bilməz.
- Belə çıxır bina artıq sirk üçün yararlı deyil?
- Yox, o cür də demirəm, sadəcə müasir standartlara cavab vermir. Misal üçün, sirkin ətrafında tamaşa başlayana qədər uşaqların əylənməsi üçün, maşın saxlamaq üçün yer yoxdur. Metroya yaxın, marşrutların intensiv işlədiyi yer deyil. Bura 1967-ci ildə tikiləndə Bakı sakit şəhər idi. Nə bu qədər əhali var idi, nə də bu qədər maşın. Son illərdə Bakı yenidən qurulub, gözəlləşib. Ona görə Mədəniyyət naziri Əbülfəs Qarayev də bu yaxında fikir bildirdi ki, artıq yeni bina tikilməlidir.
- Yeni sirk binasının tikiləcəyi yer müəyyənləşib?
- Gəlin məsələləri qabaqlamayaq. Mən bildiyim qədəri ilə artıq yer də müəyyənləşib. Ancaq bu barədə yəqin ki, tikinti başlayanda məlumat veriləcək.
- Yəqin yeni bina da Bakının mərkəzində olacaq.
- Bəli, mərkəzdə, müasir tələblərə cavab verən bina olacaq. Bir-birindən gözəl bir neçə layihə hazırlanıb, hansı təsdiqlənsə, onun əsasında da yeni bina tikiləcək.
- Tikinti işlərinin nə vaxta bitməsi gözlənilir?
- Bunu demək çox çətindir. Stasionar sirklər böyük komplekslərdir. Binanın tikilməsi ilə, bir dənə manejin quraşdırılması ilə iş bitmir. Bina 1967-ci ildə tikiləndə üç manej var idi, su, buz sirkləri üçün manejlər olub. Təəssüf ki, həmin manejlər hələ ötən əsrin 80-ci illərində dağılıb. Təzə sirkdə bu cür manejlər nəzərdə tutulub.
- Belə çıxır hazırda buz nömrələrinin yer aldığı proqramlar dəvət edə bilmirsiniz?
- Yox, dəvət edirik, sadəcə, buz manejimiz yarasız olduğu üçün çox çətinliklər bahasına buz sirki üçün manej qururuq. Məsələ manejlə də bitmir. Heyvanların saxlanılması üçün, artistlərin qalması üçün yerlər olmalıdır. Ona görə də yeni sirkin tikilməsi bir qədər vaxt alacaq. Əsas məsələ odur ki, bu məsələ cənab nazirin diqqətindədir.
- Sirkdə tamaşaçıların, artistlərin təhlükəsizlik məsələləri necə təmin olunur?
- Təhlükəsizlik məsələlərinə olduqca ciddi şəkildə nəzarət edilir. Xüsusilə vəhşi heyvanların çıxışı zamanı qoruyucu torlardan istifadə olunur. Hava nömrələri nümayişi zamanı isə çıxışdan qabaq kanatlar yoxlanılır. Nəzərdə tutulan bütün təhlükəsizlik tədbirləri yerinə yetirilir.
- Bakı Dövlət Sirkinin özünün heyvanları var?
- Bizim sirkdə heyvan olmur. Bura zoopark deyil. Heyvanlar truppaların özündədir.
- Dünyanın bir sıra sirkində heyvanlardan ibarət nömrələrdən imtina edilir. Bakı Dövlət Sirki də belə bir addım ata bilər?
- Bakı Dövlət Sirkində heyvanların təlim prosesi aparılmadığına görə bizim belə bir problemimiz yoxdur. Ancaq tamaşaçıların tələbi ilə heyvanlardan ibarət nömrələrin çıxışı üçün truppalar dəvət edirik. Bundan başqa, bizim qanunvericilikdə təlim keçmiş heyvanların sirkdə çıxışı ilə bağlı hər hansı qadağa təyin olunmayıb. Mənə elə gəlir ki, bu məsələ çox şişirdilir. Çünki təlimçilər heyvanlara öz ailə üzvləri kimi qayğı ilə yanaşırlar. Heyvanlar çox vaxt təlimçilərin evlərində böyüyürlər. Zapaşniy qardaşları var, bir pələngləri elə evlərində onlarla birgə yaşayır.
- Belə çıxır “sirkdə heyvanlara zülm verirlər” ajiotajı nahaqdır?
- Mən deyərdim ki, 99 faiz nahaqdır. Çünki təlimçi əgər heyvana sevgi verməsə, heyvanla işləməz. Başqa bir tərəfdən isə olar bilər ki, hansısa təlimçi heyvanı nə vaxtsa cəzalandırsın, bu da çox normaldır. Çünki evdə də insan övladını tərbiyə edən zaman bəzən cəzalandırmağa məcbur qalır. Bu o demək deyil ki, valideyn övladını sevmir? Ola bilsin heyvan nəsə şıltaqlıq edəndə təlimçi onu cəzalandırsın. Amma bütün təlimçilərin gəldikləri yekdil qənaət var: heyvana sevgi ilə yanaşmasan, onu təlim etdirə bilməzsən.
- Sirk heyvanları da “pensiya”ya çıxır?
- Bəli, çıxır. Heyvanlar qocalanda onu, adətən, zooparka verirlər.
- Vaqif müəllim, bizim tamaşaçıların sevdikləri nömrələrdən danışdıq, bəs sevmədikləri nömrələr hansılardır?
- Bilirsiniz, bunu demək çox çətindir. Çünki bəzən nisbətən zəif nömrəni tamaşaçılar daha çox bəyənirlər, amma çətin tryukları olan nömrəni bəyənmirlər. Ağ ayıların buz üzərində konki sürməsi çox müstəsna sirk nömrələrindən biridir. O proqram Bakıya gəlib, bizim tamaşaçılar baxıb deyiblər ki, bundan başqa heyvan yoxdur? Ayıdan artıq nə heyvan gətirim? (gülür) Yəni hərə bir nömrəni qəbul edir. Dünyada ilk dəfə ağ, yəni albinos pələnglərin attraksionunu Bakıya gətirdim. Ağ pələnglər o biri pələnglərdən fərqli olaraq bir az ləngdirlər. Bizim tamaşaçılar da baxıb deyirlər ki, bu pələnglər tənbəldirlər, həvəslə hərəkət etmirlər. Əlavə izahat verməyə məcbur qalırsan. Ona görə də gərək tamaşaçı da hazırlıqlı olsun. Bunun üçün insanlar uşaq yaşlarından sirkə alışdırılmalıdırlar.
- Məktəblərlə əlaqələrinizi necə qurursunuz? Əvvəllər məktəblərə sirk biletləri paylanırdı, bu ənənə yenə qalıbmı?
- Yox, artıq o ənənə qalmayıb. Məsələ burasındadır ki, bizə məktəblərdən və valideyn komitələrindən çox müraciət edilir. Uşaqlar sirkə məktəbdən kollektiv şəkildə gələndə bu valideynlər üçün də rahat olur. Çünki uşaqlar ayrı-ayrılıqda sirkə gəldikdə gərək valideyn buna xüsusi vaxt ayırsın. Buna da hər adamın vaxtı olmur. Bu baxımdan valideynlərə məktəbdən kollektiv sifarişlə bilet almaq sərf edir. Həm də uşağa valideyndən çox yaşıdları ilə sirkə gəlmək maraqlıdır. Təəssüf ki, mövcud qaydalara görə məktəblərə bilet paylamağa icazə yoxdur.
- Bizdə sirk artisti yetişdirən təhsil müəssisələri varmı?
- Yox, sovet dövründə də belə təhsil müəssisələri yalnız Rusiyada idi. Hazırda Ukraynada da var. Sirk aktyorları, adətən, ənənə ilə yetişirlər. Yəni sirk artistlərinin uşaqları da valideynlərinin yolu ilə gedirlər. Sirk elə bir sənətdir ki, valideyndən övlada keçir.
- Bayaq dediniz ki, Avropada stasionar sirklər çox azdır. Bəlkə bizdə yeni sirk binası tikilməsi əvəzinə şapito qurulsun, bu daha ucuz başa gələrdi.
- Bakı küləkli şəhər olduğu üçün burda şapitonun qurulması münasib deyil. Bizdə elə külək olur ki, ona heç bir şapito davam gətirə bilməz. Bundan başqa, stasionar sirklərə məxsus elə nömrələr var ki, onları şapitoda göstərmək mümkün deyil. Ona görə stasionar sirkin tikilməsi çox xərc tələb etsə də, daha əlverişlidir.
Daha çox xəbər:
"YouTube"da rekord qıran azərbaycanlılar Rusiyanın ən reytinqli verlişinə dəvət edilib
Qəhvənin bu xeyri yeni aşkarlanıb - İki fincan, iki il artıq yaşamaq...
Putin Ərdoğanı Rusiyaya dəvət etdi
Bakı Ali Neft Məktəbinin tələbəsi "Sənaye 4.0-a doğru" layihəsini təqdim etdi
Bakıda tramvay və trolleybusların bərpa olunacağı vaxt açıqlandı