Siyasət
11:27, 02 oktyabr 2019
64
0

Yeni fond yaradıldı - Baş nazirdən qərar

Yeni fond yaradıldı - Baş nazirdən qərar
Nazirlər Kabineti “Dövlət Əməyin Mühafizəsi Fondunun yaradılması və Əsasnaməsinin təsdiq edilməsi haqqında” qərar verib.

Oxu.Az-ın xəbərinə görə, bununla bağlı Baş nazir Novruz Məmmədov qərar imzalayıb.

Əsasnamə Dövlət Əməyin Mühafizəsi Fondunun idarə olunması və onun vəsaitlərindən istifadə edilməsi qaydalarını tənzimləyir.

Fondun məqsədi ölkədə əməyin mühafizəsi sahəsində vahid dövlət siyasətinə uyğun olaraq həyata keçirilən əməyin mühafizəsi tədbirlərinə maddi-texniki dəstək verməkdən ibarətdir.

Fondun idarə edilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir.

Fondun vəsaiti aşağıdakı mənbələr hesabına formalaşdırılır:

- istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanı həyata keçirən sığortaçıların könüllü ödəmələrindən;

- müəssisələrin və vətəndaşların könüllü ödəmələrindən və başqa ödəmələrdən.

- Fondun vəsaiti Nazirliyin büdcədənkənar xüsusi xəzinə hesabında yığılır və nazirlik bu vəsaitlər üzərində sərəncam verir.

Maliyyə ilinin sonuna Fondun hesabında qalan xərclənməmiş vəsait növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilir və bu Əsasnaməyə uyğun olaraq istifadə edilir. Fondun vəsaiti Azərbaycan manatı və xarici valyutalarla formalaşdırılır. Fondun vəsaiti bu Əsasnamədə nəzərdə tutulmayan məqsədlərə istifadə edilə bilməz.

Fondun vəsaitindən aşağıdakı istiqamətlərdə istifadə olunur:

- əməyin mühafizəsi üzrə elmi tədqiqat işlərinin maliyyələşdirilməsinə;

- əməyin mühafizəsi üzrə mütəxəssislərin hazırlanmasına;

- əməyin mühafizəsi normaları, standartları və qaydalarının hazırlanmasına;

- əməyin mühafizəsi sahəsində təbliğat və maarifləndirmə işlərinə;

- əməyin mühafizəsi sahəsində fəaliyyət göstərən dövlət orqanlarının maddi-texniki bazasının yaradılmasına və inkişafına (o cümlədən, texnoloji qurğuların, cihazların, avadanlıqların, nəqliyyat vasitələrinin, qeyri-maddi aktivlərin, mal-materialların və ləvazimatların alınmasına, əsaslı və cari təmirinə);

- əməyin mühafizəsi sahəsində nəzarət və monitorinqlərin təşkilinə və həyata keçirilməsinə;

- Nazirliyin işçilərinin kollektiv və ya fərdi qaydada mükafatlandırılmasına;

-əmək münasibətləri, məşğulluq, sosial müdafiə və təminat sahəsində dövlət və regional proqramların hazırlanmasına və yerinə yetirilməsinə.

Fondun vəsaitlərindən istifadə olunması haqqında ilin yekunlarına görə hesabat Nazirlik tərəfindən hazırlanaraq, Maliyyə Nazirliyinə təqdim olunur.

Fondda olan vəsaitlərdən səmərəli istifadə olunmasına Nazirlik və Maliyyə Nazirliyi tərəfindən nəzarət edilir.

Qeyd edək ki, qərar Prezidentin 2019-cu il 24 iyul tarixli 1347 nömrəli sərəncamının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədilə verilib.
Digər xəbərlər: